02/05/2024
Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” mövzusunda respublika elmi konfransı keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi anılıb.
Tədbirdə çıxış edən BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək texnologiyaların müxtəlif sferalarda tətbiqinin genişləndirilməsini nəzərdə tutan fərman və sərəncamları, bütövlükdə İKT sahəsində həyata keçirilən dövlət siyasəti müvafiq qurumlar, elmi müəssisələr və ali məktəblərin qarşısına mühüm vəzifələr qoyur.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafına göstərdiyi qayğıdan, onun rəhbərliyi altında ölkəmizin keçdiyi inkişaf yolundan danışan H.Məmmədov qeyd edib ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O diqqətə çatdırıb ki, BDU son illər elmin müxtəlif sahələri üzrə beynəlxalq və ölkə miqyaslı tədbirlərə, konfranslara uğurla ev sahibliyi edir. Tələbələrin elmi tədqiqata cəlb olunması tətbiqi elmlər üzrə güclü məktəbləri olan BDU-nun prioritet istiqamətlərindəndir.
H.Məmmədov konfransın riyaziyyat və informasiya texnologiyaları sahəsində aktual məsələlərin müzakirəsinə yol açacağına və faydalı olacağına əminliyini bildirib.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov ölkəmizdə dövlət gənclər siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gənclərinə hər zaman xüsusi qayğı ilə yanaşdığını, onlara böyük etimad göstərdiyini vurğulayıb.
S.Qurbanov qeyd edib ki, bu gün gənclərin siyasi, sosial-iqtisadi sahələrdə mühüm vəzifələrə təyin olunması, onlara böyük ümidlər bəslənilməsi Ulu Öndər tərəfindən təməli qoyulan gənclər siyasətinin davamıdır.
Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, BDU-nun Ali riyaziyyat kafedrasının müdiri Misir Mərdanov Ümummilli Lider Heydər Əliyevin həyatı və zəngin fəaliyyəti barədə məruzə edib.
BDU-nun Mexanika-riyaziyyat fakültəsinin dekanı professor Ziyatxan Əliyev Ulu Öndərin Azərbaycan elminin, təhsilinin inkişafına daim xüsusi önəm verdiyini diqqətə çatdırıb. Daha sonra professorun “Xətti və qeyri-xətti Dirak sistemlərinin assilyasiyası” adlı plenar çıxışı dinlənilib.
Konfrans işini plenar məruzələrlə davam etdirib.
azertag.az