Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dahiləri bir də belə tanıyaq!


Üzeyir Hacıbəyov 

Peşəkar musiqi sənəti və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq, ictimai xadim və  dahi bəstəkarımız  Üzeyir Hacıbəyov… Pula görə təhsilini yarımçıq qoyan, repressiyadan təsadüf nəticəsində xilas olan, dəfələrlə ölümün astanasından dönən bu  dahi şəxsiyyətin həyatı o qədər də rəvan keçməyib…

Üzeyir Hacıbəyovdan başqa ailənin bütün uşaqları Şuşada anadan olub. Evin dördüncü uşağı olan Üzeyir Şuşada yox, Ağcabədidə doğulub. Atası ədəbiyyat, anası isə musiqi sahəsində yüksək mövqe tutublar. Musiqiyə olan həvəsi anasından mənimsəmiş bəstəkar 7 yaşında ikən tarda və kamançada ifa edir, muğamat oxuyurdu.

İlk təhsilini Şuşada  ikisinifli rus-türk məktəbində alan dahi bəstəkar, daha sonra isə Qori Müəllimlər Seminariyasına daxil olub. Sonralar  musiqi təhsili almaq üçün Moskvaya getsə də, maddi ehtiyac üzündən təhsilini yarımçıq qoymuş,  Bakıya qayıtmağa məcbur qalmışdır.

Gələcək həyat yoldaşı Məleykə xanımla Qori Müəllimlər Seminariyasında oxuduğu illərdə tanış olub. Milliyyətcə tatar olan Məleykə xanım Üzeyir bəydən 8 yaş kiçik idi. Üzeyir bəy seminariyanı bitirəndən 5 il sonra ailə qururlar. 6 il ərzində Bakıda kirayədə yaşayıblar. Rus dili müəlliməsi olan Məleykə xanım həyat yoldaşının sənətinə yaxın olmaq üçün konservatoriyanın musiqi nəzəriyyəsi şöbəsinə daxil olub. Adətən gecələr işləyən Üzeyir bəyi Məleykə xanım heç vaxt tək qoymayıb. 38 il qoşa ömür sürüblər. Ancaq onların övladı olmayıb. Deyilənə görə, Məleykə xanım Üzeyir bəyin övlad sahibi olması üçün başqa qadınla evlənməsini təklif edib, amma Üzeyir bəy bunu qəbul etməyib.

Üzeyir Hacıbəyov dəfələrlə ölümlə üz-üzə gəlib. 1918-ci ilin mart qırğını zamanı ermənilər Üzeyir bəyin evini gülləbaran ediblər. Ermənilərin bəstəkarı görməyə gözü olmadığından onu öldürmək istəyirdilər. Hadisələr baş verməmişdən əvvəl, Nəriman Nərimanov bəstəkarı yanına çağırır və ona teatr truppası ilə birgə İrana qastrol səfərinə getməyi tapşırır. Əvvəl Üzeyir bəy razılaşmır, “Mən Azərbaycanı qoyub heç yerə getməyəcəm”, – deyir. Ancaq Nərimanovun təkidindən, “Siz bizə gələcəkdə lazımsınız” sözündən sonra Üzeyir və Zülfüqar Hacıbəyov qardaşlarının teatr truppası İrana yola düşür. Onlar bir neçə ay İranda qalır, müxtəlif şəhərlərdə tamaşalar göstərirlər. Oktyabrda isə vətənə qayıdırlar. O zaman bütün qəzetlər Üzeyir bəyin qayıdışına görə, xalqa gözaydınlığı verirdi. Beləcə, Nəriman Nərimanov Üzeyir bəyi ölümdən xilas edir.

Sovet hakimiyyətinin ilk illərində Üzeyir Hacıbəyovun adı tez-tez xalq düşmənləri sırasında səslənməyə başlayır. Hətta bəstəkarı güllələmək istəyirlər. Bu təhlükə sırf təsadüf nəticəsində sovuşur. Üzeyir Hacıbəyovun qaynı Hənəfi Terequlov əqidəcə qatı kommunist idi. O, təhlükəsizlik idarəsi şöbə müdirlərinin birinin masasının üstündə təsadüfən haqqında güllələnmə hökmü çıxarılan 59 nəfərin siyahısında Üzeyir Hacıbəyovun da adını görür. Başılovlu Nəriman Nərimanovun yanına gedərək, vəziyyəti danışır. Nəriman Nərimanov müvafiq orqanlardan həmin siyahını tələb edir. Onları tələm-tələsik qərar çıxarmaqda günahlandıran Nərimanov bu siyahını cırıb atır.

Bəstəkar şəkər xəstəliyini bədnam qonşularımızın ucbatından tapıb. Belə ki, Moskvada ittifaq miqyasında milli musiqi alətləri ifaçılarının müsabiqəsi keçirilir. Stalinin göstərişi ilə münsiflər heyətinə Üzeyir Hacıbəyov başçılıq edirdi. Müsabiqə zamanı bəstəkar bərk əsəbiləşir, təbiətcə sakit insan olan Üzeyir bəy uzun müddət sakitləşə bilmir: Azərbaycanı təmsil edən ifaçılar arasında ermənilərin olmasına baxmayaraq, Bakı erməniləri Moskvaya məktub yazırlar və bildirirlər ki, Üzeyir Hacıbəyov millətçilik edərək, qeyri-millətlərin müsabiqədə iştirakına əngəllər törədir. 30-cu illər üçün bu, ən ağır ittiham idi. Molotov ona ünvanlanan ərizəni bəstəkara göndərir: “Özünüz həll edin”. Başdan-ayağa böhtan olan bu ərizə bəstəkarın əsəblərinə ciddi təsir göstərir və o, şəkər xəstəliyinə tutulur. Deyilənə görə, dahi bəstəkarın həkimi erməni Osipyan ona yanlış müalicə və pəhriz təyin edib. Bunun nəticəsində Ü.Hacıbəyov bir ay ərzində 18 kq arıqlayıb, orqanizmi zəifləyib və ürək tutmaları başlayıb. 63 yaşında ürək çatışmazlığı səbəbindən vəfat edən bəstəkarın ömrünün son illərində yazdığı “Firuzə” operası yarımçıq qalıb…

Aşıq Ələsgər

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgər… Öləcəyi günü əvvəlcədən bilən, ilk məhəbbəti daşa dəyən, yuxusunda vergi verilən, gördüyü gözəllərin hərəsinə bir tərif yağdıran Aşıq Ələsgər yaradıcılığı ilə yanaşı, özünəməxsus xüsusiyyətləri ilə də yaddaşlarda qalıb…

Aşıq Ələsgər özünəməxsus təbii gözəllikləri ilə seçilən, qədim yurd yerlərimizdən olan Göyçə mahalının Ağkilsə kəndində anadan olub. Atası Alməmməd kəndin hörmətli şəxslərindən sayılırdı. Əsas məşğuliyyəti dülgərlik idi. Eyni zamanda, bədahətən söz demək, şeir qoşmaq istedadı vardı. Ara-sıra qoşma, bayatı, gəraylı söyləyərdi. O, öz dövründə övliya kimi tanınıb.

Deyirlər aşığın ilk məhhəbəti daşa dəyib.  Kəndlərinin zəngin kişilərindən biri olan Kərbalayi Qurban Alməmməd kişinin gözünün ağı-qarası bircə qızı Səhnəbanuya vurulan Aşıq Ələsgər sevdiyinə qovuşa bilməsə də  sonralar onun sayəsində aşıq olur. Belə ki, bir gün sevdiyi qıza qovuşa bilmədiyi üçün qəm dəryasına düşən aşıq möhkəm yatır və yuxuda  Həzrət Əlinin onu cənnətə apardığını görür. Yuxudan ayılanda gördüklərini danışır və ona  vergi verildiyi təsdiq edilir. Düzdür, istedadı elə əvvəldən olub, amma vergisi həmin yuxuda verilir. Bundan sonra Ələsgər evdə özünə yer tapa bilmir. Atası ona saz alır ki, başı qarışsın. Az müddətdə o, özü sazda ifa etməyi öyrənir. Atası onu Aşıq Alının yanına şəyirdliyə verir. Hardasa beş il ona şəyirdlik edir, mükəmməl şəkildə Aşıq Alının məktəbini keçir.

Aşıq Ələsgər 40 yaşından sonra ailə qurub. Kəlbəcərin Yanşaq kəndindən Anaxanım adlı bir qızla evlənib. Amma Səhnəbanunun məhəbbəti ona elə böyük zərbə vurub ki, bütün şeirlərində sanki ona xitab edib, çox yanğılı yazıb. Səhnəbanu alagöz qadın olub. Fikir vermisinizsə, Ələsgərin bütün məhəbbət şeirlərində “alagöz” sözü işlədilir. Alagöz qadın görəndə, sanki Səhnəbanunu görürmüş. Onun beş oğlu, altı qızı olub. Oğlanlarından ikisi Həsən və Həşim cavan ikən dünyasını dəyişir. Üç oğlu – Bəşir, Abduləzim və Talıb qalır. Hər üçünün şeir demək qabiliyyəti varmış. Təəssüf ki, onların yaradıcılığı haqqında məlumat xalqa istənilən qədər çatdırılmır.

