Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

James Webb erkən kainatda ən böyük qalaktikaları kəşf edib


James Webb  kosmik  teleskopu müasir kosmologiyanın sərhədlərini genişləndirməyə davam edir. Bu dəfə o, erkən kainatda mövcud olmuş ən uzaq məsafədə yeni qalaktikaları aşkar edib. Teleskop tərəfindən aşkar edilmiş yeni qədim qalaktikalar Böyük partlayışdan 300-400 milyon il sonra formalaşıblar. Yeni qədim qalaktikalar qravitasiya linzası üsulu vasitəsilə kəşf edilib. James Webb-in ən müasir teleskop olmasına baxmayaraq o da müəyyən məhdudiyyətə sahibdir. Alimlər detallı müşahidələr üçün Abel 2744 adlı qalaktikalar qruplaşmasının ətrafındakı zonanı seçiblər. Bu qalaktikalar qruplaşması Yer kürəsindən təqribi olaraq 3.5 milyard ışıq ili uzaqlığında yerləşir.

Sözügedən qalaktikalar qruplaşması öz ətrafındakı məkan-zamanı elə güclü şəkildə təhrif edir ki, nəticədə qalaktikalar qruplaşması öz arxasındakı obyektdən gələn işığı gücləndirir. Bu ilin fevral ayında teleskop qalaktikalar qruplaşması ətrafındakı zonanı 30 saat ərzində müşahidə etmişdi. Nəticədə 10 000 yeni işıq mənbəyi aşkar edildi. Alimlər isə onların arasından ən uzaq məsafədə yerləşən obyektlərə 700 namizədi seçdilər. Daha sonra aparılmış spektral analiz sözün əsl mənasında ən uzaq məsafədə yerləşən obyektlərin kəşf edilməsinə imkan verib. Aparılmış müşahidələr nəticəsində alimlər ən uzaq məsafədə yerləşən iki qalaktikanı təyin ediblər. Onlardan biri UNCOVER z-13, digəri isə UNCOVERz-12 adını əldə edib.

Bu qalaktikalardan ən uzaqda yerləşəni Böyük partlayışdan artıq 330 milyon il sonra mövcud idi. UNCOVER z-13 Yer kürəsindən ən uzaq məsafədə yerləşən obyektlər arasında ikinci yeri, UNCOVER z-12 isə dördüncü yeri tutub. Qeyd etmək lazımdır ki, sözügedən qalaktikalar ən uzaq məsafədə yerləşən obyektlərə namizəd deyil, artıq təsdiqlənmiş obyektlərdir. Digər bir maraqlı fakt ondan ibarətdir ki, Bu qalaktikalar erkən kainatda kəşf edilmiş qalaktikalar arasında ən böyük olanlardır. Bu qalaktikaların Böyük partlayışdan bu qədər qısa müddət ərzində necə formalaşdıqları və necə belə ölçülərə sahib olduqları sir olaraq qalır.

technote.az

Faydalı linklər