Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

18 Oktyabr Müstəqilliyin Bərpası Günüdür


XX əsrin sonunda yaranmış tarixi şərait Azərbaycana öz dövlət müstəqilliyini bərpa etmək imkanı verdi.  Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən artıq 32 il ötür. Azərbaycanı müstəqilliyə aparan yolda qəbul olunan ilk rəsmi sənəd 1991-ci il avqustun 30-na təsadüf edir. Həmin gün Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında” bəyannamə qəbul olunmuşdur. Bunun ardınca Azərbaycan Respublikası Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edilmişdir.O vaxtdan Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu.

Azərbaycan  Respublikasının  müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə  Respublikası,  sonra Rumıniya  (11 dekabr 1991), Pakistan  (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və başqa dövlətlər tanıdı.

2 mart 1992-ci ildə Azərbaycan müstəqil dövlət kimi BMT-yə üzv qəbul edildi. Dövlət müstəqilliyinin bərpası yaranmış tarixi şəraitdən əlavə, həm də Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində mümkün oldu. Azərbaycanın müstəqilliyi ağır sosial-iqtisadi şəraitdə və xalqımızın ağır sınaqlardan keçdiyi bir dövrdə əldə edildi.  Müstəqilliyi bərpa etdikdən qısa müddət sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və elan olunmamış müharibə şəraiti, digər tərəfdən dövlət rəhbərliyindəkilərin səriştəsizliyi, daxildə gedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini yaradırdı.
Məhz belə bir zamanda Azərbaycan xalqının tələbi ilə 1993-cü ildə Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan ardıcıl islahatlar həyata keçirməyə başladı, qısa zaman ərzində Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi və bunun ardınca ölkə iqtisadiyyatında bazar iqtisadiyyatı prinsipləri əsas götürülməyə başlandı. Nəticədə, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası təmin olundu. Dünyanın nüfuzlu şirkətlərinin, xüsusən böyük neft şirkətlərinin Azərbaycandakı karbohidrogen resurslarının işlənməsinə cəlb olunması dayanıqlı inkişafın əsasını qoydu. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən Ulu Öndər Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğunu elan etdi. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi üçün misilsiz islahatlar həyata keçirir. Azərbaycan hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşayır. Ölkə başçısının siyasi iradəsi nəticəsində daha da güclənən Azərbaycan sosial dövlətə çevrilmişdir. Bunun nəticəsində insanlarımız rifah içində yaşayır və onların rahat yaşaması üçün hər cür şərait və imkanlar mövcuddur.

Bugünkü reallıqlar və əldə etdiyimiz 44 günlük şanlı Zəfər tariximiz haqqında çox danışılacaq, çox layihələr icra olunacaq, kitablar yazılacaq. Vətən müharibəsində qalib gəlməklə biz ərazi bütövlüyümüzün və azad olunmuş ərazilərdə suverenliyimizin təmin olunması ilə yanaşı, müstəqillik tarixində ilk dəfə itirilmiş torpaqların geriyə alınmasına nail olduq.

Bu tarixi zəfərin məntiqi davamı olaraq, 15 oktyabr 2023-cü ildə  Prezident İlham Əliyev tarixin gedişini Azərbaycanın xeyrinə birmənalı  dəyişib xalqımızın öz torpaqlarında suveren yaşamaq hüququnu ən parlaq şəkildə bütün dünyaya nümayiş elətdirdi və erməni separatizminə rəsmi olaraq son nöqtəni qoydu. Dövlətimizin başçısı  Azərbaycanın üçrəngli və müqəddəs bayrağını Xankəndində ucaldaraq bir daha əminliklə vurğuladı: “Azərbaycan xalqı öz tarixi torpaqlarında bundan sonra da əbədi olaraq yaşayacaqdır!”

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər