Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycanda Ramazan ayı başlayıb


Ramazan ayının ilk günü miladi təqvimlə 2024-cü il martın 11-dir.

Belə ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fətva verib.

Bildirilib ki, martın 28-i və 30-u, aprelin 1-i və 5-i Qədr gecələridir. Fətvada vurğulanıb ki, on bir ayın sultanı olan Ramazanın gəlişi Azərbaycan xalqı üçün bu il də çox əlamətdardır: “Çünki bu mübarək ayı Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfər sevinci ilə yanaşı, separatçı rejimin süqutu – müqəddəs bayrağımızın Xankəndidə dalğalanması qüruru ilə qarşılayırıq. Müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərində qalib Xalq – qalib Lider seçiminin qələbə sevinci bu Ramazanda xeyir-dualarla yad ediləcək”.

İslam dininə görə, Ramazan ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın”.

Fətvada din xadimlərinə iftardan öncə məclislərdə ehsan verilməsinin qəti qadağan olduğu xatırladılıb: “Çünki Allahın hökmü, peyğəmbərin əmri ilə ehsan adı ilə iftardan əvvəl süfrə açılması şəri baxımdan haram əməldir”.

Qeyd edək ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır.

report.az

Faydalı linklər