Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

RMİ-nin əməkdaşlarının birgə məqaləsi nüfuzlu və ən qədim riyaziyyat jurnallarının birində çap edilib


RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri prof. Vüqar İsmayılovun, həmin şöbənin elmi işçisi r.ü.f.d. Aidə Əsgərovanın və “Qeyri-harmonik analiz” şöbəsinin böyük elmi işçisi r.ü.f.d. Əli Hüseynlinin birgə məqaləsi nüfuzlu və dünyanın ən qədim jurnallarından biri olan “Proceedings of the Edinburgh Mathematical Society” jurnalında çap edilib. “Proceedings of the Edinburgh Mathematical Society” jurnalı Edinburq Riyaziyyat Cəmiyyətinin (1883-cü ildə yaradılıb) jurnalı olub, “Kembric Universiteti Nəşriyyatı” tərəfindən nəşr edilir.

İşdə kompakt metrik fəzada təyin olunmuş həqiqiqiymətli kəsilməz funksiyalar fəzasının iki qapalı altcəbrləri cəmi ilə ən yaxşı yaxınlaşma üçün Çebışev tipli alternans haqqında teorem isbat edilmişdir.

Tutaq ki, X kompakt metrik fəzadır, C(X) X-da təyin olunmuş kəsilməz həqiqiqiymətli funksiyalar fəzasıdır, A1,A2 isə C(X)-ın sabit funksiyaları saxlayan iki qapalı altcəbrləridir. f ∈ C(X) funksiyasının A1+A2 altfəzasının elementləri vasitəsiylə approksimasiya məsələsi araşdırılır. u0 ∈ A1+A2 funksiyasının f funksiyasının ən yaxşı yaxınlaşma elementi olması üçün Çebışev tip alternans teoremi isbat edilir. Məqalə ilə tanış olmaq üçün https://doi.org/10.1017/S0013091523000494 linkinə keçid edin.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər