20/05/2024
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın “Azərbaycan müəllimi”nə müsahibəsini təqdim edirik.
– Elm və təhsil naziri Emin Əmrullayev müsahibəsində elmi müəssisələr arasında fəaliyyətdə pərakəndəliyin olduğunu demişdi. Siz bu pərakəndəliyin səbəbini necə izah edərdiniz və bunun aradan qaldırılması istiqamətində hansı tədbirlər görülür və ya görülməsi nəzərdə tutulur?
– Emin müəllim məhz elmi müəssisələr arasında zəif koordinasiyanın olmağı, birgə işləməyin kifayət qədər yüksək səviyyədə olmadığı kimi məsələləri qaldırıb. Bu, tam həqiqətdir. Çünki biz elmmetrik göstəricilərə baxsaq görərik ki, orada Azərbaycanın fərqli elmi müəssisələrinin əməkdaşlarının bir araya gələrək komanda şəklində ortaya qoyduqları elmi işlərin sayı azdır. Hətta elmi tədqiqat müəssisəsinin alimləri ilə ali təhsil müəssisəsinin müəllimlərinin birgə işlərinə nəzər salanda belə onların müəyyən şərtlərdə hər iki müəssisədə çalışan şəxslər olduğunu görürük. Yəni, bu da əslində tam olaraq iki fərqli müəssisənin birgə işi sayılmır. Universitetlərlə elmi müəssisələr arasında əməkdaşlıq çox zəifdir. Bu gün biz mobillik, ikili diplom layihələrini ortaya qoya bilsək də, onların da sayı istədiyimiz qədər deyil. Birgə elmi araşdırma, bir laboratoriyada fərqli müəssisələrin adamlarının gəlib çalışmasını, özləri ilə dəyər gətirib, yeni biliklər aparmasını, belə desək, beyin məhsulu mübadiləsini görmürük. Buna böyük ehtiyac var. Bu gün dünyada, hətta fərqli ölkələrdə çalışan alimlərin birgə işlərinə daha böyük qiymət verilir. Amma ölkə daxilində də bunun olmamağı ayrıca bir problemdir.
– Elmi müəssisələrin əksəriyyətində müasir avadanlıqlar, laboratoriyalar demək olar yoxdur. Onların maddi bazalarının gücləndirilməsi istiqamətində hansısa tədbirlər nəzərdə tutulurmu?
– Bu, çox aktual məsələdir. Həqiqətən də vəziyyət belədir. Amma laboratoriya avadanlığının alınması ilə məşğul olanlar bilir ki, yaxşı bir laboratoriya qurmaq bəzən bir il, bəzən bir neçə il vaxt çəkir. Çünki avadanlıqlar hər yerdə satılmır. Xüsusi sifarişlə xaricdən gətirilir. Düzgün siyahının tutulması, gətirilməsi, qurulması, sazlanması çətin bir işdir. Görürük ki, bəzi hallarda hansısa universitetdə, elmi tədqiqat müəssisəsində laboratoriya var, lakin faktiki olaraq işləmir. Bir növ muzeyi xatırladır. Bunun səbəbi odur ki, laboratoriyanın yaradılması üçün planlaşdırma düzgün formada aparılmayıb. Ya hansısa detalı yoxdur, ya istifadə qaydalarını bilmirlər, ya da avadanlıq gəlib çatanadək aktuallığını itirib və s. Yəni, laboratoriya qurmaq çox çətin prosesdir. Bu, mebel avadanlığı almağa bərabər iş deyil. Hazırda elmlə təhsilin inteqrasiyası istiqamətində keçid dövründəyik. İmkanlarımız da məhduddur. Onlardan maksimum şəkildə düzgün və səmərəli istifadə etməliyik. Tələsib yanlış qərar vermək olmaz. Müəyyən dəyişikliklər, optimallaşmalar aparıldıqdan sonra bu işlər görüləcək. Qarşımızda kifayət qədər böyük layihələr, o cümlədən Qarabağ Universitetinin qurulması, Türkiyə-Azərbaycan Universitetinin yaradılması var. Ona görə də xaotik yox, daha düşünülmüş addımlar atmalıyıq.
“QƏRAR QƏBUL EDƏNDƏ BUNUN DÜZGÜN, ƏDALƏTLİ VƏ HƏQİQƏTƏN İNKİŞAFA TÖHFƏ VERƏCƏYİNƏ ƏMİN OLMALIYIQ”
– Hansısa tədqiqatların aparılmasında elmi müəssisələrin bir-birlərinin laboratoriyalarından istifadə etməsi təmin edilirmi? Bu istiqamətdə də müəyyən problemlərin olduğu deyilir.
– Bəzən elə olur ki, iki dövlət müssisəsidir və eyni quruma tabedir. Amma bir müəssisənin alimi ora gedib araşdırma aparanda müəyyən problemlərlə qarşılaşır. Hansı ki, bu, olmamalıdır. Düşünürəm ki, qəbul olunmuş qərarlar, aparılan islahatlar bu kimi problemləri də aradan qaldıracaq. Səbirsizlik edib, səhv qərarlar qəbul edilsə, bunun əziyyətini növbəti nəsillər çəkə bilər. Ona görə hansısa qərar qəbul edəndə bunun düzgün, ədalətli və həqiqətən inkişafa töhfə verəcəyinə əmin olmalıyıq.
