Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dahiləri bir də belə tanıyaq!


Uilyam Ceyms Sidis

Yüksək zəkaları ilə adlarını tarixə yazmış insanlar çoxdur. Bunlara misal olaraq, Albert Eynşteyn, İsaak Nyuton və Mark Zukerberq kimi dahi şəxsiyyətlərin adlarını çəkmək olar. Lakin haqqında bəhs edəcəyimiz bu şəxsin adı çoxlarına  tanış gəlməsə də, o 250-300 arasında IQ-si (intelligence quotient) ilə bütün dahiləri geridə qoyaraq dünyanın ən ağıllı insanı kimi tarixə düşüb. Söhbət 18 aylığında qəzet oxuyan, 8 yaşında 8 dildə danışan, bəşər tarixinin ən zəkalı insanı Uilyam Ceyms Sidisdən gedir…

Uilyam Ceyms Sidis  Nyu Yorkda yəhudi əsilli ailədə  dünyaya gəlib. Uilyamın ağlasığmaz, parlaq zəkaya sahib olacağı heç də təsadüfi deyil. Çünki onun valideynləri də çox ağıllı olub. Belə ki, atası Boris Harvarddan 4 dərəcə qazanan nümunəvi psixoloq, anası isə həkim idi. 8 aylıq olanda əlifbanı öyrənməyə başlayan balaca dahi 18 aylığında artıq “The New York Times” qəzetini oxuya bilirdi. Uilyam   8 yaşına qədər latın, yunan, fransız, rus, alman, ivrit, türk  dillərini öyrənmişdi. Hətta bu dillərə əlavə olaraq, öz dilini də icad etmiş və həmin dilə “Vendergood” adını vermişdi. Ailəsi onun xüsusi zəkaya sahib olduğunu bildiyi üçün  Harvardda oxutmağına çalışıb, lakin bu tələb rədd edilib.  Çünki o zaman Uilyamın cəmi 9 yaşı olub.

Amma  iki il sonra Uilyam 11 yaşında Harvard Universitetinə qəbul edilib. Bununla da o,  Harvarda qəbul edilən ən gənc insan kimi  tarixə düşüb. Çox qısa müddətdə riyaziyyat biliyi zirvəyə qalxıb və professorlar kimi tədrisə başlayıb. Uilyamın uğurları dildən-dilə yayılıb və   “vunderkind” adını qazanıb. 16 yaşında bakalavr təhsilini başa vuran dahi  üstün zəkası  ilə mətbuatın da diqqət mərkəzində olub və Uilyam özünü “New York Times” qəzetinin manşetlərində görüb. Ancaq gənc yaşda gələn bu şöhrət onun üçün bir yandan da yorucu olub. Uilyam uşaqlıqdan öyrənməkdən zövq alsa da, yetkinlik yaşına çatdığı zaman düşüncələri dəyişib və hətta atasını bu şöhrətdə günahlandırıb. Deyilənlərə görə, hətta bu səbəbdən  atasının dəfnində belə iştirak etməkdən imtina edib. Şöhrətdən yorulan Uilyam adi bir həyat sürmək fikrinə düşüb və ofis işlərinə başlayıb. Ancaq bu müddət ərzində də xalq tərəfindən sevilib, axtarılıb və o,  yenidən iş yerlərini dəyişmək məcburiyyətində qalıb. Uilyam fərqli təxəllüslərdən istifadə edərək bir çox dəyərli kitablar da yazıb.

Onun həyatındakı dönüş nöqtəsi isə həbsxanaya məhkum edildiyi zaman olub. Sosialist olan Uilyam hökumət əleyhinə keçirilən nümayişlər zamanı  həbs edilərək 18 aylıq cəzaya məhkum edilib. Ancaq ailəsi buna etiraz edərək həbsxana əvəzinə onun 2 il sanatoriyada qalmasını tələb edib. Sidis həm iştirak etdiyi nümayişlərə, həm də ateist olduğuna görə xalqın sevgisini itirməyə başlayıb.

Ömrünün son illərini elmdən uzaq keçirən Uilyam  46 yaşında beyin qanamasından vəfat edib. Deyilənlərə görə, həyatının  sonlarına yaxın  öyrəndiyi dillərin sayı 40-a çatıb. Dünyanı dəyişdirə biləcək ağıla sahib  olan bu adam bəlkə də çox yaşasaydı, kim bilir elmə nə qədər töhfələr bəxş edəcəkdi…

respublika-news.az

Faydalı linklər