07/06/2023
Alp Arslan
Səlcuqlu Türkləri Türk-İslam tarixinə dörd böyük imperator (Toğrul Bəy, Alp Arslan, Məlikşah və Sultan Səncər) bəxş etmişlər ki, bunlardan biri də dünya tarixində dönüş yaradan, sağlığında belə “Cahan Sultanı”, “Fatehlər Atası”, “Adil Sultan” adlandırılan, “Malazgirt qəhrəmanı” Alp Arslandır…
Alp Arslanın doğum tarixi müxtəlif mənbələrdə 1029-1032-ci illər arasında götürülür. Böyük Səlcuq dövlətinin qurucularından olan Çağrı bəyin oğlu və Səlcuqlu sultanı Toğrul bəyin qardaşı oğlu Alp Arslan dövlətin yarandığı bir dövrdə, çətin şəraitdə böyümüş, kiçik yaşlarından hərbi işlərlə məşğul olmuşdur. Əmisi Sultan Toğrul Bəy öldüyü zaman isə Alp Arslan 34 yaşında idi. Bir sıra meydan müharibələrində qələbə qazanan Alp Arslan çox şöhrətli bir komandan olaraq tanınırdı. Xorasan kimi Səlcuqlu Türk İmperatorluğunun ən mühüm əyalətinin başında duran Alp Arslanı atası Çağrı Bəy öldükdən sonra əmisi Sultan Toğrul Bəy onun yerinə “Əmir” təyin etmişdi.
Şərqin və Qərbin hakimi Toğrul bəyin vəfatından sonra isə onun övladı olmadığı üçün hakimiyyətə Alp Arslanın ögey qardaşı Əmir Süleyman keçdi. Lakin onun hakimiyyəti uzun sürmədi. Alp Arslan öz tərəfdarlarının köməyi ilə onu məğlub edərək hakimiyyəti ələ aldı və 36 yaşında sultan elan olundu. Onun dövründə Səlcuq dövləti qüdrətli bir dövlətə çevrildi.
Bir dəfə Sultan Alp Arslan qoşunu ilə Bizans torpaqlarına sarı irəliləyərkən kəşfiyyata göndərilən əsgərlərdən biri onun hüzuruna gələrək təlaşla söyləmişdi: “300 min düşmən ordusu bizə çox yaxınlaşmışdır”. Alp Arslan da halını pozmadan demişdir: “Biz də onlara yaxınlaşmışıq”.
Alp Arslan taxta çıxdıqdan sonra bütün təbəələrini ildə iki dəfə alınan xəracdan azad etmiş, hər il Ramazan ayında Bəlx, Morv, Hərat və Nişapurun ehtiyacı olan əhalisinə bəxşiş paylamışdır. Deyilənlərə görə, elə həmin dövrdə o, vəziri Nizam əl-Mülkin qanunsuz topladığı sərvət barədə məktub vasitəsilə xəbər tutur və onu hüzuruna çağırıb belə deyir: “Al bu məktubu oxu və əgər burada yazılanlar həqiqətdirsə, xasiyyətini dəyiş. Yox, əgər yalandırsa, cəsarətinə görə həmin şəxsi bağışla və ona divanda mühüm bir iş ver ki, belə adamlar yalan və böhtandan əl çəksinlər”.
Dostlarına və itaət edən rəqiblərinə qarşı hədsiz iltifatlı, xəyanətkarlığa qarşı isə çox amansız olan sultan həyatı boyu iki dəfə ailə qurub. Birinci həyat yoldaşı Aka, ikinci isə Səfərriyə Xatun olub. Onun iki izdivacdan Muizzəddin Məlikşah, Tacüddevlə Tutuş, İzzəddin Arslan Argun, Böri Bars, Tuğrul, Ayaz, Togan, Arslan, Tekiş, Ayşe və Züleyxa adlı övladları dünyaya gəlib.
Böyük Türk Xaqanı gənc yaşda bir sui-qəsdə qurban gedib. Belə ki, Alp Arslan 9 illik sultanlıqdan sonra 43 yaşında hiylə ilə onun yanına soxulan bir qaraxanlı qala mühafizi tərəfindən xəncərlə qətlə yetirilmiş, Mərvdə dəfn edilmişdir. O, xain qala komandanı tərəfindən qətlə yetirilərkən: “Türküstan səfərində bir təpə üzərinə çıxdığımız vaxt ordumun əzəmətindən və əsgərlərimin çoxluğundan altımda yerlərin titrədiyini hiss edir və öz-özümə: Mən dünyanın hökmdarıyam. Heç bir qüvvə mənə qarşı çıxa bilməz. Bu ordu ilə Çini belə fəth edərəm deyirdim. Bu qürur üzündən belə bir vəziyyətə düşdüm. Halbuki, hər səfərə çıxışımda Allahdan yardım diləyirdim”, – deyərək təkəbbürün, lovğalığın kimsəyə xeyir gətirməyəcəyini bəyan etmişdi…
Yunus Əmrə
Türk dünyasının böyük mütəfəkkiri və sufi şairi Yunus Əmrə… Sufiliyin azmanlarından sayılan, Azərbaycanda beş şagirdi olan, “şeyx” və “pir” kimi tanınan bu şairin həyatı da ruhu tək qarışıq olub…
Bu övliya şairin doğulduğu yer hələ də tam olaraq elm aləminə dəqiq məlum deyil. Elə bu səbəbdəndir ki, şairin doğum və ölüm yerinin bu vaxta qədər dəqiq məlum olmaması müasir elmi araşdırmalarda birmənalı olmayan fikir və mülahizələrə gətirib çıxarır.
Bəzi mənbələrdə verilən məlumata görə, Yunus Əmrə Porsuq çayının Sakaryaya töküldüyü yerdə – Sərfi kəndində dünyaya gəlib. Osmanlı imperiyasının dövründə yaşayıb-yaradan şairin atasının adı İsmayıl olub. Uşaq ikən məktəbə getsə də əlifbanı öyrənmədən təhsilini yarımçıq qoyub. Sonralar isə mədrəsə təhsili alan şair Tapdıq Əmrə adında şeyxə şəyirdlik edib.
Şairin adına gəlincə isə ailəsinin həqiqətən də ona Yunus adını verib-vermədiyi məlum deyil. Lakin onun adını günümüzə gətirən şeirləri olub. Çünki demək olar ki, hər şeirində adının Yunus olduğunu qeyd edib. Bəzi şeirlərində isə ləqəbinin Əmrə olduğu vurğulanıb.
Həyatı boyu əsasən əkinçiliklə məşğul olmuş Yunus Əmrə orta səviyyədə ömür sürmüşdür. Həyatını dərvişlik etməklə keçirən şairin ailə qurması haqqında fərqli fikirlər olsa da, iki dəfə evləndiyi, iki oğlu və bir qızının (İbrahim, Fatimə, İsmayıl) olduğu güman edilir.
Onun Türkiyə-Anadolu ədəbiyyatı tarixində olduğu kimi, Azərbaycan poeziyasının inkişafında da özünəməxsus yeri vardır. Mövlana Cəlaləddin Ruminin məclislərinin iştirakçısı olan şair Anadolunun bir çox kəndlərini gəzmiş, Azərbaycana və Şama da səfər etmişdir. Azərbaycanı çox sevən Yunus Əmrə 600 beytlik “Risalətün Nushiyyə”də birbaşa ölkənin adını çəkməsə də ondan 19 dəfə bəhs edib. Azərbaycanda ocaq, pir, dərgah bildiyi iki məkanı ziyarət edib: Şirvanda – “Əli ocağı”, Qax rayonundakı Oncallı kəndindəki dərgah. Hətta deyilənlərə görə, şair həmin yerlərə səfər edəndə 5 azərbaycanlı dərvişi özünə şagird də elan edib: gəncəli Abdulla Heyrani, şirvanlı Hüseyn Əli, qarabağlı İlyas Pəhləvan, şamaxılı Yusif Qavvas və naxçıvanlı Həsən Cüneyd. Yunus Əmrə Qaxı tərk edəndən sonra isə onun şagirdləri də dərgahdan gediblər.
Yunus Əmrənin şeirləri ilə bağlı Anadoluda xalq arasında maraqlı bir rəvayət dolaşmaqdadır. Rəvayətə görə, onun vəfatından təxminən yüz il sonra (bəzi rəvayətlərdə isə Yunus Əmrənin sağlığında) Molla Qasım adlı özünü alimlər alimi hesab edən birisinin əlinə Yunus Əmrənin şeirləri keçir. O, bir çayın başında bu şeirləri oxuyur və onlardakı mənaları anlamadığı üçün: – Bunlar da şeirdirmi?, – deyə çaya atırdı. Nəhayət, şeirlərin birində bu misraları oxudu:
Dərvis Yunus, bu sözü əyri-bəyri söyləmə
Səni sınağa çəkər bir Molla Qasım gəlir.
Bu sözləri oxuyan Molla Qasım, o anda səhv etdiyini anlayır və böyük bir peşmanlıq içində: “Ay Allah, mən nə etdim! Qoca bir ümmandan xəbərim olmadı. Halbuki, bir ruhi və mənəvi hikmət xəzinəsi tapmışdım. Mən bunu anlaya bilmədim. Amma o, 100 il bundan əvvəl mənim halımdan xəbərdar imiş”, – deyə ağlamağa başlayır. Sonra şeirlərin qalan hissəsini öpərək gözünün üstünə qoyur və onları mühafizə etməyə başlayır.
Təriqət əhli və söz adamı kimi özünəməxsus nüfuz qazanmış Yunus Əmrənin 82 yaşında dünyasını dəyişdiyi güman edilir. Şairin harada vəfat etməsi isə dəqiq məlum deyildir. Türkiyədə on dörd yerdə (Əskişəhər – Sarıköydə, Qaramanda, Bursada, Əmrə Sultan kəndində, Ərzurum – Dutçu kəndində, İspartanın Keçiborlu qəsəbəsində, Aksarayda, Sandıklıda, Ünyedə, Sivas ətrafında və s.), Azərbaycanda isə Qax rayonunun Oncallı kəndində Yunus Əmrəyə aid edilən məzarlar vardır.
Deyl Karneqi
Məşhur amerikalı yazar, psixoloq, pedaqoq, natiq, dostluğun təbliğatçısı Deyl Brekendric Karneqi… İlk baxışdan adama elə gəlir ki, insanlarla pozitiv əlaqələrin qurulması nəzəriyyəsini yaratmış bu yazıçının xoşbəxt və uğurlu həyatı olub. Amma sən demə, belə deyilmiş…
Deyl Karneqi Missuri ştatında fermer Ceyms Uilyam Karneqi və Amanda Elizabet Haribsonun ailəsində doğulub. Atasının qazancı az olduğundan ailə bəzən çörək və suyla keçinməyə məcbur olub. Karneqi cütlüyünü sevindirən tək şey kiçik oğulları Deyl idi. Bir yerdə qərar tuta bilməyən və ünsiyyətcil bir uşaq olan Karneqi nəinki sinif yoldaşlarıyla, hətta müəllimləri ilə də hər cür mövzuda müzakirə aparmaqdan çəkinmirdi. Onlar da öz növbələrində Deyli böyük gələcəyin gözlədiyinə inanırdılar. Amma məktəbi bitirən bu ünsiyyətcil oğlan uzun müddət cəmiyyətdə mövqe qazana bilmir. Əvvəlcə kuryer işləyir, sonra aktyor olur və yalnız bundan sonra natiqlik dərsləri vermək qərarına gəlir. Amma əvvəl kollec bitirmək lazım idi. Oğlanları Uorrensberq pedaqoji kollecinə daxil olsun deyə valideynləri bütün pullarını xərclədilər. Kolleclər o vaxtlar tələbələri yataqxana ilə təmin etmirdi, hətta ən ucuz otaq tutmaq belə Karneqi ailəsi üçün çətin idi. Buna görə Deyl fermada valideynlərilə yaşamağa məcbur olur. O, hər gün xoruz banından əvvəl durur, pəyəni təmizləyir, bəzən səhər yeməyi yemədən atla altı mil çaparaq dərsə getməli olurdu.
Bu, hələ dərdin yarısı idi. Kollecdə, əlbəttə, yoxsul tələbələr də oxuyurdular, amma onların sayı heç on nəfər də deyildi. Bütün qalan tələbələr təmin edilmiş ailələrdən çıxmışdılar. Onlar çox gözəl binalarda özlərinə mənzil tutur, dəbdə olan paltarlar geyinib sinifdə lovğalanırdılar. Deyl isə fermada da, evdə də, məktəbdə də eyni geyimdə olurdu. Məlumdur ki, sinif yoldaşları kasıb, yaraşıqsız, yöndəmsiz və özünə tamamilə inamsız olan, kompleksli Karneqini bəxtsiz cavan hesab edirdilər. Amma istənilən kasıb insan kimi, o da “böyümək” və öz yaşıdlarını ötüb keçmək istəyirdi. Və Deyl onu varlı uşaqlarından fərqləndirən yeganə üstünlüyünü tapdı – natiqlik məharətini. Karneqi deyirdi ki, o təkcə kollecdə öz nitqini məşq etdirmirmiş, fermada, evdə də buzovla, atla, qoyunlarla danışırmış. İlk vaxtlar bunun bir faydası olmur. Kurs yoldaşları yenə də ona gülür, zarafat edirdilər. Bir ara ruh düşkünlüyünə uğrayan gənc Karneqi, hətta həyatla vidalaşmaq haqda da düşünür. Amma dərhal özünü ələ alaraq yenidən məşqlərə başlayır. Tezliklə fermerlərə natiqlik dərsləri vermək qərarına gələn Karneqi bu məqsədlə qəzetlərə elan yerləşdirir. Amma sağım, məhsul yığımı, alaq işlərini atmaq istəyənlər tapılmır. Deyl yenidən depressiyaya düşür. Hər şeyi atıb son puluna Omahu şəhərinə (Nebraska ştatı) bilet alır. Orada özünə otaq tutub bekon, sabun və sala satışı üzrə agent vəzifəsində çalışmağa başlayır. Burada gərgin işləsə də macal tapıb insanlarla ünsiyyət qurmaq haqqında balaca bir kitab yazır. Çox keçmir ki, Deyl Karneqinin ən məşhur kitabı işıq üzü görür: “Necə dost qazanmalı və insanlara təsir göstərməli”. Kitabın əsas şüarı belə idi: “Müvəffəqiyyət qazanacağına inan və sən ona nail olacaqsan”. Deyl Karneqinin bu kitabı dünya bestsellerlərindən biri oldu.
Karneqi ABŞ-da meqaulduza çevrildi. O, öz məsləhətlərini hamıyla və hər sahədə paylaşırdı; biznesmenlərə – biznesdə, fermerlərə – kənd təsərrüfatında, qadın və kişilərə – şəxsi münasibətlərdə. Karneqinin şəxsi həyatının müvəffəqiyyətsiz olduğunu isə çox az adam bilirdi, onun birinci nikahı boşanmayla bitmişdi, ikinci nikahda bir qızı dünyaya gəlsə də Deylə bədbəxtlik gətirmişdi. Amma bu məlumatlar ictimaiyyət üçün deyildi, o xoşbəxt ailə başçısı rolu oynayırdı.
Deyl Karneqinin həyatının sonu da kədərlidir. Belə ki, Limfoma (limfa düyünlərinin bədxassəli şişi) diaqnozu qoyulan yazıçının bu xəstəlik səbəbindən öldüyü bildirilir. Lakin digər bir versiyaya görə isə müalicə nəticə vermədiyindən xəstəliyə tab gətirə bilməyən Karneqi 66 yaşında özünə qəsd edərək həyatına son qoyub…
respublika-news.az