12/07/2023
Hüseyn Arif
Azərbaycanın xalq şairi, könüllərdə gözəl şeirləri ilə yuva quran Hüseyn Arif… Daha çox zarafatçıl insan kimi tanınan, oğlunun ölümündə özünü günahkar bilən və ateist olan bu şairimiz olduqca həssas qəlbə malik biri kimi yaddaşlarda qalıb…
Ağstafa rayonunun Yenigün kəndində dünyaya gələn şair, Qaçaq Kərəmin soyundan olub. İkinci Dünya müharibəsi başlayanda orduya çağırılıb, müharibədə iştirak edib.
Şair gənc ikən məşhur aşıq Aşıq Mirzənin qızını sevib.Ancaq qovuşmayıblar.Sonralar şair Məleykə adlı qızla ailə qurub. Bu izdivacdan şairin Arif, Zöhrə, Səhər adlı övladları dünyaya gəlib. Deyilənə görə, uşaqları ona “ata” yox,”Söyün qağa” deyə müraciət edirmiş.
Daha çox lətifələr qəhrəmanı kimi tanınan Hüseyn Arifin ömrünün xeyli hissəsini dərdqəm içində keçirən biri olduğunu çox adam bilmir. Tək oğlu Arifin ölümü onun həyatını alt-üst edib. 21 yaşlı oğlu avtomobil qəzasında öləndən sonra Hüseyn Hüseynzadə Hüseyn Arif imzasıyla yazır. Başına gələn faciədə özünü günahkar bilən şair ovçuluq etdiyi zamanlarda ovladığı heyvanlar haqda ürək ağrısı ilə yazıb və sonda şeiri belə misra ilə bağlayıb: “Bu qan səni tutasıydı, tutdu da”…
Çoxu bu faktı da bilmir ki, Hüseyn Arifi gerçək bir lətifə qəhrəmanına çevirən Rəfiq Zəka Xəndan olub. Onun güclü yumor hissi varmış və Hüseynlə bağlı əhvalatların çoxunu o düz-qoş edirmiş. Rəfiq Zəkanın atası Cəfər Xəndan Hüseyn Arifin müəllimi olub və ailəvi dostluq ediblər.
Şairin evində üst qonşularının su xəttində problem olduğundan, otaqlarının biri həmişə damırmış. Yuxarı qalxıb nə qədər desələr də xeyri olmurmuş. Bir gün Ağstafadan qohumu gəlir, Hüseyn Arif onu daman otağa aparıb deyir:
– Gəl-gəl, bura çox mənzərəlidir, elə bil Qazaxın “Damcılı bulağ”ıdır.
Deyilənə görə, Hüseyn Arifin zəngin kitabxanası olub. Orta məktəbi də çox yaxşı oxuyan şairi bu səbəbdən üçüncü sinifdən beşə, beşdən yeddiyə keçiriblər. Ömür boyu xalq şeirinə sədaqətli olan, milli-mənəvi dəyərləri yüksək tutan, sazı həddindən artıq çox sevən Hüseyn Arif dini düşüncələrinə görə qatı ateist olub. Sələflərindən fərqli olaraq şeirlərində Allah sözü və dini-irfani kontekst demək olar ki, yoxdur. O, övladlarının da dinə meyillənməsinə imkan verməyib. Uşaqlarını da o ruhda tərbiyə edib. Yəqin bu səbəbdən ağsaqqal dediyi dostu İsmayıl Şıxlı öz aralarında H.Arifə “kafir” deyirmiş.
68 il ömür sürən şair doğulduğu kənddə dəfn olunub. Kim bilir, bəlkə də oğul dağı olmasaydı, daha neçə il yaşaya bilərdi…
Aleksandr Qreham Bell
Bütün dünya onu telefon ixtiraçısı kimi tanıyır. Müxtəlif şəhər, ölkələr, hətta indi dünyanın Şimal və Cənub yarımkürələrində olan insanlar onun yaratdığı bu qurğu ilə bir-biri ilə əlaqə saxlayır. Söhbət Aleksandr Qreham Belldən gedir…
Şotland mənşəli görkəmli alim, ixtiraçı, mühəndis və ilk real telefonun ixtiraçısı kimi tanınan Aleksandr Qreham Bell Şotlandiyanın paytaxtı Edinburq şəhərində anadan olub. Professor Aleksandr Melvil Bell və Eliza Greysin ailəsində anadan olan Bellin iki qardaşı var idi. Onlar vərəm xəstəliyindən vəfat ediblər. Bellin anası oğlu 12 yaşında olarkən tədricən eşitmə qabiliyyətini itirib. O, oğlunu erkən yaşlarından musiqiyə, poeziyaya və incəsənətə ruhlandırırdı. Bell olduqca istedadlı idi. O, heç bir musiqi təhsili almadan pianoda çox gözəl ifa edirdi.
İxtiraçının bir çox yaxınları, o cümlədən atası, babası, əmiləri gözəl natiq olublar. 13 yaşında Edinburqda məktəbi bitirən gələcək ixtiraçı artıq 16 yaşında nitqdən dərs deməyə başlayır. Lakin o, öz gözəl səsindən natiqlik üçün istifadə etməmək, bu səsini müəyyən qurğularla çox uzaqda olan digər insanlara ötürmək üçün istifadə etmək qərarına gəlir.
Ailəsi ilə birlikdə Kanadaya gələn gənc Bellin ilk ixtirası elektrik fortepianosu idi. Bunun vasitəsilə musiqini simlərlə ötürmək mümkün olur. Daha sonra isə Bell nitqin yazılması və ötürülməsi üçün lazım olan teleqraf aparatının patent hüququnu əldə edir. Faktiki olaraq, burada söhbət elə məhz telefondan gedirdi. Səslər elektrik dalğaları ilə ötürülürdü.
Bellin atası və babası demək olar ki, bütün ömürlərini karların eşitməsələr belə, danışa bilmələri üçün yollar axtarmağa sərf edib. Bell atasının ölümündən sonra onun yolunu davam etdirib və ilk olaraq Bostondakı kar və lallar məktəbində işləməyə başlayıb.
Anasının karlığından dərin təsirlənən Bell bu səbəblə işarət dilini öyrənib və beləliklə də anasının yanında əyləşərək ailə daxilində gedən söhbətləri sakitcə anasına izah etməyə başlayıb. Deyilənə görə, ixtiraçı gündə cəmi 2-3 saat yatırmış. O, bu vəziyyəti “Beynim çox qarışıqdır. Ağlıma bir fikir gələrsə, yadımdan çıxar deyə qorxuram”, – deyə açıqlayırmış.
75 yaşında şəkərli diabet səbəbindən dünyadan köçən Bell Baddek şəhəri yaxınlığında dəfn edilib. Hətta onun vəfatı günü dünyanın bütün telefonları xatirəsini anmaq üçün bir dəqiqəlik söndürülüb…
Kazimir Maleviç
Daha çox “Qara kvadrat” əsəri ilə tarixə düşən, dünyanı barmağına dolayan rəssam adlandırılan, polyak mənşəli görkəmli avanqardçı, pedaqoq, incəsənət nəzəriyyəçisi Kazimir Maleviç… Öz əsəri ilə dünyanın ən məşhur rəssamlarından biri hesab edilən bu dahi şəxsiyyət filosof, müasir dövr abstrakt incəsənətinin ilk təzahürlərindən olan suprematizmin banisi sayılır.
Kiyevdə anadan olan rəssam çox kiçik yaşlarından rəssamlığa maraq göstərib və “Bulonski” küçəsində yaşayıb. Onların ailəsində 14 uşaq var idi. Ən böyüyü Kazimir idi. Onun valideynləri və özü mənşəcə polyakdırlar. Atası Severin Maleviç və anası Lüdvika 1878-ci ildə ailə qurublar. Atası şəkər zavodunda idarəçi işləyirdi. Məktəb illərində yaxşı təhsil alan rəssama 15 yaşında anası boya dəsti hədiyyə edib. O, Kiyevin Rəssamlıq məktəbinə daxil olsa da ailəsi ilə Kurska köçməli olur. Burada o çertyojçu kimi Kursk-Moskva dəmiryol idarəsində işləyir.
Sonralar isə bir neçə il Leninqrad Dövlət Universitetində direktor kimi işləyir. O, həmçinin “Müasir memarlıq birliyi”nin üzvü idi. 1930-cu ilin payızında Maleviç alman kəşfiyyatçısı olmaqda ittiham edilərək həbs edilir və dekabr ayına kimi həbsxanada qalır.
Onun həyatı boyu çəkdiyi ən məşhur əsəri “Qara kvadrat”dır. O, sadəcə bu əsərinə görə dünya tarixinə düşüb. Bu əsərin bədii dəyəri həmişə peşəkar rəssamlar, sənətşünaslar arasında mübahisə mövzusu olub.
Rəssam 56 yaşında prostat xərçəngi səbəbindən Leninqradda dünyasını dəyişib və vəsiyyətinə uyğun olaraq kremasiya olunaraq külü 21 may günü Moskva vilayətindəki Nemçinovka kəndində sevdiyi palıd ağacının altında basdırılıb.
respublika-news.az