Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Bu gün Milli Musiqi Günüdür


Sentyabrın 18-i – Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.

Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutur.

O, 1885-ci il sentyabrın 18-də Ağcabədidə kənd mirzəsi Əbdülhüseynin ailəsində dünyaya göz açıb. Uşaqlığı Qafqazın “konservatoriyası” – Şuşada keçib. Balaca Üzeyir xalq mahnılarını, muğamları avazla oxuyur, tarda çalırdı. Şuşanın zəngin ifaçılıq mühiti onun musiqi istedadının inkişafına böyük təsir göstərir.

Şuşada, Tiflisdəki Qori müəllimlər seminariyasında, Moskvada, Sankt-Peterburqda təhsil alan gənc Üzeyir Cəbrayıl qəzasının Hadrut kənd məktəbində, sonra Bakıda müəllim işləyir. Bir müddət “İslamiyyə”, “Təbriz” mehmanxanalarında və kirayədə yaşayır. “Leyli və Məcnun” operettasını mehmanxanada qalarkən yazır. 1908-ci il yanvarın 25-də Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılan “Leyli və Məcnun” ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulur.

Gənc bəstəkar bir-birinin ardınca “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşud banu”, “Əsli və Kərəm”, “Harun və Leyla” muğam operalarını yazır.

Şərqdə ilk operettanın yaranması da Üzeyir bəyin adı ilə bağlıdır. “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları onu çox məşhurlaşdırır.

Üzeyir yaradıcılığının zirvəsi “Koroğlu” operası sayılır. Müəllif bu əsərində klassik opera qaydaları əsasında bitkin ariyalar, kütləvi xor səhnələri yarada bilir.

O, 300-dən çox xalq mahnısını toplayıb nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor üçün əsərlər yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin, indi isə müstəqil Azərbaycanın dövlət himninin musiqisi Üzeyir bəyə məxsusdur. Ə.Cavadın sözlərinə bəstələdiyi “Çırpınırdın, Qara dəniz” mahnısı təkcə Azərbaycanda deyil, Türkiyədə də çox məşhurdur.

Üzeyir Hacıbəyovun yaradıcılığında Qərb və Şərq musiqi üslubları birləşdirilib, onun tərəfindən Azərbaycan xalq musiqisinin elementləri klassik Avropa ənənələrinə uyğunlaşdırılıb. Bu metoddan istifadə edərək Hacıbəyov 1908-ci ildə Azərbaycan şairi Füzulinin eyni adlı poeması əsasında ilk Azərbaycan operası “Leyli və Məcnun”u yaratdı. 1909-cu ildə yaratdığı “Şeyx Sənan” adlı ikinci operası üslubuna görə sələfindən xeyli dərəcədə fərqlənirdi və əsasən müəllifin musiqisindən ibarət idi.

Bundan əlavə, Hacıbəyov həm də Azərbaycan opera məktəbinin qurucusu hesab olunur.

Azərbaycan musiqisinin sütunu sayılan Üzeyir bəy 1918-ci ildə Azərbaycan himnini bəstələdi. 1920–1991-ci illərdə Azərbaycanın SSRİ ittifaq respublikalarının tərkibinə daxil olması səbəbindən bu himn səsləndirilmirdi. Lakin 1930-cu ildə Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 10-cu ildönümü münasibətilə Üzeyir bəy Azərbaycan SSR-in yeni himn sözlərini və musiqisini yazdı. Yeni himn ilk dəfə 28 aprel 1930-cu ildə Hacıbəyovun rəhbərliyi altında səsləndirildi. 1930-cu ilə aid Azərbaycan SSR-in himni kantata janrına oxşar olduğundan ona bəzən kantata da deyilir. Artıq 1944-cü ildə o, ittifaq respublikasının yeni himnini tərtib etdi, hansı ki Azərbaycan SSRİ-in tərkibindən çıxanadək səsləndirilirdi. 1991-ci ildə 1918-ci ilə aid köhnə himn yenidən “dövlət” statusunu aldı.

Bakı Musiqi Akademiyası, Azərbaycan Bəstəkarlar İttifaqının möhtəşəm salonu, Azərbaycan Dövlət simfonik orkestri, paytaxtımızın mərkəzi küçələrindən biri onun adını daşıyır. Bakıda memorial ev-muzeyi fəaliyyət göstərir. Bakı Musiqi Akademiyasının qarşısında heykəli qoyulub.

1959-cu ildə Şuşada abidəsi və büstü qoyulub. Daha sonra, BBC jurnalisti Tomas de Vaalın sözlərinə əsasən, “gülləbaran edilmiş, ikiyanlı pencəkdə və qırılmış eynəkdə” olan büst sökülüb və 1992-ci ildə Şuşanı zəbt edən ermənilər onu metal kimi Gürcüstanda satışa qoymuşdular. 1992-ci ilin may ayının 8-də Şuşanın işğalı zamanı təkcə şuşalıların evləri yox, tarixi abidələrimiz də erməni qəsbkarlarının qurbanına çevrilib. Beynəlxalq Haaqa Konvensiyasının tələblərinə məhəl qoymayan ermənilər Bülbül və Natəvanın heykəli ilə yanaşı Üzeyir bəyin də heykəlini müxtəlif hissələrdən güllələyiblər. Həmin heykəllərin tunc materialına tamah salan düşmənlərimiz heykəllərdən gəlir əldə etmək məqsədilə əvvəlcə Yerevana, sonra da Gürcüstana aparıblar. Xoşbəxtlikdən Gürcüstanda yaşayan həmvətənlərimiz təsadüfən bu heykəlləri görüblər. Bununla bağlı müvafiq qurumlara məlumat veriblər. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsi ilə həmin heykəllər Bakıya gətirilib. 2000-ci ildən muzeyin kolleksiyasına daxil olub.

2021-ci ilə qədər büst Azərbaycan İncəsənət Muzeyinin açıq havasında nümayiş olunurdu. 14 yanvar 2021-ci ildə büstü öz doğma torpağında – Şuşada yenidən quraşdırılıb

sputnik.az

Faydalı linklər