– Bəzi institutların strukturu həddən artıq genişdir. Onların strukturunda optimallaşma tədbirlərinin görülməsi nəzərdə tutulurmu? Məsələn, bizdə Molekulyar Biologiya və Biotexnologiyalar, Botanika, Zoologiya, Fiziologiya, Mikrobiologiya, Dendrologiya, Genetik Ehtiyatlar institutları və s. var. Bunları bir mərkəzdə cəmləşdirmək və ayrı-ayrı şöbələr kimi fəaliyyətlərini təşkil etmək daha effektiv olmazmı?
– Düzdür, ilk baxışdan bu, gözəçarpan bir məsələdir və bu haqda da Nazirlikdə müəyyən düşüncələr var. Lakin yenə də optimallaşmalarla bağlı qərarlar düzgün və obyektiv olmalıdır. Təkcə ad olaraq deyil, elmi istiqamətlərinə baxanda da oxşarlığın çox olduğunu görə bilərik. Optimallaşmalar ilkin baxış üzərindən deyil, təhlillər apararaq həyata keçirilməlidir. Həm onların ştatları, həm maddi-texniki bazaları, həm elmmetrik göstəriciləri təhlil edilir.
– Elmi institutlarımızın sənaye ekosisteminə faydalılıq əmsalı da aşağıdır. Onların iqtisadi səmərəliliyinə necə nail olmaq olar?
– Xaricdə elə universitetlər, elə tədqiqat mərkəzləri var ki, onların büdcəsi bir ölkənin büdcəsindən çoxdur. Orada elmi tədqiqatlar universitetlərdə, bəzən də nəhəng özəl şirkətlərdə aparılır. Bizdə bu faiz aşağıdır. İxtiraların, patentlərin də sayı azdır. Burada müəyyən maliyyə məsələsi də var. Yerli patent etmək az iş deyil, lakin xaricdə patent almaq əlavə vəsait tələb edir. Müəyyən tətbiqi işlərimiz də azdır, onları istehsalata düzgün formada da təqdim edə bilmirik. Bəzi hallarda bizim biznes strukturları, istehsalat da buna hələ hazır deyil. Bir məqamı də qeyd edim ki, cəmiyyətimizdə, bizneslə məşğul olanlar arasında elmimizə kifayət qədər inamsızlıq var. Bunun təqsirinin kimdə olmasını axtarmaq, yəqin ki, mənasız işdir. Bu vəziyəti də dəyişməliyik. Lakin proses bir günə, bir ilə baş verən deyil. Düşünürəm ki, müəyyən islahatlardan sonra inam da tədricən artacaq.
– Bəzən eyni istiqamətdə araşdırma aparan alimlərimiz bir-birlərinin tədqiqatlarından məlumatsız olurlar. Bunun üçün elektron bir baza yaradıla bilərmi?
– Biz individualistik. Bir-birimizə istinad verməyi sevmirik. Məsələn, bizim alimlərin bir çoxunun məqalələrinə baxsanız, görəcəksiniz ki, hardasa 15 əsərə istinad edib, amma o istinadların 10-u elə özünündür. Dünyada siz buna nadir hallarda rast gələ bilərsiniz. Söhbət elmin inkişafında qabaqcıl ölkələrdən gedir. Yenə də bunun günahı bizim alimlərimizdə deyil. Bu, sovet dövründən qalmış bir ənənədir. Konkret olaraq platformadan danışsaq, biz bu haqda çox fikirləşmişik. Lakin belə bir platformanın yaradılması ilkin baxışda maraqlı gəlsə də, səmərəliliyi çox böyük sual altındadır. Çünki dünyada elmmetrik göstəriciləri ölçmək üçün bir çox bazalar var. O bazaları böyük şirkətlər qurub və onların nüfuzu kifayət qədər yüksəkdir. Həmin bazalar dünya üzrə tanınıb və hamı ondan istifadə edir. Lokal bazalar quranda isə biz alimlərimizin fəaliyyətini dar çərçivəyə salmış, dünyada gedən elmi proseslərdən təcrid etmiş olarıq.
Hətta bu yaxınlarda ali təhsil müəssisələrimiz üçün daxili reytinq sistemi qurulması ilə bağlı təkliflər də edilmişdi. İlk baxışdan yaxşı görünür, amma bizdə onsuz da daxili rəqabət güclüdür və sadəcə bununla kifayətlənmək olmaz. Bu kimi təşəbbüslər həyata keçirərək, yalnız inkişafın qarşısını almaq üçün yeni mexanizmlər yaratmış olarıq. Ona görə də qərara gəldik ki, bütün elmi tədqiqat və ali təhsil müəssisələri üçün heç bir ayrıseçkilik etmədən dünyanın nüfuzlu elmmetrik bazalarına çıxışı təmin etməliyik. Artıq buna nail olmuşuq. İstər özəl, istər dövlət müəssisələrində çalışan alimlərimizin həm “Scopus”, həm də “Web of science” bazalarına çıxış imkanı var. Həmin bazaya daxil olanlar həm yerli, həm də beynəlxalq tədqiqatçıların işləri ilə tanış ola bilirlər. Elm bəşəridir və istinadlar da belə olmalıdır. “Scopus”un “Scopus AI” adlı yeni bir funksiyası da var ki, burada bazaya inteqrasiya edilmiş süni intellekt əlavə axtarış imkanları verir. Bu funksiya sayəsində daha keyfiyyəti və mövzuya uyğun məlumatı qısa zamanda tapmaq mümkündür. Chat GPT ilə müqayisədə buradakı süni intellekt elmi tutumlu məlumatlar üzərindən məzmun təqdim etdiyi üçün daha keyfiyyətli məlumatlar əldə etmək olur. Burada söhbət plagiatlıqdan, kiminsə elmi əsərini oğurlamaqdan getmir. Bu funksiyalar onun üçün əlavə edilməyib, sadəcə olaraq, düzgün ədəbiyyat axtarışı edib, lazımi məqalələrin tapılması üçün yaradılıb.
