Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dahiləri bir də belə tanıyaq


Mirvarid Dilbazi

Şeirim qəlbinizə yol tapa bilsə,

Heç vaxt əyə bilməz bir kədər məni…

Belə demişdi XX əsr ədəbiyyatının ən görkəmli nümayəndələrindən olan, Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazi… Bir ömür şeir yazan Mirvarid xanım heç vaxt torpaqdan qopmadı, əksinə torpağa sığındı, insanın torpaqdan yarandığını unutmadı. Elə bu səbəbdən də kəfənini çantasında gəzdirdi, hətta qəbiristanlıqdan özünə yer belə aldı… Onun həyat düsturu təxminən belə oldu: Əsilzadə kimi doğuldu, yoxsulluğu daddı, ayaq üstündə durmağı bacardı, zərif sevgi yaşadı, ayrılıqlara alışdı…

Mirvarid xanım Qazax qəzasının Musaköy (indiki Xanlıqlar) kəndində anadan olub. Onun babası Mustafa “37-nin” qurbanlarındandır. Qazaxıstanda sürgün həyatı yaşayıb, orada da dünyasını dəyişən babasının məzarının yeri bu günə qədər də məlum deyil. Şairənin ulu babası Əbdürrəhman ağa Dilbazi Xanlıqlar kəndində doğulub, dövrünün ən mütərəqqi aydınlarından, ictimai xadimlərindən olub. Sisianovun Gəncə xanı Cavad xanı qətlə yetirməsinə divan yazdığı üçün gözləri çıxarılıb.

Ali təhsilini bitirdikdən sonra Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunub. Deyilənə görə, şeirlərini əski əlifba ilə yazıb, sonradan makinaya köçürüb.

Mirvarid Dilbazi iki dəfə ailə həyatı qurub. Onun birinci həyat yoldaşının adı Rəşid olub. Rəşidlə Mirvarid xanım qohum olublar. Rəşid bəy isə məşhur rəqqasə Əminə Dilbazinin qardaşı idi. Mirvarid xanımla həyat yoldaşının həm soyadı, həm də atalarının adı eyni olub – Dilbazi Rəşid Paşa oğlu, Dilbazi Mirvarid Paşa qızı. Ona görə də, nikah zamanı hər kəs məətəl qalıb, deyiblər, bacı-qardaşla ailə qurur? Şairənin bu izdivacdan bir qız övladı dünyaya gəlib. O, ikinci dəfə əslən Qubadlıdan olan Həsi Abdullayevlə ailə qurub. Onu da qeyd edək ki, şairə ailə quranda artıq bir nəvəsi var idi.

Deyilənə görə, yumşaq olduğu qədər də zabitəli qadın olub. Ailədə ondan çəkiniblər. O, həm də çox işgüzar xanım olub. Yaxşı biş-düş qabiliyyəti olan Mirvarid xanım xüsusilə, qurutlu xəngəli yaxşı bişirərmiş. Xəngəl üçün qurutu isə mütləq özü hazırlayıb eyvanında qurudurmuş. İçki içməyi heç sevməyib. Hətta qohumları belə məclislərdə ondan gizlin içiblər. Qızı Xatirə Dilbazi müsahibələrinin birində bu haqda deyir: Mən deyib-gülməyi, əylənməyi xoşlayıram. Bibim Əminə xanım da belə idi. Ona görə anam ona acıqlanırdı həmişə. Anamın yanında bərkdən gülmək, ucadan danışmaq, yüngül hərəkətlər etmək olmazdı. Bağa toplaşırdıq, kabab çəkirdik, bunu içkisiz necə yola verəsən? Keçib evdə gizlin içirdik…

Evində həmişə “Quran” olan Mirvarid xanımın anası namaz qılan qadın olub. Özü də həmişə “Quran”ı orijinaldan oxuyub. Evi həmişə qonaq-qaralı olan şairə gələnlərdən heç vaxt pay götürməyib. Deyib ki, məni çox istəyən bənövşə gətirsin. Bu haqda bir şeiri də var. Hətta Elçibəy prezident olanda onunla görüşüb. Mirvarid xanımın Elçibəydən yeganə xahişi “Yazıçı” nəşriyyatının 2 milyon rubl borcunu bağışlaması olub.

88 il ömür sürən şairə həyatının son günlərində yatağından qalxa bilməyib. Zəlimxan Yaqub onun yanına gedib, evdəki sazla bir neçə saz havası ifa edib. İfanın sonunda otaqdakıların çöhrəsini diqqətlə süzən şairə deyir: “Demişəm Xatirəyə, məni anamın yanında basdırın. Onsuz dura bilmirəm. Anamın laylasına möhtacam”.

Müsahibələrinin birində qızı deyir ki, anam kəfənini alıb çantaya qoyub. Hər dəfə deyirdi ki, ölüb-eləsəm, özünüzü itirməyin. Heç nədən qorxmurdu. Camaat gedib qızıl-gümüş alanda o, köhnə qəbiristanlıqda özü üçün yer alıb. Vəsiyyət etmişdi ki, məni Fəxri Xiyabanda yox, anamın yanında basdırın. Elə də etdik…

Joze Saramaqo

“Mən, əslində pis adam deyiləm, amma həmişə dilimin bəlasına düşürəm”. Bu sözləri dünyaşöhrətli Portuqaliya yazıçısı Joze Saramaqo özü haqda demişdi…

Yazıçı Lissabon yaxınlığındakı Azinaqa qəsəbəsində çox yoxsul bir ailədə dünyaya göz açıb. Ailənin Souza soyadı daşımasına baxmayaraq, doğum şəhadətnaməsində onun soyadı tünd xasiyyətli atasına verilən ad – Saramaqo (mənası yabanı, acı turp deməkdir) kimi yazılır. Jozenin soyadı ilə bağlı narahatlıqlar məktəbə gedən dönəmlərdə daha çox baş qaldırıb. Lakin ailənin bütün cəhdlərinə rəğmən Saramaqo soyadını dəyişdirmək mümkün olmayıb.

İbtidai təhsilini bitirdikdən sonra Saramaqo təhsilini kollecdə davam etdirməyə başlamış, ancaq ailənin yoxsulluğu nəticəsində təhsilini yarımçıq buraxmaq qərarına gəlmişdir. Ailəsinin maddi durumuna yardım etmək məqsədilə avtomobil emalatxanasında usta köməkçisi işləməyə başlamışdır. Gündüzlər işləyən Saramaqo gecələr kütləvi kitabxanaların birində mütaliə edib dünyagörüşünü və savadını artırmaqla məşğul olsa da, ömrünün sonuna qədər heç bir ali təhsilə yiyələnməmişdir.

Joze Saramaqo çox gənc yaşlarında rəssam İlde Reyşlə ailə həyatı qurur. Bu izdivacdan onların bir qız övladı dünyaya gəlir. Lakin bir müddət sonra yazıçının bu nikahı uğursuzluqla nəticələnir. O, İlda Reyşlə yollarını ayırır. İkinci dəfə əslən İspaniyadan olan jurnalist Pilar del Rio ilə ailə həyatı qurur.

Yazıçının “Korluq” romanı ona dünya şöhrəti qazandırıb. Müəllifin “İsanın incili” romanı isə onun yaradıcılığında xüsusi mərhələ təşkil edib. Nobel mükafatına layiq görülmüş bu əsər ən söz-söhbətli romanlardan olub. Joze Saramaqo bu romana görə, hətta ölkəsindən belə didərgin düşüb. Belə ki, Portuqaliyanın hakim dairələri tərəfindən romanın yayımı dayandırılıb, hətta katolik kilsəsində qəti etirazlar olub. Din xadimləri yazıçının küfrdə, insanları xristian dininə və onun peyğəmbərinə olan inamsızlıqda günahlandırıblar. Lakin tənqidlərə və senzuralara məruz qalan roman əlliyə yaxın dilə tərcümə olunub və ən çox mütaliə olunan əsərlər sırasına düşüb. Ölkəsindən ayrı düşməsinə səbəb olan “İsanın incili” romanına qarşı olan tənqidlərdən sonra yazıçı özü haqqında belə deyib: “Mən, əslində pis adam deyiləm, amma həmişə dilimin bəlasına düşürəm”.