Aşıq Ələsgər yaradıcılığı ilə tanış olduqda açıq-aydın görünür ki, günü gözəllərlə keçən aşıq harada bir gözəl görübsə, ona şeir yazıb.  Hətta deyilənlərə görə,  aşığın əli o qədər düşərliymiş ki, hansı gözələ tərif deyirmişsə həmin gözəl tez bir müddətdə sanki bir ulduza dönür, tezliklə ərə gedirmiş.  Bəzən, onun şeirlərində açıq-saçıqlıq sezmək olur, amma dərinliyinə gedəndə başqa aləm görünür.

Deyirlər, Aşıq Ələsgər savadsız olub, yazı-pozu bilməyib. Amma əslində bu, belə deyil. Aşıq Ələsgər savadsız yox, təhsilsiz idi. O, həddindən artıq savadlı, mütaliəli insan olub. Din adamları ilə söhbətlər edirmiş, şeirlərində İtaliyadakı hadisələrdən söhbət açıb, dünyada gedən proseslərdən məlumatlı imiş.

Hətta haqq aşığı olduğu üçün bəzən bir sıra şeyləri yuxusunda görürmüş. O, şeirlərində Məhəmməd peyğəmbərdən, Əlidən bəhs edirdi. Onları da yuxusunda görürmüş. Əlini həmişə özünün ustadı sayıb. Aşıq Ələsgər təkcə şair yox, həm də övliyadır. Onun alqışı, qarğışı yerinə yetərmiş. Nədənsə narazı qalsa, həmin iş baş tutmaz, hansı işə razı olsa, onun çox gözəl nəticəsi olarmış.

Xasiyyətcə çox mehriban, zarafatcıl adam olan aşıq, şit şeyləri xoşlamayıb. O qədər mehriban imiş ki, yanına düşən hər kəs ilk gündən ona isinişirmiş. Ən özəl xüsusiyyətlərindən biri qətiyyən tamahkar olmamasıdır. Toylarda özündən yox, Xəstə Qasımdan, Qurbanidən, Şəmkirli Aşıq Hüseyndən şeirlər oxuyurmuş. Təvazökar olduğundan öz yaradıcılığına çox az müraciət edirmiş. O, məqamı çatanda şeirlərini bədahətən deyirmiş. Çox işlək adam olub. Kəndin əkin-biçinindən qalmayıb. Sağlamlığını da işləməklə qoruyub. Həmişə deyirmiş, insan gərək özü-özünün həkimi olsun. Hətta sağlamlığını qorumaq məqsədilə ildə iki dəfə qonşudakı dəlləyi çağırıb başından bir cam dolusu qan aldırırdı. Özü dəlləyə başının hansı tərəfini çərtmək lazımdır, ona qədər göstərirmiş.

105 il ömür sürən Dədə Ələsgər öləcəyi günü də qabaqcadan hiss edib. Belə ki, ölməmişdən bir neçə gün əvvəl evdəkiləri çağırır, deyir, mən öləcəm, indidən ehtiyatınızı görün. Deyiblər, axı sənin heç nəyin yoxdur. Deyir, mən sizə deyirəm, hazırlığınızı görün, qonaq-qara yanında peşman olmayın. Hətta, kimdən yağ, kimdən bal, kimdən düyü almağı belə məsləhət görür. Bilirmiş, kim halal, kim haram adamdır. Ölümünə az qalmış, deyir, Bəşir gəlsin Quran oxusun. Üçüncü salavatı çəkəndə Ələsgər dünyasını dəyişir. Hətta ölümündən əvvəl deyir ki, mən Kəlbəcərdə öləcəkdim. Vaxtım o vaxtıydı. Allahdan möhlət dilədim ki, məni qürbət eldə öldürmə, elə et, öz torpağımda – Göyçədə ölüm, Allah da diləyimi tutdu. Ölümündən əvvəl bir əhvalat da olur. Qohumları Aran tərəfdən onlara qonaq gəlir, Ələsgərə nar gətirirlər. Göyçə soyuq yerdir, orada nar yetişmir. Narı xurcundan çıxarıb Ələsgərə verəndə alıb yanına qoyur, deyir, çox şükür Allaha, ürəyimdən nar keçirdi. Sonra həmin narı evdəkilərə verib deyir, bu narı kəsin, burada nə qədər adam varsa, hamısına verin. Hamıya nar çatandan sonra özü də bir dənə götürüb yeyir…

respublika-news.az

Faydalı linklər