Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Martın 14-ü Beynəlxalq Riyaziyyat Günüdür


Beynəlxalq Riyaziyyat Birliyi dünya əhalisinin həll etməyə çalışdığı qlobal məsələlərin – iqlim dəyişikliyi, bioloji müxtəlifliyin itirilməsinin qarşısının alınması, dünya əhalisinin sayının durmadan artması fonunda ərzaq ehtiyaclarının proqnozlaşdırılması, dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında riyaziyyatın verdiyi töhfələri nəzərə alaraq, Beynəlxalq Riyaziyyat Gününün keçirilməsi təşəbbüsü ilə UNESCO-ya müraciət edib.

UNESCO Baş Assambleyasının 2019-cu il noyabrın 26-da Fransanın paytaxtı Parisdə keçirilən 40-cı sessiyasında hər il martın 14-də Beynəlxalq Riyaziyyat Gününün qeyd olunması barədə qərar qəbul edilib.

UNESCO üzv dövlətləri, eləcə də hökumətlərarası və qeyri-hökumət təşkilatlarını, elmi tədqiqat mərkəzlərini, vətəndaş cəmiyyəti təşkilatlarını, universitetləri və s. bu günü qeyd etməyə, Beynəlxalq Riyaziyyat Gününün verdiyi imkanlardan istifadə edərək üzv dövlətlərdə riyaziyyatın potensialının gücləndirilməsi məqsədilə innovativ layihələr həyata keçirməyə səsləyib.

Azərbaycanda riyaziyyat elminin inkişafına daim böyük önəm verilib, Bakı Dövlət Universitetinin Mexanika riyaziyyat, Tətbiqi riyaziyyat və kibernetika fakültələrində, Elm və Təhsil Nazirliyinin Mexanika Riyaziyyat İnstitutunda və digər elm və təhsil qurumlarında riyaziyyat elmi üzrə geniş elmi tədqiqatlar aparılıb, böyük elmi nəticələr əldə olunub.

Ölkəmizdə müasir riyaziyyatın əsasları və bu sahədə sistemli elmi tədqiqatlar 1919-cu ildə müsəlman Şərqində ilk dünyəvi ali məktəbin – Bakı Dövlət Universitetinin yaranması və 1920-ci ildə onun tərkibində Fizika-riyaziyyat fakültəsinin fəaliyyətə başlaması ilə bağlıdır.

Bununla yanaşı, Azərbaycanda sırf riyazi tədqiqatlarla məşğul olan ilk riyaziyyat özəyi 1942-ci ilin aprel ayında SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Fizika sektorunda təşkil edilib. 1940-cı ildə namizədlik dissertasiyası müdafiə edərək, Tiflisdən Bakıya gəlmiş Zahid Xəlilov onun yeganə riyaziyyatçı əməkdaşı olub. 1943-cü ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının nəzdində müstəqil Riyaziyyat sektorunun yaradılması ilə riyaziyyat sahəsində elmi tədqiqat işlərinin aparılması istiqamətində daha məqsədyönlü tədqiqatlara başlanıldı. 1945-ci ilin oktyabr ayında Fizika İnstitutu ilə Riyaziyyat Sektoru birləşdirilərək Fizika və Riyaziyyat İnstitutu yaradıldı. 1950-1957-ci illərdə Zahid Xəlilov həmin institutun direktoru vəzifəsində işləyib. Bundan başqa, riyaziyyat elminin dinamik inkişafına qayğısını əsirgəməyən, ölkəmizin elm tarixində dərin iz qoymuş, ümumiyyətlə, dünya elminə böyük töhfələr vermiş, yüksəkixtisaslı riyaziyyatçılarımızdan akademiklər Zahid Xəlilov, Əşrəf Hüseynov, İbrahim İbrahimov, Məcid Rəsulov, Cəlal Alalhverdiyev, Fərəməz Maqsudov, Akif Hacıyev, Mirabbas Qasımov, AMEA-nın müxbir üzvləri Maqsud Cavadov, Qoşqar Əhmədov, Mayis Cavadov, Yəhya Məmmədov, Arif Babayev kimi alimlərin adlarını çəkmək yerinə düşərdi.

Riyaziyyat sahəsində Azərbaycanda ilk elmlər doktoru olmuş akademik Zahid Xəlilov (1911-1974) ölkəmizdə funksional analiz məktəbinin əsasını qoyub və SSRİ-də ilk “Funksional analiz” dərsliyinin müəllifi olub. Onun elmi nəticələri Sovet və xarici ölkə alimlərinin tədqiqatlarında geniş istifadə olunub.

İbrahim İbrahimov (1912-1994), Azərbaycanda funksiyalar nəzəriyyəsi məktəbinin yaradıcısı, funksiyalar nəzəriyyəsi və yaxınlaşmalar nəzəriyyəsi sahəsində görkəmli alim, 1939-cu ildə fizika-riyaziyyat üzrə elmlər namizədi elmi dərəcəsi alan ilk azərbaycanlı olub. Akademik İbrahim İbrahimov Sovet İttifaqı və dünya riyaziyyatçıları tərəfindən tanınmış bir alim idi. Onun rəhbərliyi ilə ölkəmizdə həqiqi və kompleks dəyişənli funksiyaların yaxınlaşması nəzəriyyəsi, interpolyasiya nəzəriyyəsi, tam funksiyalar nəzəriyyəsi, funksiyalar sistemlərinin tamlığı kimi sahələrdə geniş tədqiqatlar aparılıb və dünya riyaziyyatçıları tərəfindən yüksək qiymətləndirilən mühüm nəticələr alınıb.

İnteqral tənliklər və onların riyazi fizika məsələlərinə tətbiqi sahəsində görkəmli alim, akademik Əşrəf Hüseynov (1907-1980) ölkəmizin elm tarixində riyaziyyat üzrə elmlər doktoru olmuş üçüncü azərbaycanlıdır. Qeyri-xətti sinqulyar inteqral tənliklər sahəsində aldığı fundamental nəticələr inteqral tənliklər nəzəriyyəsində sözün əsl mənasında bir dönüş yaradıb, bu istiqamətdə davam etdirdiyi tədqiqatlar və çoxsaylı tələbələrinin aldığı yeni nəticələr sayəsində Azərbaycanda beynəlxalq miqyasda qəbul olunan, qeyri-xətti sinqulyar inteqral tənliklər məktəbi yaranıb.

Riyazi fizika tənlikləri üzrə görkəmli mütəxəssis, diferensial tənliklər və funksional analiz kimi sahələrdə çalışmış riyaziyyatçı-alim, akademik Məcid Rəsulov (1916-1993) diferensial tənliklər sahəsinin Azərbaycanda əsasını qoyanlardan və Sovet İttifaqında ən nüfuzlu jurnallardan biri olan “Diferensial tənliklər” jurnalının yaradıcılarından biri olub.

Akademik Cəlal Allahverdiyev (1929-2017) operatorların spektral nəzəriyyəsi sahəsində görkəmli mütəxəssis idi. Onun tamam kəsilməz operatorun sinqulyar ədədlərinin aproksimativ xassələrinin və normal operatorun rezolventasının tədqiqi istiqamətində aldığı nəticələr dünya ədəbiyyatında öz əksini tapıb. Akademik Fəraməz Maqsudov (1930-2000) funksional analiz, diferensial tənliklər, funksiyalar və bütöv mühit mexanikası nəzəriyyəsi sahəsində görkəmli mütəxəssislərdən biri olub. O, kəsilməz spektrə malik geniş sinif operator dəstələrinin spektral nəzəriyyəsinin əsasını qoyub. Akademik Akif Hacıyevin (1937-2015) riyaziyyatın müxtəlif aktual problemlərini, o cümlədən operatorlar nəzəriyyəsi, sinqulyar inteqrallar və digər istiqamətləri əhatə edən araşdırmaları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Alimin riyazi analizin bir sıra sahələrinə dair əldə etdiyi nəticələr xarici ölkələrdəki ayrı-ayrı monoqrafiyalarda çap olunaraq yeni araşdırmaların aparılmasına təkan verib. Akademik Mirabbas Qasımov (1939-2008) operatorların spektral nəzəriyyəsi sahəsində dünyada tanınmış alim olub. Onun əsərləri bu gün də dünya riyaziyyatçıları tərəfindən ən çox istinad edilən əsərlərdir. M.Qasımovun əsas işləri müxtəlif tip diferensial operatorlar üçün spektral analizin tərs məsələlərinə və öz-özünə qoşma olmayan operatorlar nəzəriyyəsinə aid idi. O, operatorların spektral nəzəriyyəsi sahəsində müstəsna əhəmiyyətə malik tədqiqatlar aparıb, bu sahənin inkişafında dərin iz buraxıb elmi nəticələr alıb, elmi zənginləşdirən yeni ideyalar ortaya qoyub.

Əlbəttə, ölkəmizin inkişaf və tərəqqisində əvəzolunmaz xidmətləri olmuş şəxsiyyətlər kifayət qədərdir. Görkəmli riyaziyyatçı alimlərimiz öz zəngin irsi və geniş elmi fəaliyyətləri ilə riyaziyyat elminin inkişafında mühüm rol oynayıb, gənclərin elmə gəlməsində, alim kimi yetişməsində onların böyük zəhməti olub.

Hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda 196 nəfər çalışır, onlardan 119 nəfəri elmi işçidir: 5 nəfər Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü; 46 nəfəri elmlər doktoru, 60 nəfər fəlsəfə doktorudur.

Riyaziyyat və Mexanika İnstitutunda dörd elmi jurnal – “Proceedings of the Institute of Mathematics and Mechanics”, “Azerbaijan Journal of Mathematics”, “Transactions of National Academy of Sciences of Azerbaijan” (series of physical-technical and mathematical sciences, issue mathematics), Transactions of the Institute of Mathematics and Mechanics (issue Mechanics) çap olunur. İngilis-dilində çap olunan, adları sadalanan jurnallardan üçü – “Proceedings of the Institute of Mathematics and Mechanics”, “Azerbaijan Journal of Mathematics”, “Transactions of National Academy of Sciences of Azerbaijan” (series of physical-technical and mathematical sciences, issue mathematics) Scopus bazasına daxil olub və impakt faktor alıb. Bu jurnallardan – “Proceedings of the Institute of Mathematics and Mechanics” – 2016-cı ildən, “Azerbaijan Journal of Mathematics” isə 2015-ci ildən Clarivate Analytics bazasına daxil olub.

2021-ci ildə Riyaziyyat və Mexanika İnstitutunda hazırlanan “Azerbaijan Journal of Mathematics” və “Proceedings of the Institute of Mathematics and Mechanics” jurnalları “Clarivate Analytics” şirkətinin “Journal Citation Reports” siyahısına daxil edilib.

Riyaziyyat və Mexanika İnstitutu ABŞ, Almaniya, Belarus, Çin Xalq Respublikası, Fransa, Gürcüstan, Hindistan, İngiltərə, İran, İtaliya, Qazaxıstan, Misir Ərəb Respublikası, Özbəkistan, Polşa, Rusiya Federasiyası, Türkiyə, Ukrayna, Yaponiya və Asiyanın digər ölkələrinin elmi tədqiqat müəssisələri ilə əməkdaşlıq edir.

İnstitut əməkdaşları ölkəmizin müxtəlif ali təhsil müəssisələrində mühazirələr oxuyur, bakalavr və magistr işlərinə elmi rəhbərlik və Yekun Dövlət Attestasiya Komissiyalarına sədrlik edirlər. Bundan əlavə, institut əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının işində, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində Riyaziyyat dərsliklərinin qiymətləndirilməsi üzrə ekspert qismində, Dövlət İmtahan Mərkəzində qəbul imtahanlarının keçirilməsində və test proqramlarının hazırlanmasında fəal iştirak edirlər.

Bayramınız Mübarək Əziz Riyaziyyatçılar !

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər