Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür


Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə bu əlamətdar gün bütün dünyada qeyd olunur.

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün qeyd olunmasında məqsəd kitabların geniş əhatə dairəsini – keçmiş və gələcək, nəsillər və mədəniyyətlər arasında körpü olduğunu ictimaiyyətin diqqətinə bir daha çatdırmaqdır. Bu il Dünyanın Kitab Paytaxtı Strasburq şəhəridir.

Aprelin 23-ü, eyni zamanda, dünya ədəbiyyatında simvolik tarixdir – Uilyam Şekspir, Migel Servantes və İnka Qarsilaso dela Veqa kimi bir sıra görkəmli ədiblərin vəfat etdiyi gündür.

Azərbaycanda Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən qeyd edilir.

Xatırladaq ki, Prezident İlham Əliyevin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Əqli Mülkiyyət Agentliyi yaradılıb.

Agentliyin qarşısında duran əsas vəzifələr müəllif və oxşar hüquqların qorunması və təmin edilməsi, rəqəmsal hüquqların idarə edilməsi, kontrafaksiya və piratçılığa qarşı mübarizə ilə yanaşı, sənaye mülkiyyəti obyektlərinin idarə edilməsi və bu idarəçiliyin zamanın tələblərinə uyğun təşkili, patent və əmtəə nişanlarına dair müraciət edən şəxslər üçün dürüstlüyün, açıqlığın və şəffaflığın təmin edilməsidir. 2021-ci ilin aprel ayında dövlətimizin başçısının imzaladığı Fərmana əsasən Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi” yaradılıb.

İnfrastrukturun təkmilləşdirilməsi və institusional dəyişikliklər sahəsində Agentlikdə sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı ilə bağlı iddia sənədlərinin qəbulunun həyata keçirildiyi “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sistemi fəaliyyət göstərir. Bu sahədə tətbiq edilən “vahid pəncərə” və “istənilən yerdən xidmətə əlçatanlıq” prinsipi açıqlıq, operativlik və şəffaflığı təmin edib, ixtira və patent fəallığının artmasına müsbət təsir göstərib, həmçinin dövlət xidmətlərinin səviyyəsini yüksəldib.

2023-cü ildə Əqli Mülkiyyət Agentliyinə ixtira, faydalı model və sənaye nümunəsinin patentləşdirilməsinə dair 302, o cümlədən ixtiraya aid 201, faydalı modelə aid 67, sənaye nümunəsinə aid 34 iddia sənədi daxil olub. Patentləşdirilmə üçün daxil olmuş iddia sənədlərinin sayı (ixtira fəallığı) 2022-ci illə müqayisədə 2023-cü ildə 11 faiz artıb.

Patent Əməkdaşlığı Sazişi (PCT) proseduru üzrə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Beynəlxalq Bürosuna göndərilməsi üçün Agentliyə ixtiraya dair 6 beynəlxalq iddia sənədi və Avrasiya Patent İdarəsinə göndərilməsi üçün 35 iddia sənədi daxil olub. PCT proseduru üzrə ÜƏMT-nin Beynəlxalq Bürosundan isə Agentliyə ixtiraya dair 30 və faydalı modelə dair 1 iddia sənədi daxil olub.

Faydalı modelə aid xarici iddiaçılar tərəfindən 6 iddia sənədi verilib, Haaqa proseduru üzrə daxil olan 184 beynəlxalq sənaye nümunəsinə (2022-ci ildə 137) dair axtarış aparılıb.

Qeyd edək ki, ixtiralar üzrə ekspertizanın aparılma müddəti ötən il 8-9 aya endirilib. Halbuki əksər ölkələrdə bu müddət 12 aydan çoxdur. MDB məkanında iddia sənədlərinin 3D formatında qəbulu ilk dəfə məhz Azərbaycanda həyata keçirilib.

Ötən il Dövlət reyestrində ixtiraya aid 103, faydalı modelə aid 36 və sənaye nümunələrinə aid 12 patent qeydiyyata alınıb. Habelə 3145 əmtəə nişanı qeydiyyata alınıb. Onların 2541-i milli, 604-ü xarici fiziki və hüquqi şəxslərə məxsusdur.

Respublikamızda əqli mülkiyyət sisteminin qarşısında duran vəzifələr ölkənin innovasiya siyasəti ilə müəyyən olunur və həyata keçirilən iqtisadi islahatlara xidmət edir.

Xatırladaq ki, Əqli Mülkiyyət Agentliyi tərəfindən 23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü və 26 Aprel – Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə 2024-cü ilin aprel ayı “Əqli mülkiyyət aylığı” elan edilib.

azertag.az