30/10/2023
Kvant fizikası sahəsində fəaliyyət göstərən bəzi mütəxəssislər bədənin fizioloji ölümündən sonra ruhun və axirətin varlığını istisna etmirlər. Lakin Con Hopkins Universitetinin professoru Şon Kerroll isə mövzuya elmi baxımdan yanaşaraq bunun tam əksini iddia edir.
Türkiyə mətbuatının yaydığı xəbərə görə, alim fiziki ölümdən sonra həyatın qeyri-mümkün olduğunu düşünür. O, gündəlik həyatın əsasını təşkil edən fizika qanunlarının tamamilə başa düşüldüyünü ifadə edib. Qeyd edib ki, insanın fiziki olaraq öldükdən sonra başqa bir dünyada yaşamağa davam edə biləcəyinə dair heç bir maddi anlayış yoxdur.
“Bu ona görədir ki, ölümdən sonra beynimizdə məlumat saxlaya biləcək hissəcik və qüvvələr yoxdur. Həyatımızı təyin edən kimyəvi reaksiyadan sonra ölümdən əvvəl kim olduğumuza dair məlumatın qalması mümkün deyil. Bu, fizika qanunlarına ziddir”.
Kerroll həmçinin əlavə edib ki, məsələni daha ətraflı öyrənməyə ehtiyac yoxdur, çünki bu, həyatın fiziki olaraq necə baş verdiyinə dair nəzəriyyəyə mahiyyətcə uyğun gəlmir.
respublika-news.az