Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Fevralın 11-i “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günüdür


Fevralın 11-i “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günüdür. Bu günün qeyd olunmasında məqsəd qadınların və qızların elm və texnologiyadakı rolunun vacibliyini göstərməkdir.

Bu əlamətdar gün 2024-cü ildə “Elmdə qadınların və qızların liderliyi, davamlılıq üçün yeni dövr” mövzusuna və “Elmi düşün… Sülhü düşün” altmövzusuna həsr olunub.

“Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü BMT Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnaməyə əsasən qeyd edilir.

BMT-nin Baş katibi Antonio Quterreş bu əlamətdar gün münasibətilə dünya ictimaiyyətinə müraciət ünvanlayıb. Müraciətdə qeyd olunur ki, qadınların və qızların elmi kəşflərdə bərabər iştirakı elmin hər kəs üçün işləməsini təmin etməyin yeganə yoludur. Elmdə gender bərabərliyi hamı üçün daha yaxşı gələcək qurmaq baxımından çox vacibdir. Təəssüf ki, qadınlar və qızlar elm sahəsində karyera qurarkən maneələrlə qarşılaşırlar.

Müraciətdə vurğulanıb ki, bu, dünyamızı böyük istedaddan məhrum edir. Bu gün qadınlar dünya elmi ictimaiyyətinin yalnız üçdəbirini təşkil edir, daha az maliyyə vəsaiti əldə edir, daha az nəşr imkanları əldə edir və ən yaxşı universitetlərdə kişilərə nisbətən daha az rəhbər vəzifələr tutur. Bəzi yerlərdə qadınların və qızların təhsil almaq imkanları məhduddur və ya heç yoxdur – bu, aidiyyəti cəmiyyətlər üçün özünə zərər vurmaq və insan hüquqlarının dəhşətli şəkildə pozulmasıdır.

İqlim dəyişikliyindən sağlamlığa, süni intellektə qədər, elmi kəşflər və innovasiyalarda qadınların və qızların bərabər iştirakı elmin hamı üçün işləməsini təmin etməyin yeganə yoludur.

Qadınların elmdə irəliləyişini dəstəkləmək üçün proqramların hazırlanması və azlıq icmalarının qadın üzvləri də daxil olmaqla hamının istedadlarını inkişaf etdirən iş mühitinin inkişaf etdirilməsi lazımdır.

BMT-nin araşdırmasına görə, iqlim dəyişikliyi nəticəsində 158 milyon qadın və qızın yoxsulluğa sürükləndiyi təxmin edilir. Bu da kişi və oğlanların ümumi sayından 16 milyon nəfər çoxdur. Qadınların və qızların lazımi resurslara və xidmətlərə çıxış imkanları daha azdır və gender əsaslı zorakılığın müxtəlif formalarına qarşı daha həssasdırlar. İqlim dəyişikliyi və təbii fəlakətlər nəticəsində köçkün düşənlərin 80 faizini qadınlar və qızlar təşkil edir. Onların təbii fəlakətdən sonra ölmə ehtimalı da 14 dəfə çoxdur.

“Qadınlar və qızlar elmdə” Beynəlxalq Gününün məqsədi 2030-cu ilədək heç bir qadını elmdən kənar saxlamamaqdır. Dünya İqtisadi Forumunun hesabatına nəzər salsaq, qadınlar elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrində işçi qüvvəsinin yalnız 29,2 faizini təşkil edirlər. Digər sahələrdə isə bu rəqəm 49,3 faizdir. Bu göstəricilər rəhbər vəzifələr üçün 25,5 faiz, yüksək vəzifəli şəxslər üçün isə 12,4 faizə enir.

2021-ci ildən bu günə qədər qadınların elmi və texnoloji sahələrə daxil olması 18 faizdən 21 faizə yüksəlib.

Bu gün Azərbaycanda savadlılıq səviyyəsi çox yüksəkdir – 100 faizə yaxındır. Burada qadınlarımızın və qızlarımızın payına düşən rəqəmlər də ürəkaçandır.

Ölkəmizdə təhsilin inkişafına, onun müasir tələblərə cavab verməsinə dövlətimiz tərəfindən xüsusi diqqət göstərilir. Hər kəsin bundan faydalanması və ölkəmizə layiqli vətəndaş kimi yetişməsi üçün imkanlar yaradılır. Xatırladaq ki, ötən il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə “Hənifə Məlikova – Zərdabi adına təqaüd proqramı -2023”ün təqdimatı keçirilib. Bu əhəmiyyətli layihə gələcəyin qurucuları kimi Azərbaycan gənclərinin, savadlı, bilikli, hüquqlarını və öhdəliklərini bilən şəxsiyyət kimi formalaşmasına töhfə verir. Qadınların təhsilli olması erkən yaşda nikahların, azyaşlı uşaq ölümünün azalması deməkdir.

Hazırda dünyada qızların ibtidai təhsilə cəlb edilməsi bir neçə yüz milyon qadının əmək bazarına daxil olmasına və ümumi daxili məhsulun daha da artmasına səbəb olur. Son illərdə ali təhsilə müraciət edən qızların sayı oğlanların sayını üstələməyə başlayıb. Artıq Azərbaycan qadını idarəedici və qərarqəbuledici instansiyalarda da təmsil olunur.

azertag.az

Faydalı linklər