21/04/2024
Təəssüf hissi ilə bildiririk ki, aprelin 21-də görkəmli riyaziyyatçı alim, ETN Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin müdiri, fizika riyaziyyat elmləri doktoru, professor Əkbər Əliyev dünyasını dəyişib.
Əliyev Əkbər Bayram oğlu, diferensial tənliklər sahəsində tanınmış mütəxəssis, 1950-ci il yanvarın 4-də Gürcüstan Respublikası, Qardabani rayonunun Qaracalar kəndində müəllim ailəsində anadan olmuşdur. 1967-ci ildə Qaracalar kənd orta məktəbini bitirmiş və həmin il Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1972-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu nəzdində “Riyazi fizika” ixtisası üzrə aspiranturaya qəbul olmuşdur. 1975-ci ildə aspiranturanı bitirib həmin institutda kiçik elmi işçi vəzifəsinə qəbul edilmiş, sonra isə baş elmi işçi vəzifəsini təyin edilmişdir.
1981-ci ildə Azərbaycan Politexnik İnstitutuna dosent vəzifəsinə götürülmüş və 1989-2001-ci illər arasında “Tətbiqi riyaziyyat” kafedrasına rəhbərlik etmişdir. 2001-ci ildən Azərbaycan Texniki Universitetinin “Riyaziyyat” kafedrasının professorudur. 1991-ci ildən 2017-ci ilə qədər riyaziyyat kafedrası nəzdində fəaliyyət göstərən “Bəzi qeyri stasionar proseslərin riyazi modelləşməsi” elmi-tədqiqat laboratoriyasına rəhbərlik etmişdir. 1996-cı ildən Riyaziyyat və Mexanika İnstitutunda əvəzçiliklə baş elmi işçi vəzifəsində çalışır, 2013-cü ildən isə həmin institutda tam ştatla “Diferensial tənliklər” şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir.
Əliyev Əkbər 1976-cı ilin mayında professor Sasun Yakubovun rəhbərliyi ilə Riyaziyyat və Mexanika İnstitutunun nəzdində fəaliyyət göstərən müdafiə şurasında, 01.01.02- Diferensial tənliklər ixtisası üzrə “Evolyusion tənliklərin və xüsusi törəməli hiperbolik tənliklərin həllərinin xarakteri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, 1988-ci ilin noyabrında isə Tiflisdə Razmadze adına Riyaziyyat İnstitutunda 01.01.02- Diferensial tənliklər ixtisası üzrə “Qeyri xətti hiperbolik tənliklər üçün qlobal həll oluna bilən məsələlər” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Professor Əkbər Əliyev 170-dən çox elmi əsərin, 2 dərs vəsaitinin müəllifidir. 10-dan çox fəlsəfə doktoruna rəhbərlik etmişdir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun rəhbərliyi və kollektivi adından İnstitutun “Diferensial tənliklər” şöbəsinin müdiri, professor Əliyev Əkbər Bayram oğlunun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.