– Bəs, müxtəlif sahələrdən olan alimlərimizin koordinasiyalı fəaliyyətini nə dərəcədə zəruri hesab edirsiniz?
– Bizdə fərqli sahələrin kəsişməsində çalışan alimlərimizin sayı da azdır. Bu da bizim istədiyimiz mövqelərə gəlib çatmağımıza mane olur. Bundan da əlavə dünyada Davamlı İnkişaf Məqsədlərinə xidmət edən elmi araşdırmalar da var və burada da yaxşı mövqelərdə ola bilərik. Sadəcə alimlərimiz bu gün həmin trendlər barədə kifayət qədər məlumatlı deyillər. Bu mövzuda alimlərimizi məlumatlandırmaq da agentliyimiz üçün qarşıya qoyulmuş hədəflərdən biridir. Alimlərimiz tədqiqatlarını, elmi məqalələrini hazırlayarkən bu meyarları da nəzərə almalıdırlar. Universitetlərin reytinqində bu kimi məqalələr xüsusi qiymətləndirilir.
“ALİMLƏRİN RİFAHININ ARTIRILMASI ÜÇÜN TƏKLİFLƏR HAZIRLANIB”
– Alimlərin elmi fəaliyyətlə məşğul olmalarını stimullaşdırmaq üçün tədbirləriniz varmı? Bu tədbirlər nədən ibarətdir?
– Yaxşı alimlərimiz var. Alimlərimizin rifahının artırılması da çox vacib məsələdir. Həqiqətən də buna diqqət edilməli, yeni maliyyə mexanizmləri işlənməlidir. Biz də bu istiqamət üzrə müəyyən təhlillər apararaq, təkliflər hazırlamışıq. Düşünürəm ki, məsələyə kompleks şəkildə baxılanda daha düzgün addımlar atılacaq. Həm optimallaşdırılma, həm maddi motivasiya mexanizmləri, həm də birgə əməkdaşlıqla bağlı problemlərə kompleks şəkildə baxılıb, düzgün həll yolları tapılacaq.
Onu da qeyd edim ki, bizim alimlərimizin böyük əksəriyyəti gənclik illəri sovet hökuməti vaxtında keçən adamlardır. Beləliklə, onlar üçün elmin dili əsasən, rus dili olub. Söhbət dəqiq və təbiət elmlərindən gedir. Lakin hazırda aparılan elmi aktivliyin ölçülməsi yalnız ingilis dilində nəşr olunan ədəbiyyatların üzərində qurulub. İndi bizim yaşlı nəslin ingilis dilini bilməməsi və ya aşağı səviyyədə bilmələri yaxşı məqalələr hazırlamalarına mane olur. Orta nəsildə bu problem daha azdır. Amma yenə də var. Bu baxımdan maddi məsələ deyəndə təkcə alimə əməkhaqqı verilməsindən danışmamalıyıq. Məsələn, ana dili ingilis dili olmayan birinin yazdığı məqalənin üzərində çalışmaq lazımdır ki, həmin məqalə elmmetrik bazalarda yerləşdirilən məqalələrin ingilis dili səviyyəsində olsun. Bu xidmət pulludur. Bu kimi xidmətlərin də təmin olunması üçün alimə vəsait lazımdır. Digər tərəfdən alimlərimizin məqalələrinin açıq girişdə olması üçün də müəyyən ödəniş tələb edilir. Yaxşı jurnal hansısa məqaləni çap etdirmək üçün pul istəmir, amma bu kimi xidmətlərin geniş ictimaiyyətə çatdırılması ödənişlidir və belə olması da normaldır. Hədəfimiz odur ki, bu kimi xidmətləri alimlərimiz üçün əlçatan edək.
“İSTƏNİLƏN UNİVERSİTETİN ÜZƏRİNƏ “TƏDQİQAT” SÖZÜNÜ YAZMAQ OLAR, AMMA O ADIN ARXASINDA NƏ OLACAĞI ÖNƏMLİDİR”
– Tədqiqat universitetlərinin yaradılması ilə bağlı işlər hansı mərhələdədir? Bazasında tədqiqat universitetləri yaradılması nəzərdə tutulan ali təhsil müəssisələri müəyyən edilibmi?
– Hazırda Elm və Təhsil Nazirliyi tərəfindən iki universitetin bazasında tədqiqat universitetinin yaradılmasının hüquqi, maddi məsələləri üzərində iş aparılır. Həmin universitetlər barəsində müəyyən fikirlər var. Hansısa universitetin üzərinə tədqiqat sözü yazmaq olar. Amma o adın arxasında nə olacağı önəmlidir. Hazırda bu proses gedir.
“ƏCNƏBİ TƏLƏBƏLƏRİN SAYININ GƏLƏN İL DAHA 1000 NƏFƏR ARTIRILMASI HƏDƏFLƏNİB”
– Uzun illərdir gənclərimiz yalnız attestatla ali təhsil almaq üçün xarici ölkələrə üz tuturlar. Əcnəbi tələbələrin cəlbi üçün belə bir modelin ölkəmizdə də yaradılması nəzərdə tutulurmu?
