14/07/2023
Maraqlıdır ki, insanlar yaşlandıqca zamanın daha tez, daha sürətlə getdiyini düşünürlər. Bəs həqiqətən də bu, belədirmi?
Kaliforniya Universitetinin alimi Ceyms Brodvey “Scienctific American” jurnalına verdiyi müsahibəsində bu sualın cavabını belə izah edib: “İnsan zamanı iki tərzdə qəbul edir. Birinci perspektiv, yəni gələcəkdə baş verə biləcək hadisəni öncədən dəyərləndirmək. İkincisi retrospektiv üsul (yəni keçmişə baxış, keçmişdə baş vermiş hadisələrə nəzər salmaq). Zaman hissinə hazırda nə ilə məşğul olduğumuz və nə hiss etdiyimiz də təsir edir. Hər yeni işin sona çatması zaman hissini daha sürətləndirir. Əgər biz beynimizdə yeni bir işlə məşğul oluruqsa, retrospektiv zamanda bu vaxt bizə daha uzun gələcək. Səbəb isə odur ki, beynimiz yalnız yeni və təkrar olunmayan hadisələri qeydə alır. Bizim keçmişlə bağlı mühakimələrimiz yaşadığımız yeni xatirələr üzərində qurulub. Məsələn, siz tətil zamanı nə qədər yeni işlə məşğul olsanız, bir o qədər zaman sizə uzun gələcək. Bu, uşaqlıqda vaxtın niyə uzun getməsini izah edir. Biz dünya ilə bağlı yeni kəşfləri uşaqlıq və gənclik dövrümüzdə öyrənirik. Ona görə də retrospektiv beynimizə elə gəlir ki, uşaqlıqda vaxt daha uzun olurdu. Bütün bunları ümumiləşdirsək deyə bilərik ki, əslində zamanın tez və ya gec keçməsi kimi bir anlayış yoxdur. Yəni zaman eyni sürətlə hərəkət edir. Sadəcə, gördüyümüz işlər zamanı bizim üçün qısa və ya uzun edir”.
respublika-news.az