Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Atom kralı”- Misir Mərdanov yazır


Misir MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor

Biz xalqımızın yetişdirdiyi və fəxr etməli olduğumuz soydaşlarımıza yetərincə qiymət verməyi bacarırıqmı? Bu bacarıqlarımızı başqa xalqlarla müqayisədə verərək fərqi görmək istəyirəm. Məsələn, İtaliyanın Paqanini adlı bir skripka ifaçısı o qədər reklam edilib, loru dildə desək, “şişirdilib” ki, 1840-cı ildə vəfat etsə də, onu 36 il sonra – 1876-cı ildə dəfn ediblər. Baxın, bu adam adi bir (bəlkə də qeyri-adi) skripka ifaçısı olub, təbii ki, XIX əsrdən bu günə onun nə video görüntüləri qalıb, nə səs yazıları, nə digər irsi, onu görənlər, ifasını dinləyənlər də çoxdan dünyasını dəyişiblər. Ancaq indi hansı italiyalıdan xəbər alsan, onun bütün tərcümeyi-halını əzbər deyər və mütləq qeyd edər ki, Paqanini dünyanın ən dahi şəxsiyyətlərindən biridir. Onun adına küçələr, parklar, musiqi mərkəzləri, onunla bağlı kitablar, albomlar, daha nələr, nələr… Bizim Paqaninin şöhrəti ilə əsla işimiz yoxdur. Başqa xalqların bu sahədə olan təcrübəsi, yəni öz şəxsiyyətlərinə dəyər vermək, onları dünyaya tanıtmaq, bununla da xalq haqqında təsəvvürləri təkmilləşdirmək təşəbbüsləri çox yaxşı haldır və bu gün müstəqil ölkə kimi bizim də bu təşəbbüslərə qoşulmaq imkanımızın olduğunu nəzərə almalıyıq. Ancaq edirikmi? Müxtəlif adlı Rusiya imperiyalarının boyunduruğu altında olarkən imkanlarımız məhdud idi, bizim xüsusi istedadlı övladlarımız rus mədəniyyətinə, elminə, səhiyyəsinə, incəsənətinə xidmət etməyə cəlb edilirdi, ölkəmizdə olan şəxsiyyətlər isə “sapı özümüzdən baltalarla” yaralanır, ləkələnir, ən yaxşı halda unutdurulurdu. Bu gün müxtəlif səbəblərdən dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş, hələ də yaxşı tanımadığımız soydaşlarımızı xalqımıza tanıtmaq və həmin şəxsiyyətlərlə dünyaya milli qüdrətimizi nümayiş etdirmək hər birimizin borcudur.

Bu gün belə unudulmuş soydaşlarımızdan biri haqda danışacağıq.

Onun soyadı da özü və həyatı kimi qeyri-adidir – Çayxorski. Çayxor – bizim anlamda “çay həvəskarı”, “çay xoşlayan” deməkdir. O isə nə çay həvəskarı olub, nə də çay içən. Özünün yazdığına görə, o zaman insanlar, xüsusən də tanınmış, yaxud tanınmaq iddiasında olanlar özlərinə doğulduğu yerin adı, həm də rus dilindən gələn “skiy” sonluğu ilə soyad götürərmişlər – Şuşinski, Kəngərlinski, İrəvanski, Şəkinski və s. Babaları islam dininin qatı təəssübkeşi olduğuna görə, qohumları ona doğulduğu Basarkeçər rayononun Çaxırlı kəndinin adı ilə soyad götürməyi  qəti qadağan edirlər. “Çaxırlinski” soyadı nəslin adının çaxırla, şərabla bağlanması sayıldığına görə tamamilə yolverilməz hesab edilir. Beləliklə, gənc və müdrik Abbas özünə “çaxır”la yox, “çay”la bağlı soyad götürmək qərarına gəlir. Çox düşünəndən sonra “Çayski”, “Çayiçənski”, “Çayxoşlayanski” kimi variantlardan “Çayxorski”  variantının üzərində qalır, bu zaman  həmin sözün doğulduğu Çaxırlı kəndi ilə oxşar səslənməsi də həlledici rol oynayır.

