Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycanlı alimin məqaləsi Oksford Universitetinin riyaziyyat jurnalının qabaqcıl elmi işlərindən biridir


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz” şöbəsinin aparıcı elmi işçisi, f.-r.e.n. Namiq Quliyevin Oksford Universitetinin “The Quarterly Journal of Mathematics” jurnalında dərc olunmuş məqaləsi həmin jurnalın ən təsirli tədqiqat işlərinin siyahısında yer almışdır. Qeyd edək ki, bu siyahı son iki il ərzində jurnalda çap olunmuş məqalələr arasında ən çox istinad edilmiş və ən çox oxunmuş işlərdən təşkil olunur.

“Bessel tipli sinqulyarlıqlar və spektral parametrdən asılı olan sərhəd şərtləri bir medalın iki üzüdür” adlı məqalədə göstərilmişdir ki, Bessel tipli sinqulyarlıqlara spektral parametrin “mənfi sayda polyusu olan” rasional Nevanlinna funksiyasını ehtiva edən sərhəd şərtləri kimi yanaşmaq olar. Daha dəqiq desək, hər bir uc nöqtəsində ya Bessel tipli sinqulyarlığı, ya da spektral parametrin rasional Nevanlinna funksiyasını ehtiva edən sərhəd şərti olan birölçülü Şrödinger operatorlarına vahid şəkildə baxılmışdır və bu cür məsələlər arasında Darbu tipli çevirmələr təyin olunmuşdur. Xüsusi halda, bu çevirmələr sərhəd şərtlərində spektral parametr olan məsələlərə aid hər hansı spektral nəticəni Bessel tipli sinqulyarlığı olan məsələlər üçün almağa (və ya əksinə) imkan verir.

Siyahı ilə aşağıdakı səhifədə tanış olmaq mümkündür:

 https://academic.oup.com/qjmath/pages/highly_cited_articles

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.