Böyük yazıçının ən yaxşı tərəflərindən biri də əsərlərinin sonluqlarının gözəl olmasıdır. O, öz əsərlərini üç nöqtə ilə bitirib oxucusunu sirli sual qarşısında qoymağı qətiyyən sevməyib. Romanlarını parlaq, dinamik və ibrətamiz sonluqlarla bəzəyən Joze Saramaqo 87 yaşında leykoz xəstəliyi səbəbindən Kanar adalarındakı evində dünyasını dəyişib.

Herman Melville

“Mükəmməl kitab yazmaq istəyirsinizsə, mükəmməl bir mövzu seçməlisiniz”. Belə demişdi Amerikanın məşhur yazıçısı və şairi Herman Melville… Bəlkə də elə bu səbəbdən yazıçı ona məşhurluq gətirən iki böyük əsərini yazdıqdan sonra qələmi ilə vidalaşıb…

Herman Melville Nyu-Yorkda zəngin ailədə dünyaya gəlib. 8 uşaqlı ailənin üçüncü övladı olan Herman 13 yaşında atasını itirib. Atasının vəfatından sonra çətinliklərlə üz-üzə gələn yazıçı bir tərəfdən oxuyub, digər tərəfdən isə müxtəlif yerlərdə işləməli olub. Şekspirin əsərlərindən ilhamlanan Melville zaman keçdikcə özünü inkişaf etdirib və “Katib Bartlebi” adlı ilk əsərini yazıb. O, bu kitabı ilə bir o qədər diqqət çəkməsə də “Bartlebi sindromu”nun əsasını qoyub. Nəşr etdirdiyi ilk hekayələr toplusuna olan maraqdan sonra isə “Mardi” adlı çox ağır oxunan əsərini yazıb. Daha sonra ən böyük romanı – “Mobi Dik”i ilə uğur qazansa da, 34 yaşında yazmağın daşını atıb. Elə bu ərəfədə də ailəsinin yaxın dostunun qızı Elizabeth Knapp Shaw ilə evlənib. Bu izdivacdan onların 4 övladı dünyaya gəlib. Daha sonralar Massaçusetsə köçən yazıçı orada bağ evi alıb, təsərrüfat işləri ilə məşğul olub. “Arrowhead” adını verdiyi bu ev sonralar onun muzeyinə çevriləcəkdi…

Qəribə, melanxolik həyat tərzi keçirməyə meyilli olan yazıçı insanlarla ünsiyyət qurmaqdan çəkinər, qaranlıq düşəndən sonra altı ədəd şam yandırıb onun işığında yazarmış. Ona elə gəlirmiş ki, gecə sonsuz, nəhayətsizdir, onun sərhədi yoxdur, o fasiləsiz işləyə bilər. Bəzən o saatı geri və ya irəli çəkərək özünə gecə effekti yaradır, pərdələri bərk-bərk bağlayıb yazı masasına otururmuş. Deyilənə görə, yazıçının nöqtə-vergüllə çox böyük dərdi olub. Belə ki, qarmaqarışıq xətti olan yazıçı durğu işarələrinin işlənmə yerini ömrünün sonuna qədər anlaya bilməyib. Ölümündən sonra daha da populyarlaşan yazıçı 72 yaşında qəflətən ürək çatışmazlığından Nyu-Yorkda vəfat edib.

respublika-news.az

Faydalı linklər