25/08/2023
Böyük Britaniya və Çinin bir sıra universitetlərinin birgə tədqiqatı zamanı 800-dən çox yeniyetmənin beynindəki boz maddənin miqdarı təhlil edilib. Nəticələr beyinin spesifik bölgələrində azalmış boz maddə ilə yeniyetməlik illərində siqaret çəkmənin başlaması arasında korrelasiya olduğunu sübut edib.
Alimlər bu yeni tapıntı ilə nikotin asılılığına erkən yaşda son qoya biləcəklərini güman edirlər. Çünki beyindəki boz maddə miqdarının azalması heç də səbəbsiz deyil və qarşısı alına biləcək problemdir.
Böyük Britaniyanın Kembric Universitetinin alimləri dəqiqliklə müəyyən ediblər ki, beyinin sol frontal lobunun yuxarı hissəsində boz maddə nəzərəçarpan dərəcədə azaldıqda, bu, həm asılılıq vərdişləri yaradır, həm də beyinin analitik təhlil bacarıqlarını xeyli zədələyir. Alimlər, həmçinin göstəriblər ki, boz maddə çatışmazlığı problemi təkcə tütün məhsullarında deyil, eləcə də zərərli qida və fizioloji davranışlarda da asılılıq yarada bilər. Fizioloji asılılıq və təkrarlanan davranışlar ən sonda şəxsdə ümumi zəka geriliyi ilə nəticələnə bilir.
Tədqiqatçılar erkən yaşda uşaqlarda beyinin müayinə edilməsinin və lazım olduqda bu məqsədlə dərman vasitələrindən istifadənin zəruriliyini vurğulayıblar.
azertag.az