27/02/2024
Su çərşənbəsi qədim zamanlardan bəri Novruz bayramının gəlişini bilidirən gün olaraq qeyd olunardı. Keçmiş dövrdə bu çərşənbənin icra olunma xüsusiyyətlərində fərqliliklər var idi. Bu gün isə bu xüsusiyyətlər bir az dəyişib. Su olan zaman həyat, təbiət oyanır. Bu mənada, insanlar yazın gəlişini bu çərşənbə ilə əlaqələndiriblər. Su çərşənbəsi ilə bağlı keçmiş zamanda bir çox adət-ənənələr mövcud olub. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.
Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə, Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur.
Su çərşənbəsində çeşmə başından gətirilən sudan xəmir yoğrulardı, bunun mənası isə evin ruzili-bərəkətli olması ilə bağlı idi. Eyni zamanda, həmin su ilə aş dəmlənər, dəmlənmiş aşın suyunu bar verməyən ağacın dibinə tökərdilər ki, ağac bar versin.
Bu çərşənbədə insanlar arasında bir-birlərinin üzərinə su çiləmə adəti də var imiş. Bunu edərək, bir-birlərinin ağırlıqlarını götürdüklərini, üzərlərində olan neqativlikdən azad olduqlarını düşünürdülər.
Su ilə bağlı bir çox adətlər və ayinlər mövcud olub. Hazırda isə demək olar ki, bunların bir çoxu icra olunmur. Lakin yenə də su çərşənbəsi hər kəs üçün Novruz bayramının gəlişini vurğulayır”.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.