Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

8 Noyabr Zəfər Günümüz mübarək!


Bu gün Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfərinin üçüncü ildönümüdür. Bildiyimiz kimi, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribat xarakterli növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrin Ali Baş Komandanının göstərişi ilə müzəffər Azərbaycan Ordusu əks-hücüm əməliyyatına başladı. Məhz ölkə başçısının qətiyyəti, uzaqgörən siyasi iradəsi, rəşadətli ordumuzun şücaəti, xalqımızın birliyi sayəsində İkinci Qarabağ müharibəsi Azərbaycanın hərbi və siyasi arenada mütləq qələbəsi ilə nəticələndi. Uzun illərdir işğal altında olan əzəli və əbədi torpaqlarımız düşməndən azad edildi, xalqın doğma yurd həsrətinə 44 gündə son qoydu.

Dünya hərb tarixinə misli görünməmiş qələbə kimi həkk olunan Vətən müharibəsinin ən şanlı səhifələrindən biri də Qarabağın incisi hesab olunan Şuşa şəhərinin əsarətdən xilas edilməsi oldu. Döyüş meydanında düşmən qüvvələrini darmadağın edərək zəfər çalan Azərbaycanın tam qələbəsi isə işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarının ölkə başçısının siyasi iradəsi nəticəsində döyüşsüz geri qaytarılması idi. Bu Zəfər Salnaməsi, eyni zamanda, Prezident-Xalq birliyinin təcəssümü kimi Azərbaycanın hərbi və iqtisadi gücünü bütün dünyaya nümayiş etdirdi.

Son üç il ərzində xalqımızın doğma torpaqlarına geri qayıtması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı bərpa-quruculuq işləri aparılıb, dağıntılara məruz qalmış tarixi abidələr yenidən dirçəldilib, müasir dövrün tələblərinə cavab verən yüksək texnoloji infrastruktur obyektləri istifadəyə verilib. Azad olunmuş ərazilərdə həyat fəaliyyətinin təmin olunması üçün sağlamlıq mərkəzləri, idman kompleksləri, məktəb və bağçalar inşa edilib. Qısa zamanda aeroportlar, elektrik stansiyaları və digər əhəmiyyətli obyektlər inşa olunub, doğma torpaqlarımıza rahat gediş-gəlişin təmin edilməsi məqsədilə nəqliyyat infrastrukturu bərpa olunub. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda həyata keçirilən əməli tədbirlər isə Azərbaycanın regionda mövqeyinin möhkəmlənməsi və beynəlxalq tərəfdaşlığın genişləndirilməsinə istiqamətlənir.

Müharibədən üç ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan rəhbərliyi üçtərəfli bəyanatı yerinə yetirməkdən imtina edir, müxtəlif hərbi, siyasi təxribatlara əl atırdı. Heç vaxt başladığı işləri yarımçıq qoymayan və bütün fəaliyyəti boyunca “nəyi, nə zaman və necə” etməyin ən yaxşı nümunələrini göstərən Azərbaycan Prezidenti İlham Əliyevin suverenlik və ərazi bütövlüyü anlayışı heç bir zaman müharibənin nəticələri ilə məhdudlaşmadı, sonrakı 3 il ərzində həyata keçirilən siyasət və görülən bütün işlər prosesin davamı oldu və 2023-cü il sentyabrın 20-də öz məntiqi sonluğuna çatdı. Bütün təzyiqlərə və hədələrə baxmayaraq, Prezident İlham Əliyev uzaqgörənliklə, praqmatik şəkildə, barışmaz prinsipiallıq və qəti iradə nümayiş etdirərək Xankəndində Azərbaycanın dövlət bayrağının asılacağı günü yaxınlaşdırdı. 2023-cü il sentyabrın 19-da başladılan və cəmi 23 saat 51 dəqiqə davam edən antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin birləşmələri təslim oldular, separatçı rejimin varlığına son qoyuldu. Oktyabrın 15-də Xankəndində Azərbaycan bayrağının ucaldılması öz tarixi əhəmiyyətinə görə 44 günlük müharibə və 8 noyabr Zəfər gününə bərabər növbəti parlaq qələbə oldu. Bu Qələbə təkcə son 30 ildə deyil, iki əsr ərzində gözlədiyimiz ümidlərimizin gerçəkləşməsi, milli varlığımızın, hər birimizin, gələcək nəsillərin özünütəsdiqi deməkdir. Qələbə müstəqillik tariximizin ən parlaq səhifəsidir. Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur.

Zəfər Günümüz mübarək!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.