Beləliklə, ən gizli tədqiqatlarla məşğul olduğuna görə keçmiş SSRİ-də adı heç yerdə yazılmayan, İqor Kurçatov, Sergey Korolyov kimi “məxfi alimlər” siyahısında olan Abbas Çayxorskinin bu müəmmalı soyadı uzun illər hamıdan, o cümlədən, doğma xalqından da gizlədilmişdir. Ancaq dəmir pərdələr götürüldükdən sonra istedadlı həmyerlimizdən bircə addım irəlidə olan İqor Kurçatova 3 dəfə Sosialist Əməyi Qəhrəmanı, 3 dəfə “Lenin” ordeni, başqa çoxsaylı ordenlər verildiyi, bir neçə dəfə SSRİ Ali Sovetinin deputatı seçildiyi, saysız-hesabsız təltiflərlə mükafatlandırıldığı, dövlət hesabına onun üçün hər bir şəraiti olan xüsusi imarət inşa edilib şəxsi mülkiyyətinə verildiyi, o dövrdə yalnız SSRİ-nin ən yüksək  rəhbərlərinin istifadə etdiyi ZİS-110 avtomobilinin bağışlanıldığı, maaşının ikiqat artırıldığı, ona və həyat yoldaşına SSRİ ərazisində dəmiryolda, su və hava nəqliyyatında pulsuz gediş-gəliş haqqı və digər çoxsaylı imtiyazlar verildiyi halda 12 il SSRİ nüvə reaktorlarının qəbulu üzrə Dövlət Komissiyasının sədri vəzifəsində çalışmış Abbas Çayxorskiyə heç bir diqqət yetirilməmiş, onun aldığı yeganə təltif (müharibə təltiflərini saymasaq) 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının fəxri doktoru adı olmuşdur. Üstəlik, 1997-ci ildə (80 yaşında) ədalətsizliklərdən bezərək ABŞ-a, oğlunun yanına köçmək istəyən Abbas Çayxorskiyə qarşı növbəti hörmətsizlik nümayiş etdiriblər. Rusiya Federasiyasının xüsusi xidmət orqanları onun SSRİ dövründə gərgin, halal əməyi ilə əldə etdiyi bütün elmi adları, titullarını geri almış, həmçinin öz elmi istiqaməti sahəsində heç bir ölkədə danışmamaq və tədqiqat aparmamaq haqqında rəsmi razılıq sənədi imzalatmışlar. Bununla da, keçmiş SSRİ-nin tarixi boyu tətbiq etdiyi qanunlarda olduğu kimi, şəxsiyyətlərin, hətta dünyanın qəbul etdiyi şəxsiyyətlərin obyektiv motivasiyalı qərarına məhəl qoymadan, haqsız olaraq, onların hər şeyini əlindən aldığı kimi, Rusiya Federasiyası da Abbas Çayxorski kimi böyük xidmətləri olan bir şəxsiyyəti elmin tarixi səhifələrindən silmək istəmişdir.

Halbuki… 1947-ci ildə ali məktəbi bitirəndən sonra (1939-cu ildə Bakı Dövlət Universitetinin  Kimya fakültəsinə daxil olsa da, 1941-ci ildə müharibə başlandığına görə təhsilini yarımçıq qoyub cəbhəyə yollanır, 1945-ci ildə qayıdıb  BDU-ya bərpa edilir. Tezliklə onu təhsil əlaçısı kimi SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə Leninqrad Universitetinin Kimya fakültəsinin dördüncü kursuna, yenicə açılmış radiokimya bölməsinə köçürürlər, bu barədə bir qədər ətraflı aşağıda qeydlər olacaq) təyinatla Çelyabinskdə təşkil olunmuş Atom mərkəzinə işləməyə göndərilən Abbas Çayxorski sovet nüvə texnologiyasının atası sayılan İqor Kurçatovun yanında işləməyə başlayıb. Çelyabinskin yanında sovet rejimi üçün xarakterik olan  qapalı bir şəhərcik mövcud idi. “Çelyabinsk – 40” adlanan ərazidə çalışan Kurçatov uran reaktoru üzərində işləyirdi. Bütün SSRİ-dən ən savadlı gənc kimyaçılar məhz buraya göndərilirdi. Abbas da onlardan biri olmuşdur.

Qısa müddətdə Abbas Çayxorski İqor Kurçatovun diqqətini cəlb edir. Aparılan tədqiqatlar zamanı xüsusi vakuum qurğusunun yaradılması zərurəti yaranır. Bu qurğu olmasa, atom bombasının yaradılmasından söhbət gedə bilməzdi. Kurçatov bu barədə Moskvaya məlumat verir. Moskvadan ona deyirlər ki, buradakı son texniki imkanlarla həmin qurğunun yaradılma prosesi ən azı bir il çəkə bilər. Tədqiqatlara isə ara vermək olmazdı, ona görə Kurçatov alternativ yollar axtarmağa başlayır. Qərara gəlir ki, yanında çalışan gənc kimyaçılara bu məsələdən danışsın. Belə də olur. O, gəncləri toplayır və iclasda onlara bu qurğunun qısa müddətdə hazırlanmasının vacib olduğunu bildirir. Kimyaçılardan yalnız Abbas bu işi öhdəsinə götürür. İqor Kurçatov qafqazlı bu oğlanın cəsarətinə heyrət olaraq ona vaxt verir. Abbas Çayxorskinin iti zəkası bu hadisədən sonra daha qabarıq şəkildə ortaya çıxır. Belə ki, cəmi bir ay müddətində Abbas vakuum qurğusunun layihəsini Kurçatova təqdim edir. Bu barədə Abbas Çayxorski xatirələrində yazır:

“Qaydalara görə, biz hər dəqiqə Kurçatovun yanına girə bilməzdik. Yalnız həftədə bir dəfə onunla görüşmək imkanımız var idi. Layihəni ona təqdim etməli idim və təcili olaraq qəbul otağına  yaxınlaşdım. Kurçatovun qapısında həmişə polkovnik rütbəli hərbçilər dayanırdı. Onlara məruzə etdikdən sonra bir saat gözlədim, nəhayət  məni içəri buraxdılar. Kurçatov layihəyə baxıb məni yola saldı. Bir saat sonra yenidən çağırtdırdı. Gözlərinə inana bilmirdi. Təəccüblə “Afərin”, – dedi. Dərhal, elə mənim yanımdaca sevinə-sevinə Moskvaya zəng edərək vakuum qurğusunun layihəsinin hazır olduğu barədə məruzə etdi. Moskvadan layihəni götürmək üçün xüsusi təyyarə göndərdilər. İki aydan sonra isə vakuum qurğusu artıq Çelyabinskdə idi”.

Nəhayət, 8 iyun 1948-ci ildə ilk sovet atom reaktoru işə salındı. ABŞ-ın Naqasaki və Xerasimoya atdığı atom bombalarından cəmi üç il sonra SSRİ-nin öz nüvə silahını əldə etməsində, müstəqil və güclü dövlət kimi mövcud olmaq imkanının yaradılmasına yol verən silah plutoniyasının yaradılmasında  Abbas Çayxorskinin müstəsna xidmətləri olmuşdur. Radioaktiv elementlərin kimyəvi xassələrinin tədqiqi ilə məşğul olan qrupa daxil edilən həmyerlimiz elmi işçi kimi uğurla fəaliyyət göstərmişdir. Bu dövrdə alim nüvə reaktorunun təhlükəsiz istismar proseslərini intensiv şəkildə tədqiq etmiş və uran reaktorunda sənaye qrafitinin dağılma dərəcəsini tez və keyfiyyətlə müəyyən etməyə imkan verən “Çayxorski portveyni” yaratmışdır.

…Abbas Abbasəli bəy oğlu Çayxorski 1917-ci il yanvarın 21-də Qərbi Azərbaycanın Göyçə mahalı, Basarkeçər qəzasının Çaxırlı kəndində dünyaya gəlmişdir. Cəmi bir il sonra – 1918-ci ildə ermənilər tərəfindən öz doğma yurdlarından qovulan azərbaycanlılar arasında onun valideynləri də olmuşdur. Onlar əvvəlcə Ağdama, sonra isə Ağdaşa gəliblər. O vaxt uşaq olan Abbasın yeniyetməlik illəri də elə Ağdaşda keçmişdir. O, burada orta məktəbi bitir və sənədlərini Bakıda texnikuma verir. 1939-cu ildə – 22 yaşında Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kimya fakültəsinə daxil olaraq təhsilini davam etdirir.

İkinci Dünya müharibəsi başlayanda Abbas üçüncü kursda oxumasına baxmayaraq, təhsilini yarımçıq qoyaraq könüllü cəbhəyə yollanır. O, iki ay Bakı artilleriya məktəbində təhsil alır, 1941-ci ilin avqustunda Krım cəbhəsinə yollanan Abbas Cənubi Qafqaz və Şimali Qafqaz cəbhələrində vuruşur. 1942-ci ildə isə ağır yaralanır. Onu tərxis etmək istəsələr də, razı olmur və yaralı halda yatdığı hospitaldan qaçaraq birbaşa cəbhəyə qayıdır. O, baş serjant rütbəsi ilə ön cəbhəyə gedir və 48-ci atıcı alayında telefon rabitəsi bölməsinə başçılıq edir. Müharibənin bitməsinə üç ay qalmış (1945-ci ilin yanvar ayında) Kalininqrad istiqamətində gedən döyüşlərdə ikinci dəfə ağır yaralanan Abbas bu illər ərzində göstərdiyi şücaətə görə 3-cü dərəcəli “Şöhrət” ordeni ilə təltif olunur. Yenə də cəbhəyə qayıdır və  1945-ci il aprel ayının 21-də Pillau (indiki Baltiysk, Kalininqrad vilayəti) şəhəri uğrunda gedən döyüşlərdə iştirak edən Abbas qəhrəmanlıqlarına görə fərqlənir və iyun ayında ona Qızıl Ulduz ordeni təqdim edilir.

Hamının təhsilini davam etdirməyəcəyini, etdirsə belə, heç bir nailiyyət əldə edə bilməyəcəyini düşündüyü Abbas Çayxorski müharibədən sonra Bakıya qayıdır, universitetdə təhsilini davam etdirməyə başlayır və tezliklə onu təhsil əlaçısı kimi SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə Leninqrad Universitetinin Kimya fakültəsinin dördüncü kursuna, yenicə açılmış radiokimya bölməsinə köçürürlər. “Elmsiz həyatım öz mənasını itirmiş olardı”, – deyən Çayxorski BDU-da təhsil aldığı illərdə elmi fəaliyyətlə ciddi maraqlanırdı. O, yaxşı akademik göstəriciləri və digər uğurları ilə qrup yoldaşları və həmkursları arasında həmişə fərqlənir və Stalin təqaüdü alırdı. Məhz buna görə onu Leninqrad Dövlət Universitetində yeni “Radiokimya” şöbəsində təhsilini davam etdirmək üçün SSRİ-nin bütün aparıcı ali məktəblərinin ən yaxşı tələbələri siyahısına daxil etmişdilər.

1947-ci ildə o, Çelyabinskdə təşkil olunmuş Atom mərkəzinə işləməyə göndərilir və burada İqor Kurçatovla birlikdə fəaliyyət göstərir. Tələbə yoldaşı ilə ailə qurur və 1953-cü ildə Çelyabinskdə  övladı Aleksandr dünyaya gəlir.

Tezliklə ailə Leninqrada qayıdır və Abbas Çayxorski Radium institutunda işləməyə başlayır. Həmin dövrü xatırlayaraq oğlu Aleksandr yazır:

“Bilirdim ki, atam ciddi və qapalı elmi tədqiqatla məşğuldur və çox məxfi sistemdə işləyir, ancaq uzun illər onun hansı vəzifəni tutduğu, hansı rütbəni daşıdığı mənim üçün sirr idi. Xatırlayıram ki, birinci dəfə onun general rütbəsində olduğunu eşidəndə heyrətdən gözüm kəlləmə çıxdı. Bütün ömrü boyu o, çox təvazökar insan olub, işə piyada gedirdi, onun vacib fiqur olduğunu təsdiq edəcək heç bir simvol və imtiyaza sahib deyildi, heç maşını da yox idi. Onun fəaliyyətinin məxfiliyinin yeganə əlaməti o idi ki, evə qonaq gələndə (qonaq isə ya mənim, ya da anamın yanına gəlirdi, atam qapalı insan idi) atam şkafda düzülmüş və ixtisasına aid olan kitabların üstünü yaşıl vərəqlə qapayırdı… Hətta uzun illər sonra, artıq Amerikada yaşayanda atam işi barədə heç nə danışmırdı və deyirdi: “İndi ABŞ-da olmağım, SSRİ-nin daha mövcud olmamağı o demək deyil ki, sirr açmamaqla bağlı üzərimə götürdüyüm öhdəliklər qüvvədən düşüb…”

O illərin ab-havasını əyani göstərən daha bir faktı Aleksandr belə xatırlayır: “Məni 1973-cü ildə Leninqrad universitetindən qovdular, həmin vaxt rektor atamın  yaxın dostu idi. Ancaq bu dostun nə Aleksandrın oradan qovulmasından, nə də ümumiyyətlə həmin universitetdə tələbə olmasından xəbəri var idi. Bir sözlə, “tanışlıq”, “tapşırma” kimi imtiyazlar Abbas Çayxorskiyə tamamilə yad idi ki, bu da həmin insanın və dövrün dəyərlərini əyani əks etdirir”.

Yeri gəlmişkən, ali məktəbdən qovulan Aleksandr orduya xidmətə yollanır və 2 il hərbi xidmətini Bakıda – “Salyan kazarmaları”nın yaxınlığında yerləşmiş Mülki müdafiə alayında çəkir, 2 il ərzində neft mədənlərində, Bakı Şin zavodunda və s. yerlərdə baş verən yanğınların söndürülməsində iştirak edir, işinin öhdəsindən uğurla gəldiyinə görə (atasına görə yox!) hərbi xidmətdən sonra yenidən universitetə bərpa olunur.

1969-cu ildə Abbas Çayxorski atom enerjisindən dinc məqsədlərlə istifadə üzrə SSRİ Dövlət Komissiyasının rəhbəri təyin olunur və bu vəzifədə SSRİ-nin süqutuna qədər uğurla fəaliyyət göstərir. Bununla yanaşı, o, nəzəri elmi tədqiqatlarını da davam etdirir və yüksək qiymətləndirilən nəticələr əldə edir. Abbas Çayxorski neptunium elementinin kimyası sahəsində dünya şöhrətli tədqiqatçı hesab edilir, hələ 1970-ci ildə hazırladığı elementlərin dövri sistemi cədvəli (Mendeleyev cədvəlinin modifikasiyası) SSRİ-də radiokimya sahəsində müvafiq fakültələrin tədris proqramına daxil edilmişdi.

Abbas Çayxorski 1950-ci illərdən etibarən kimyanın nəzəriyyəsi ilə də məşğul olmağa başlayır və “Neptun kimyası” adlı monoqrafiya yazır. Bu monoqrafiya dünyada həmin mövzu üzrə yazılan yeganə elmi əsərdir. Əgər nəzərə alsaq ki, radiokimya sənayesində neptunium yalnız uran və plutoniumdan geri qalaraq çox əhəmiyyətli yer tutur və dünyada bu elementin əsas tədqiqatçısı məhz Abbas Çayxorskidir, onda istedadlı  həmyerlimizin dövrün yüksək mükafatlarına layiq görülməməsi  ancaq təəssüf doğurur. Çünki  Moskvada 1978-ci ildə nəşr olunmuş neptunium kimyasına həsr olunmuş bu yeganə monoqrafiya dünyanın aparıcı elmi mərkəzləri tərəfindən yüksək səviyyəli əsər kimi qəbul edilmişdi. Digər tərəfdən, Abbas Çayxorski dünya miqyasında qəbul olunan Nils Bor,  Volfqanq Pauli, Dmitri Mendeleyev kimi alimlərin ideyalarını, hipotezlərini, prinsiplərini ciddi təhlil etmiş, özünün daha mükəmməl olan alternativ ideyasını irəli sürmüşdür. O, öz ideyasını təkcə nəzəri mühakimələrlə yox, apardığı mürəkkəb və çoxsaylı təcrübələrinin nəticələri ilə əsaslandırmışdır.

Abbas Çayxorskinin təklif etdiyi sxem əsasında xüsusi vakuum qurğusunun yaradılması uran-qrafit tipli reaktorların təhlükəsiz istifadəsini təmin etmiş və bunun nəticəsində nüvə tədqiqatları sahəsində daha uğurlu nəticələr əldə edilmişdir. Kimyəvi elementlərin atomlarının xassələrinin daha yaxşı öyrənilməsinə imkan verən beşinci kvant ədədinin kimyaya gətirilməsi də Abbas Çayxorskinin adı ilə bağlıdır. Məhz bu kvant ədədinin əvvəllər məlum olan dörd kvant ədədi ilə birgə istifadə olunması elementlərin atomlarının xassələrini daha dərindən öyrənməyə imkan vermişdir.

Abbas Çayxorski Mendeleyevin elementlərin dövri sistemi cədvəlindən daha mükəmməl cədvəl tərtib etmişdir və bu cədvəl artıq dünya kimyaçılarına ən müasir və təkmil cədvəl kimi məlumdur. 1949-1985-ci illərdə Abbas Çayxorskinin 96 elmi və texnoloji  işi məxfi tədqiqat kimi çap olunmuşdur və yalnız Rusiya Federasiyasının Qapalı elmi ədəbiyyatları arxivində saxlanılır.

SSRİ-nin süqutundan sonra Abbas Çayxorski həyat yoldaşı ilə birlikdə yaşamaq üçün ABŞ-a, artıq orada yaşayan oğlunun yanına yollanır. Bu, 1997-ci ildə baş verir və həmin vaxt onun artıq 80 yaşı vardı. Oğlu Aleksandr xatırlayır ki, atası hələ uşaq olarkən bir qaraçının söylədiyi fala inanırmış: falçı ona məşhur alim olacağını və 90 il yaşayacağını söyləyibmiş. O cür də olur: Abbas Çayxorski artıq 1950-ci illərdə böyük alim idi, ömrünü isə 91 yaşında başa vurur.

O, ABŞ-da da elmi fəaliyyətini davam etdirir, molekulyar biologiya ilə maraqlanır, biokimyəvi fizika problemi ilə məşğul olur, nəzəri hesablamalarla bitki antioksidantlarının potensial fəaliyyətini öyrənir.

Bütün həyatı boyu ürəyi  Azərbaycanla döyünən Abbas Çayxorski ömrünün son illərində dəfələrlə Bakıya gəlir, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri doktoru seçilir, Azərbaycan elminin nüfuzunu yüksəltməyə çalışaraq, AMEA-nın elmi jurnallarında bir sıra fundamental əsərlərini nəşr etdirir. Yaxınları qeyd edirlər ki, o, təkcə SSRİ-nin nüvə sənayesi sahəsində deyil, həm də Azərbaycanda atom energetikasının inkişafına kömək edən mütəxəssis kimi xatırlanmağı arzulayırdı. Özü dəfələrlə qeyd edirdi ki, Azərbaycan elminin inkişafına yardım etmək üçün ABŞ-da olan hər bir şeyi – yüksək pensiyanı, evi, biofizika sahəsində maraqlı işi qurban verməyə hazıram.

Həmişə vətən sevgisi ilə yaşayan Abbas Çayxorski ölümündən əvvəl, onu Bakıda dəfn etməyi vəsiyyət etmişdi. Ancaq təəssüf ki, onun bu arzusunu reallaşdırmaq mümkün olmur. Görkəmli həmyerlimiz  2008-ci il avqustun 27-də ABŞ-da vəfat edir və yalnız bir ildən sonra – 2009-cu ildə Azərbaycana gələn oğlu Aleksandr Çayxorski Bakıya atasının külü olan urnanı gətirir. Onun nəşinin külü, öz istəyinə uyğun olaraq, Bakının köhnə qəbiristanlığında dəfn edilir. Abbas Çayxorski öz şərəfli həyatı, zəhməti, istedadı və nailiyyətləri ilə sübut edir ki, ad və soyad insanları məşhurlaşdırmır, hər kəs öz bacarığı ilə ən uğursuz hesab edilə bilən adı, soyadı da tarixin yaddaşına yaza, ona şöhrət gətirə bilər.

SSRİ nüvə reaktorlarının qəbulu üzrə Dövlət Komissiyasının sədri, neptunium elementinin kimyası sahəsində dünya şöhrətli tədqiqatçı, kimya elmləri doktoru, professor, general-mayor Abbas Çayxorski xalqımızın yetişdirdiyi nadir şəxsiyyətlərdən biridir. Hesab edirəm ki, vətənimizin belə ləyaqətli övladlarını yaxından tanımaq, dəyərləndirmək, dünyaya tanıtmaq hər bir azərbaycanlının müqəddəs vəzifəsidir.

525.az

Faydalı linklər