– Bizim hazırda 10 min əcnəbi tələbəmiz var. Onlar bir qayda olaraq bizim ali təhsil müəssisələrimizə müsabiqədərkənar qəbul olurlar. Hədəfimiz xarici tələbələrin sayını gələn il üçün daha 1000 nəfər artırmaqdır. Bu, asan tapşırıq və asan hədəf deyil. Bizim elə universitetlərimiz var ki, onlarda müəyyən sayda əcnəbi tələbə oxuyur. 90-cı illərdə əcnəbi tələbələrin sayı məlum səbəblərə görə azalıb. Lakin indi yavaş-yavaş əvvəlki göstəricilərə qayıdırıq. Əcnəbi tələbələrin cəlbi həm gələcəkdə ölkəmizin təbliğatıdır, həm universitetlərimizin reytinq göstəricilərinə birbaşa təsir edir, həm də ali təhsil müəssisələrimizin daxilində beynəlxalq mühit yaranmasına və ölkəmizə əlavə valyuta axınına səbəb olur. Müəyyən mənada biz bu məsələni koordinasiya edirik, amma əsas fəaliyyət universitetlər tərəfindən aparılmalıdır və bütün dünyada da bu, belədir.
– Bu gün əlində diplom olan, lakin bilik və bacarıqları kifayət etmədiyi üçün iş tapmaqda çətinlik çəkən insanlar var. Məzunların əmək bazarına hazırlığını ölçən mexanizmləriniz varmı?
– Bütün sahələr üzrə bunu ölçmək çətindir. Lakin fərqli sahələrə baxsaq, məsələn, müəllimlik ixtisası Elm və Təhsil Nazirliyi tərəfindən aparılan müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə ölçülə bilir. Digər tərəfdən xaricdə təhsil alıb ölkəyə qayıtmış şəxslərin müəllimlik, mühəndislik və hüquqşünaslıq sahələri üzrə bacarıqları Təhsildə Keyfiyyət Təminatı Agentliyinin müraciəti əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən imtahanlar keçirilməklə tanınır. Həmçinin, tibb ixtisası üzrə kvalifikasiyaların tanınması üçün Səhiyyə Nazirliyi tərəfindən imtahanlar keçirilir. Bu kimi peşəkar mexanizmlər var. Amma tələbə ali təhsil müəssisəsini bitirdiyi an onun bilik və bacarıqlarını ölçmək üçün təcrübə yoxdur. Bunu göstərən sənəd əlindəki diplomudur. Əgər o diplomun arxasında kifayət qədər bilik və bacarıq yoxdursa, bunun məsuliyyəti universitetin üzərindədir. İşəgötrürənlər də həmin məzunları işə götürmürlərsə, o universitetin reputasiyası yavaş-yavaş aşağı düşür. Eyni zamanda bizim akkreditasiya mexanizmlərimiz var və o tərəfdən də məsələyə baxılır. Məzunların rəyi dünyada seçilən bir amildir, reytinq sistemlərinin meyarlarında işəgötürənlərlə sorğu aparılması bəndi var.
Məsələyə başqa tərəfdən baxsaq, universitetlərin özünün də bir neçə istiqaməti var. Ya böyük elmi tədqiqatlarla məşğul olur, ya da əmək bazarı üçün mütəxəssis hazırlayırlar. Həmin mütəxəssisin keyfiyyəti nə qədər yuxarıdırsa, o da həmin universitetin göstəricisidir. Əgər tədqiqat müəssisələrində reytinq elmmetrik göstəricilər əsasında müəyyən edilirsə, burada da məzunların nə qədər tez və yaxşı işə sahib olmaları əsasında müəyyənləşdirilir.
“BİZDƏ DÜNYA UNİVERSİTETLƏRİ İLƏ MÜQAYİSƏDƏ ALİ TƏHSİLİ VAXTINDA BİTİRMƏ FAİZİ ÇOX YÜKSƏKDİR”
– Bəzən belə bir fikir irəli sürülür ki, ali təhsil müəssisələrimizə girişi asanlaşdırmalı, çıxış qapısını bərkitməliyik. Siz necə düşünürsüz?
– Bəli, dünyanın qabaqcıl ölkələrində proses belə gedir. Lakin bizdə bunun əksidir. Biz ali məktəblərə qəbulun qapısını çox dar qoymuşuq, insanlar çox çətinliklə qəbul olurlar. Lakin çıxış qapısı çox genişdir. Hətta təhlillərimiz də göstərir ki, bizdə dünya universitetləri ilə müqayisədə vaxtında ali təhsili başa vurma faizi çox yüksəkdir. Əgər qrupda 30 nəfər təhsil alırsa, bir çox universitetlərimizdə onların 29-u vaxtında təhsilini başa vurur. Bəzən də hamısı. Dünyada bu, nadir hallarda baş verir. Belə çıxır ki, o, qeyri-adi qrupdur. Lakin bilirik ki, əksər hallarda proses belə baş vermir. Bu da bizi düşündürən məsələlərdən biridir. Yenə də qeyd edim ki, diplom müəssisənin tələbəyə verdiyi qiymətlər əsasında təqdim olunur və buna görə də məsuliyyət onların üzərinə düşür.
“BU İL TƏLƏBƏ TRANSFERLƏRİ YENİ QAYDALARLA APARILACAQ”
– Bəzi ali təhsil müəssisələrinin diplomlarını alan şəxslərin işə qəbul imtahanlarında nəticələri çox aşağı olur. Və ya konkret misalla göstərsək müəllimlərin sertifikatlaşdırılması prosesindən keçə bilməyənlər arasında hansısa universitetin diplomunu almış şəxslərin çoxluq təşkil etdiyi müşahidə edilib. Ali təhsil müəssisələrində tədris olunan ixtisasların tənzimlənməsi istiqamətində hansısa planlar varmı? Universitetlərdə hansı ixtisasların tədris edilib-edilməməsi üçün agentlik hər hansısa bir müdaxilə edə bilərmi?
