Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dahiləri bir də belə tanıyaq!


O öz yaradıcılığı, zəngin mənalı rübailəri, riyazi, astronomik fəaliyyəti ilə dünya elminin ən dəyərli zəka sahiblərindədir. Qərinələr boyu əsərləri dünyanın bir çox dillərinə, o cümlədən qaraçı dilinə belə tərcümə edilən şairdir. Qriqori təqvimindən 7 saniyə daha dəqiq çalışan təqvimin yaradıcısıdır. Söhbət  zülmkarın düşməni, məzlumların dostu, dahi fars şairi Ömər Xəyyamdan gedir…

Əsl adı Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam  olan dahi şair Nişapur şəhərində çadır satan  ailəsində doğulmuşdur. Yaşadığı dövrdə İbn Sinadan sonra ən yaxşı alim kimi qəbul edilirdi. Tibb, fizika, astronomiya, cəbr, həndəsə və riyaziyyat elmlərində önəmli çalışmaları olan Ömər Xəyyamın öz dövrünə görə  bütün elmləri bildiyi söylənilir. O, digərlərindən fərqli olaraq əsərlərinin çoxunu qələmə almayıb, bəlkə də adını eşitdiyimiz bir çox teoremlərin müəllifidir. Xəyyam özündən sonra gələn xeyli şairə təsir etmiş, rübai sahəsində tək nümunə olaraq yaddaşlarda qalmışdır. Şairə deyirdilər ki, sən dahisənsə, niyə rübailərlə vaxt itirirsən? Sənə bu savadı verən müəllimlər kitab yazmadan ölüblər, sən onların etdiyini etmə, bildiklərini yaz. Ömər Xəyyam da deyir ki, “Elm kitabları bir-birini təkzib etməyə davam edəcək və mən gülünc vəziyyətə düşmüş olacağam. Amma əsrlər boyu şeir, rübai dəyişilməz qalır”.

O, həddən artıq danışmağı, uzun-uzadı cavab verməyi sevərmiş. Deyilənlərə görə, bir suala düz yarım günə cavab verirmiş. Hətta oxuduğu kitabı bir gün ərzində  əzbərləyə bilirmiş.

İslam mədəniyyəti tarixində bəlkə də Ömər Xəyyam qədər mübahisələrə səbəb olan, haqqında ziddiyyətli fikirlər irəli sürülən ikinci şəxsiyyət tapmaq mümkün deyil. Bəziləri onu az qala İbn Sina qədər hikmət sahibi, qüdrətli filosof, Biruni qədər bacarıqlı astronom hesab etmişlər. Bəziləri isə tam əksinə, onu yüngül həyat sürən və bu cür həyatı təbliğ edən, axirət aləminə inanmayan və ölümdən sonra həyat olmadığını söyləyən, dünyanın puçluğunu şərabla unutmağa çalışan, gözəllərdən ilham alan eyş-işrət şairi kimi təqdim etmişlər. Elə bu üzdən Ömər Xəyyamın rübailərini kef məclislərində sağlıq əvəzinə söyləmiş və bu gün də söyləməkdədirlər. Bəs həqiqət nədən ibarətdir? Doğrudanmı Ömər Xəyyam kafir, dinsiz və allahsız imiş?

Fəlsəfi rübailərində tez-tez içki mövzusuna müraciət edən şairin sözlərinə görə, istənilən adam içki sayəsində həyat və sevinc, ilham və aydınlıq tapa bilər. Əslində şairin islam dövlətinin vətəndaşı olduğunu nəzərə alsaq, içkini onun bu şəkildə mədh etməsi böyük maraq doğurur. Lakin digər tərəfdən isə belə bir fakt da         var ki,  Ömər Xəyyamın ilk baxışda İslam ehkamı ilə uyğun gəlməyən, zahirən əyyaşlığı, şərabı, eyş-işrəti təbliğ edən  rübailərin hamısının həqiqətən ona məxsus olub-olmadığı şübhə altındadır.

Bütün bu fərziyyələri nəzərə alsaq, ortaya belə bir sual çıxır: Əgər Ömər Xəyyam həqiqətən gününü əyyaşlıqla keçirirmişsə, hikmət və fəlsəfənin, cəbr və həndəsənin çətin bəhslərini necə öyrənib mənimsəmişdir? Başı kef məclislərinə qarışan, dünyanın problemlərindən sərxoşluq vasitəsilə qaçmağa çalışan bir adamda zehin aydınlığı, sağlam məntiq, güclü hafizə ola bilərmi?

Mütəxəssislərin qeydlərindən də bu nəticəyə gəlirik ki, Ömər Xəyyam çoxlarının təsəvvüründə canlandırdığı əyyaş şair, dinə qarşı çıxan kafir deyil, dünyanın gedişatını öz nuru ilə işıqlandıran mütəfəkkir olub. Onun haqqında deyilməyənlər dilə gətirilənlərdən, hələ qaranlıq qalanlar gün üzünə çıxarılanlardan daha çoxdur.

Qapalı həyaz tərzi keçirən Ömər Xəyyam evlənməyib. Onu anlaya bilməyən, yaxud anlamaq istəməyən ruhanilərin daimi təqiblərindən həmişə qorxu içində yaşayıb. Onun fikrincə, gerçək olan yaşanandır, o biri dünyada ikinci bir həyat yoxdur. İnsan yaşadıqca gerçəkdir, gerçək isə yaşananlardır. Ən yaxşı ölçü ağıl və sağlam fikirdir. İnsan bir ağıl varlığıdır. Gerçəyə ancaq ağıl yolu ilə çata bilər.

Ömər Xəyyamın ölüm tarixi məlum deyil. Bəzi mənbələrə görə, 72 il ömür sürən  şair həyatının son saatlarında İbn Sinanın “Şəfa kitabı”nı diqqətlə oxuyurmuş. Axşam namazını başa çatdırandan sonra səcdəyə gedərək deyib: “Ay Allah, Sən bilirsən ki, mən Səni imkanım daxilində dərk etmişəm. Məni bağışla, mənim idrakım Sənin qarşında xidmətimdir”. Bununla da həyatla vidalaşıb. Son vəsiyyəti isə belə olub:  “Qəbrim elə yerdə olacaq ki, yaz fəslində əsən meh onu çiçəklərə qərq edəcək”. Doğrudan da, belə olub. Qonşu bağın armud və qaysı ağaclarının qəbiristanlıq hasarından sallanan güllü-çiçəkli budaqları böyük mütəfəkkirin qəbrinə çətir tuturmuş…

Sinoplu Diogen

Fəlsəfə tarixinin əfsanəvi siması, Sinoplu Diogen… İskəndərə meydan oxuyan, çəlləkdə yaşayan, günün günorta çağı əlində çıraq adam axtaran bu filosof fəlsəfə elminə yenilik gətirməklə yanaşı, qeyri-adi həyat tərzi yaşayan ən gülməli dahi kimi də tarixdə iz qoyub…

Sinoplu Diogen (Diogenes) eramızdan əvvəl 400-cü ildə Sinop şəhərində anadan olub. Deyirlər ki, Diogenin atası Gikesey puldəyişən olub. Onların sikkə sexləri də varmış. Qəribə yaşayış tərzi olan, tikanlı sözləri ilə seçilən Diogen “kinizm”in banisi sayılır. Bəs kinizm nədir? Kinizm termini fəlsəfənin bir qolu sayılır, “it kimi sərbəst, azad həyat sürmək” anlamı daşıyır. Mənbələrə əsasən, bir dəfə Diogen ovcuna bulaqdan su doldurub içən balaca oğlana rast gəlir. Su içdikdən sonra bir parça çörəyi əlinə alıb, ləzzətlə yeyən balacanı həvəslə seyr edən Diogen, əlindəki boşqabı və su fincanını yerə atıb kinik olmağa qərar verir. O düşünür ki, təbiət ehtiyaclarımızı ödəmək üçün bizə hər şey verib və əlavə əşyalara gərək yoxdur. Bu səbəbdən də, evini tərk edib, çəlləkdə yaşamağa qərar verir. Uzun əsrlər  boyu  Diogenin rəsmini çəkənlər də onu çəlləkdə təsvir ediblər. Amma tədqiqatçılar deyirlər  ki, bizim anladığımız çəllək qədim yunanlara məlum olmayıb. Diogenin yaşayış evi gildən olan qab – pifos imiş. O dövrlə bağlı arxeoloji qazıntılar zamanı məhz belə qablar tapılıb. Yumurta şəkilli adi pifoslar 1,5-2 metr hündürlüyündə olurdu. Onları evin içində yerə basdırar, içinə adətən dən yığardılar. Diogen öz “ev”ini şəhər meydanında qoyubmuş. Orada həm yaşayar, həm də insanlara  “necə azad olmağı” öyrədərmiş. Canını bərkitmək üçün yayda qaynar qumla üstünü örtər, qışda isə qarla örtülmüş heykəlləri qucaqlayarmış.

Sinoplu Diogen haqqında bir çox maraqlı əhvalatlar və lətifələr dolaşır. Mövcud qanun və qaydalara meydan oxuyaraq cəmiyyətə qarşı çıxan filosofun ən məşhur əməli isə gündüz çıraq əlində küçələri dolaşaraq  adam axtarması olub. Belə ki, o, bəzən insanların arasında əlində lampa tutub, lüt gəzirdi. Kənardan keçənlərin “Bu günəşli gündə lampa nəyinə lazımdır” sualına Diogen “İnsan axtarıram” deyə cavab verirdi.

Deyilənə görə, dahi sərkərdə Makedoniyalı İskəndər Diogenin pərəstişkarı idi və onu görməyi çox istəyirdi. Hətta o, “Dünyaya bir daha gəlsəydim, Diogen olardım” deyirdi. Günlərin bir günü İskəndər arzusuna çatır və Sinop sahillərinin birində Diogenə rast gəlir. Diogen qumlu sahildə uzanıb, Günəşi seyr edirdi. Sərkərdənin onun qarşısında durub, “Mən Makedoniyalı İskəndərəm, nə istəsən yerinə yetirə bilərəm” təklifinə Diogen “Günəşin qarşısından kənara çəkil” deyə cavab vermişdi.

Özünə “it Diogen” deyərmiş. Bir dəfə soruşurlar: “Özünə it deyirsən. Hansı cinsdənsən?” O, belə cavab verib: “Ac olanda Malta iti, tox olanda Molos cinsi”.

Başı tam keçəl, beli bükülmüş, bir az donqar olan filosof əyninə nimdaş paltarlar geyinər, ayaqyalın gəzər, uzun saqqal saxlayarmış. O, hər şeyə nifrətlə yanaşardı: hakimiyyətə, pula və insanların axmaq illüziyalarına… Amma camaat arasında böyük hörmət sahibi idi. Qadınlara nifrət edər, amma onlara yazığı da gələrdi. Bəzən gecənin ortası ən gözəl qadınlar gizlicə, sifətini gizlədib Afina meydanına gələr və gil pifosda yaşayan çirkli kişi ilə dərdləşərdilər. Nə qədər acıdil olsa da, bir-iki parç şərabdan sonra çox şən və xoşbəxt olan  bu adamla söhbət etmək qadınlar üçün xoş idi.

Deyilənə görə, filosof  hər gün şəhərin mərkəzində yerləşən heykəllər parkına gedərək oradakı heykəllərdən pul dilənirmiş. Camaat bu hərəkətin  səbəbini soruşanda, o belə cavab verərdi: “Mən məşq edirəm… bu yaxında dilənçi olacam, indi isə burada özümü, insanlar mənə pul verməyəndə kədərlənməməyə alışdırıram!”.

Deyirlər,  filosofun ölümünə səbəb çiy osminoq (səkkizayaqlı ilbiz) yeməsi olub. Nəticədə vəba xəstəliyinə tutulub. Bir başqa versiyaya görə isə nəfəs dayanmasından dünyasını dəyişdiyi deyilir.

Diogenə çoxlu misdən abidələr ucaldıblar. Bunlardan biri onun vətənində – Sinopdadır. İt şəklində olan abidənin üzərində bu sözlər yazılıb: Zaman daşı da, bürüncü də yeyir, amma sənin sözlərin, Diogen, əbədi yaşayacaq. Axı sən bizə aza qane olmağı öyrətmisən və xoşbəxtliyə gedən yolu göstərmisən!…

respublika-news.az

Faydalı linklər