03/11/2023
Böyük Britaniyada süni zəka təhlükəsizliyi mövzusunda keçirilmiş sammitdə iştirak etmiş ABŞ vitse-prezidenti Kamala Harris ABŞ-da Süni Zəka Təhlükəsizliyi İnstitutu layihəsinin işə salındığını elan edib. Sözügedən institut ABŞ Milli Texnologiyalar və Standartlar İnstitutu (NIST) çərçivəsində yaradılacaq. İnstitutun əsas tapşırığı isə potensial təhlükəli süni zəka sistemlərinin test olunması və qiymətləndirilməsi üçün lazım olan məsləhətlər ilə standartların formalaşdırılması olacaq.
İnstitut əsasən kiberhücumların modelləşdirilməsi üzrə sınaqlar aparacaq, süni zəka tərəfindən tərtib edilmiş kontentlərin identifikasiya məsələləri ilə məşğul olacaq və süni zəka texnologiyalarının istifadəsində şəffaflığın təmin olunmasına hədəflənəcək. Kamala Harris-in sözlərinə əsasən texnoloji şirkətlər çox zaman gəlirə hədəfləndikləri üçün istifadəçilərin təhlükəsizliklərini nəzərə almırlar. Buna görə də innovasiyaların qarşısını almadan süni zəka sahəsinin tənzimlənməsini gücləndirmək lazımdır.
© technote.az