– Hazırda bu istiqamətdə proses gedir. Müəllimlik ixtisasları üzrə proqram akkreditasiyası üçün göstəricilərdən biri də məhz adıçəkilən imtahanlardır. Bu çox önəmli məsələdir. Bəzi hallarda bizim müəssisələrimiz diplom verirlər və nəticə etibarilə görünür ki, diplom sahibinin kifayət qədər biliyi yoxdur. Sonra həmin adam iş tapmayanda, məyus olur, stres keçirir və məlum olur ki, istədiyi peşəyə sahib ola bilməyib. Bəzi hallarda gənclər də seçimlərini düzgün etmirlər və sistem də elə qurulub ki, haradasa səhv buraxanda həmin an düzəldə bilmirlər. Lakin bu səhvi düzəltmək üçün transfer sistemi var və ildə bir dəfə açılır. Tələbə həqiqətən səhv etdiyinə əmindirsə, seçimini düzəltmək üçün şans verilir və bunun özü yaxşı haldır. Bu il də yay aylarında transferlər olacaq və yeni qaydalarla aparılacaq. Bizim üçün həm maraqlı, həm də çətin il olacaq. Çünki ilk dəfədir ki, prosesi universitetlərin öhdəliyinə buraxmışıq. Prosesdə həm tələbəni ötürən, həm də qəbul edən tərəf iştirak edəcək. Biz isə daha çox müşahidəçi və tənzimləyici rolda çıxış edəcəyik.
– Bəzi ixtisaslar həm kolleclərdə, həm də ali təhsil müəssisələrində tədris olunur. Misal üçün mühasibat uçotu. Bu sahə daha çox praktiki bacarıq tələb edir. Əgər bu tip ixtisaslara yiyələnmək üçün orta ixtisas təhsili pilləsindəki tədris kifayət edirsə, onların ali təhsil müəssisələrində tədrisinə nə ehtiyac var?
– Mən hətta bir az da dərinə gedərdim. Elə ixtisaslar var ki, həm orta ixtisas, həm peşə, həm bakalavr, həm də magistratura pilləsində tədris olunur. Hazırda bu istiqamətdə də islahatlar gedir və bu, təkcə sözdə deyil, həqiqətən işlər aparılır. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi yaranandan bu günə kimi bütün orta ixtisas müəssisələrində olmuşuq, müvafiq monitorinq və yoxlamalar aparmışıq, kadr dəyişiklikləri də edilib. Müəyyən ixtisasların ləğvi və ya orta ixtisas pilləsində bağlanıb, peşə təhsil pilləsində saxlanılması nəzərdə tutulur. Bu istiqamətdə təkliflərimizi hazırlayıb təqdim etmişik və yaxın zamanda dəyişiklikləri görəcəksiniz. Qaldırdığınız məsələdə tam haqlısınız və bizi də düşündürür. Yaxın zamanda bir çox ixtisaslar üzrə bu problemi həll edə biləcəyik.
– İllərdir ali təhsil müəssisələrinin şəhərdən kənara köçürülməsi ilə bağlı təkliflər verilir. Bunun mərhələli formada həyata keçirilməsi mümkündürmü? Paytaxtdakı sıxlığı nəzərə alanda, bu da problemin aradan qalxmasına müəyyən qədər təsir edər. Həm də universitetlərimizin regionlara köçürülməsi oradakı iqtisadi inkişafa da töhfə vermiş olar.
– Bakının inkişaf konsepsiyasında bu məsələ var. Səhv etmirəmsə, inkişaf konsepsiyası 25 il üçün nəzərdə tutulub. Bu proses mərhələli şəkildə görülə bilər. Mən desəm ki, sabah hansısa universitet harasa köçürülür, hazırda belə bir məsələ yoxdur. Bu gün üçün əsas layihə Qarabağ Universitetinin hazırlanmasıdır. Böyük hədəf qoyulub, o hədəfə doğru gedirik və tədris prosesi sentyabr ayından başlamalıdır. Bu yaxınlarda cənab nazir də açıqlamışdı ki, Türkiyə-Azərbaycan Universitetinin yerləşəcəyi bina haqqında da məlumat veriləcək. Yəni, hələ ki, gündəmimizdə bu məsələlər var. Amma digər universitetlərin köçürülməsi bu gün üçün aktual deyil.
– Qarabağ Universitetindən söz düşmüşkən, bu il əcnəbi tələbə qəbulu nəzərdə tutulurmu?
– Qarabağ Universiteti kontekstində hələ ki, belə bir plan yoxdur. Əcnəbi tələbə qəbulu üçün, ilk növbədə, universitet özünü tanıtmalıdır. Nəzərə alsaq ki, hələ bizim ali məktəblərimiz universitetlərdən ibarət bazalarda yoxdur. Olmamağı da normaldır, çünki hələ fəaliyyətə başlamayıb. Lakin növbəti illərdə, yəqin ki, əcnəbi tələbə qəbulu da aparılacaq.
– Sosial şəbəkələrdə aparılan müzakirələrdə Qarabağ Universitetində açılması nəzərədə tutulan ixtisasların daha müasir ixtisaslar, məsələn, blokçeyn texnologiyaları, innovasiya, liderlik, investisiya psixologiyası sahəsinə aid olması arzu edilir. Siz bu barədə nə düşünürsüz? Gələcəkdə bu tip ixtisasların açılması mümkündürmü?
– Hazırkı ixtisaslar seçiləndə bir sıra faktorlar – həm regionun iqtisadi maraqları, həm mövcud kadr potensialı, həm də kifayət qədər populyar və maraq doğuran olması nəzərə alınıb. Çünki Qarabağ Universiteti hələ nəinki xaric, cəmiyyətimiz üçün də yenicə fəaliyyətə başlayan bir universitet olacaq. Əminəm ki, abituriyent olan hər bir evdə olmasa da, hər ikinci evdə variantlardan biri kimi Qarabağ Universitetinin seçilməsi də müzakirə edilir. Valideynlərin, abituriyentlərin nə qərar verəcəyini görəcəyik. Biz istəyirik ki, Qarabağ Universitetinə yüksək nəticəli abituriyentlər gəlsinlər. Təhsil tamamilə pulsuzdur. Hər bir tələbə kompüterlə təmin olunacaq. Orada yaşayışın yüksək şəraitdə və yataqxananın pulsuz olması gözlənilir. Çalışırıq ki, həm adminstrativ, həm də akademik heyətdə yaxşı kadrlar olsun. Müasir ixtisaslara gəlincə, onu deyim ki, ali təhsil müəsissələri istədiyi ixtisası aça bilməz. Nazirlər Kabinetinin müvafiq təsnifatı var və ixtisaslar həmin siyahıdan seçilməlidir. Yəni, kimsə düşünməsin ki, mövcud ixtisaslar təsadüfən seçilib. Dediyim kimi, bütün faktorlar nəzərə alınıb. Düşünürəm ki, orada hüquq fakültəsinin olması maraq doğuracaq. Çünki bu ixtisas Bakıda bir-iki ali təhsil müəssisəsində, regionlarda fəaliyyət göstərənlə arasında isə sadəcə Naxçıvan Dövlət Universitetində tədris olunur. Yəni, artıq seçim edənlər biləcəklər ki, hüquq təhsili almaq üçün Bakıya gəlməyə ehtiyac yoxdur. Pedaqoji ixtisasların olması onunla bağlıdır ki, qayıdış var, orada yeni məktəblər inşa olunur və kadr potensialına ehtiyac olacaq. Turizm ona görə seçilib ki, bölgənin kifayət qədər geniş turizm imkanları var və bu istiqamətdə ciddi işlər aparılır. Düşünürəm ki, növbəti illərdə daha da maraqlı ixtisaslar olacaq. Hələ ki, indi üçün bu ixtisaslar seçilib. Bir də ixtisaslar yaradılanda onun tədrisi üçün lazımi resursların olub-olmaması da nəzərə alınır. Bizim qısa bir müddətdə orada böyük laboratoriyalar qurmaq imkanımızın olmadığını nəzərə alsaq, deməli, ixtisas seçəndə məsələyə hərtərəfli baxmalıyıq.
– Bir çox universitetlərimizdə hələ də sovet dövründə nəşr edilmiş və ya üz qabığı yenilənmiş vəsaitlərdən istifadə olunur. Ali təhsil müəssisələrinə tədris proqramları və vəsaitlərin yenilənməsi, dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində hansı işlər görülür? Agentlik olaraq ali təhsil müəssisələrinin dərs vəsaitləri ilə təmin olunmalarına nə kimi dəstək göstərirsiniz?
– Ali təhsil müəssisələrində dərslik deyəndə cəmiyyət olaraq bunu orta məktəb dərslikləri kimi qəbul edirik. Dünyanın ali təhsil müəssisələrdə hansısa fənn üçün konkret dərslik olmur. Bəzi nəzəri sahələri kənara qoysaq, bu anlayış demək olar aradan qalxıb.
– Lakin faktiki olaraq bizim ali təhsil müəssisələrimizin bir çoxunda konkret dərs vəsaitləri üzərindən tədris aparılır və imtahan sualları da onlar əsasında hazırlanır.
– Mən sizinlə razıyam və cəmiyyətimizdə də bu fikir elə-belə formalaşmayıb. Amma təhsilin ənənəsi odur ki, müəllim fənnini tədris edəndə 7-8, hətta 10 ədəbiyyat sadalamalıdır. Bu, kitab da, məqalə də, monoqrafiya da ola bilər. Dünyada da bu, belə qəbul olunub. Çünki ali təhsil alan birinin hansısa bir kitabı oxuyub qiymət alması düzgün deyil. Digər tərəfdən ana dilimizdə keyfiyyətli ədəbiyyatımız məhduddur. Əcnəbi dilləri bilən tələbələr ona görə seçilirlər ki, onların daha geniş məlumat bazalarına çıxış imkanları olur. Dil biliyi sadəcə ingiliscə ünsiyyət demək deyil. Həmin tələbələr daha çox ədəbiyyatı oxuya bilirlər, dünyadakı trendlərdən daha tez xəbərdar olurlar. Həmçinin, nüfuzlu elmmetrik bazalarda məlumatların 99 faizi ingilis dilindədir. Bu gün ali təhsil alan adamın ingilis dilini öyrənmək istəməməyi özünü məhdudlaşdırması deməkdir. Onu da qeyd edim ki, bizim Təhsilin İnkişafı Fondunun Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə birgə IELTS layihəsi var. O layihə çərçivəsinə IELTS imtahanı verərək müvəffəqiyyət qazanmış tələbənin imtahan ödənişi geri qaytarılır. Bildiyiniz kimi bu imtahan bir qədər bahalıdır. Bu təşəbbüslər də tələbələrimizin daha çox xarici dil bilməsini təşviq etmək üçün irəli sürülür. Dünyada elm və texnologiya çox sürətlə inkişaf edir. Cəmi 10 milyon əhalisi olan ölkəyik və o sürətlə həmin yenilikləri tərcümə edib çatdıra bilmərik. Bir kitab keyfiyyətli tərcümə edilənə kimi artıq onun yeni nəşrləri çıxmış olacaq. Qarabağ Universitetində də tələbələrin ingilis dilini öyrənmələrinə diqqət ayrılacaq. Tələbələrimizi ya əmək bazarı üçün hazırlayırıq, ya da onlar özlərini elmə həsr edirlər. Hər iki halda da xarici dil biliyi vacibdir. Bu gün əmək bazarında iş elanlarına baxanda, onların böyük əksəriyyətində xarici dil biliyi tələbinin olduğunu görürük.
“ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ MÜƏLLİMİN DANIŞIB, HAMININ SUSDUĞU ƏNƏNƏVİ DƏRS METODUNDAN UZAQLAŞMALIYIQ”
– Etiraf edək ki, ali məktəblərimizin bir çoxunda tədris daha çox nəzəriyyə yönümlüdür. Müasir dünya isə çeviklik, praktika və bacarıq tələb edir. Bunu necə təmin etmək olar? Təlimatlarda bu məsələlər nəzərdə tutulubmu?
– Bizim müəssisələrimizdə problem yönümlü, hansısa keyslər üzərində qurulmuş, praktik yönümlü təhsillə bağlı ciddi problemlərimiz var. Bu da bizə sovet dövründən miras qalıb. Hətta elmi istiqamətdə belə, nəzəri sahə ilə məşğul olmaq o halda düzgündür ki, sizin yaratdığınız nəzəriyyə dünya tərəfindən qəbul edilsin. Əgər alim görürsə ki, onun nəzəriyyəsi fundamental əhəmiyyət daşımır, dünya bunu tanımır, həmin adam elmdən qaçmamalı, sadəcə olaraq daha çox tətbiqi sahələrlə məşğul olmalı, bugünkü iqtisadiyyatın çətinlikləri, çağırışları, cəmiyyətin problemlərinin həlli üçün elmi yollar təklif etməlidir. Tələbə bütün günü yazıb, əzbərləyib, sonra da onu danışıb qiymət alırsa, oradan tətbiqə gəlib çıxmaq çox uzun yoldur və demək olar ki, mümkün deyil. Biz innovativ təhsil metodlarını akkreditasiya meyarlarına da daxil etmişdik və çox önəmli məsələdir. Müəllimin danışıb, hamının susduğu ənənəvi dərs metodundan uzaqlaşmalıyıq. Komanda işləri, araşdırma yönümlü dərslər təşviq edilməlidir. Mənə elə gəlir ki, bizim xüsusi işləri gündəmə gətirən univesitetlərimiz də var və fərqli yanaşmalar ortaya qoyurlar. Bu da birdən-birə baş verən proses deyil və getdikcə ölkə üzrə paylanır. Sizə deyim ki, əslində bu proses dünyada da belədir. Bütün universitetlərin baxışı, siyasəti, məqsədləri eyni deyil. Elə universitetlər var ki, özünü daha çox tətbiqi sahədə görür və əmək bazarına yaxın olması ilə seçilir. Digəri, deyir “mən fundamental nəzəriyyələrin, böyük elmin ocağıyam”. Başqası innovativ təhsil metodları ilə kadr hazırlamağı üstün tutur.
– Ali təhsil müəssisələrinin akademik muxtariyyət məsələsi də tez-tez gündəmə gətirilir. Bu məsələ həll olunsa, sadalanan bir sıra problemlər də həllini tapa bilərmi?
– Akademik muxtariyyət çox geniş anlamdır. Onu belə darlaşdırmaq olmaz. Bizdə bəzən akademik muxtariyyəti inzibati muxtariyyətlə qarışdırırlar. Amma bunun adı inzibati muxtariyyət deyil, akademik muxtariyyətdir. Akademik muxtariyyət o deməkdir ki, dövlət elmi müəssisəni hansısa araşdırmanı aparmağa məcbur edə bilməz. Universitet bu tip qərarları elmi şura çərçivəsində qəbul edir. Elmi şura müəssisənin elmin hansı sahələri ilə məşğul olmasını, gələcəkdə hansı ixtisasların açılmasını və digər vacib və strateji məsələləri müzakirə edir. Bir də akademik dürüstlük məsələsi var. Yəni, kimsə kiminsə məqaləsini oğurlasa, dövlət onu cəzalandırır. Bu məsələyə ciddi diqqət yetirilir, bütün işlər plagiatın olub-olmamasına görə yoxlanışdan keçirilir. Ali Attestasiya Komissiyası bəzən kimisə elmi rəhbərlik etməkdən məhrum edir. Bu gün Ali Attestasiya Komissiyasına təqdim olunan elmi işlərə verilən imtinalar 14-15 faiz arasındadır. Bizdə akademik muxtariyyət həll olunmamış məsələ deyil. Əgər inzibati muxtariyyətdən danışılırsa, bizim ali təhsil müəssisələrimiz bir çox məsələlərdə kifayət qədər sərbəstdirlər. Tədris prosesində müəyyən fənlər var ki, onların tədrisi mütləqdir, amma hər bir ali təhsil müəssisəsinin təxminən 30 faiz fərqli kontent vermək imkanı var. Əgər müəssisə bu imkandan istifadə etmirsə, bu onun seçimidir.
– Ülkər xanım, bir az da orta ixtisas təhsili müəssisələrinin fəaliyyətindən danışaq. Orta ixtisas təhsili müəssisələrinin əsaslı təmir və tikintisi ilə bağlı hansı planlar var? Həmin müəssisələrin də bir qisminin maddi-texniki bazası demək olar yoxdur.
– Biz kolleclərdə monitorinqlər aparmışıq. Digər təhsil pillələrində olduğu kimi orada da fərqli problemlər var.
– Bəs Şuşa Humanitar Kollecinin Şuşa şəhərinə köçürülməsi nəzərdə tutulurmu? Prosesə nə vaxtdan başlanılacaq?
– Bizim bir neçə kollecimiz var ki, işğal zamanı köçürülmüşdü. Onların sayı 3-dür. Yanaşma kolleclərin birdən-birə köçürülməsi deyil. Təkliflərimiz arasında bu istiqamət də nəzərə alınıb. Lakin hansı prizmada olacağını indidən demək doğru olmaz. Ola bilər Qarabağ Universiteti nəzdində kollec yaradılsın, müstəqil fəaliyyət göstərsin, ixtisaslar dəyişdirilməklə yaradılsın və s. Lakin işğaldan azad edilmiş ərazilərimizdə peşə məktəblərimiz də, orta ixtisas müəssisələrimiz də olacaq.
– İşğaldan azad edilmiş ərazilərdə hansısa elmi müəssisələrin strukturları necə yaradıla bilərmi? Həmçinin burada əlavə orta ixtisas təhsili müəssisələrinin tikilməsi planlaşdırılıbmı?
– Bizim hazırda müəyyən elmi tədqiqat müəssisələrimiz var ki, orada müvafiq araşdırmalar aparırlar. Həmin bölgədə elmi tədqiqat müəssisələrinin olması da inkar olunmur. Bu haqda da müəyyən müzakirələr gedir. Qeyd edim ki, hazırda orada yaradılan Qarabağ Universiteti yeni bir universitet olacaq. Ondan gözləntilər, çağırışlar, tələblər də böyükdür. Biz də çox gözəl dərk edirik ki, gələcəkdə yaxşı bir universitetə çevrilməsi üçün elmi potensialı olmalıdır. Bunun üçün bir zəmin, müəyyən fikirlər var. Lakin bu haqda danışmaq hələ tezdir.
“SABAH QRUPLARININ ƏHATƏ DAİRƏSİ GENİŞLƏNDİRİLƏCƏK”
– SABAH qrupları ilə bağlı hansı yeni planlar var. Onların əhadə dairəsinin artırılması nəzərdə tutulurmu? Hətta SABAH-ın ayrıca bir universitetinin yaradılmasının da nəzərdə tutulduğu deyilmişdi.
– Qarabağ Universiteti yaradıldı. Onun da müəyyən mənada SABAH layihəsi ilə bağlılığı gözlənilir. Planda SABAH qruplarının əhatə dairəsinin genişləndirilməsi də var. Bir sıra qərarlar artıq qəbul olunub, elanlar da verilir. Yeni magistratura proqramları, yeni ixtisaslar haqqında da düşünürük. Bu, bizim üçün çox vacib, məhsuldar bir layihədir. Layihənin digər maraqlı tərəfi də budur ki, bir yerdə dayanmır. Canlı orqanizm kimi hərəkətdədir, görürük ki, transformasiya edir. Bunun özü də çox müsbət təcrübədir. Məsələn, incəsənət sahəsində olan qruplarda çox maraqlı insanlar görürük. Maraqlı layihələr təqdim edirlər. SABAH qruplarının məzunlarının müxtəlif müsabiqələrdə yaxşı yerlər tutduğunu müşahidə edirik. Məsələn, yenicə Naxçıvan Dövlət Universitetində tibb ixtisası üzrə SABAH qrupu açıldı. Eləcə də Sumqayıt Dövlət Universitetində SABAH qruplarının açılması gözlənilir. Layihə həm də çox rəngarəngdir. Onun olduğu kimi qalacağını gözləmək doğru deyil. Layihə öz yolunu, öz istiqamətini tutub və daim yeniliklər baş verir.
– Ülkər xanım, toxunmadığımız məsələlər üzrə hansısa əlavələriniz varmı?
– Hökumətlərarası Təqaüd Proqramlarımız da var. Bu proqramlar agentliyin Beynəlxalq şöbəsi tərəfindən aparılır. Bir çox hallarda kimsə hansısa səbəbdən Xaricdə təhsil üzrə Dövlət Proqramında iştirak edə bilmir, ya göstəriciləri çatmır, ya da vaxtını ötürür. Amma Hökumətlərarası Təqaüd Proqramları ilə bağlı ilboyu elanlar veririk. Orada da kifayət qədər fərqli ölkələr və fərqli ixtisaslar üzrə təhsil almaq imkanı mövcuddur. Məsələn, Sloveniya, Macarıstan və Qazaxıstanda. Bu da gənclərimiz üçün yaxşı imkandır. Seçim prosesi bizim agentlik tərəfindən aparılır. Bəzən bir yerə 3-7 nəfər sənəd verir. Gənclərimizə çağrış edirəm ki, Hökumətlərarası Təqaüd Proqramlarının rəsmi saytını mütəmadi olaraq izləsinlər. Agentlik olaraq öz sosial şəbəkə hesablarımızda da daim bu elanları yerləşdiririk.
Çingiz SƏFƏRLİ
muallim.edu.az