Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsinin təşkilatçılığı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” tədbirinin görülməsi və aradan qaldırılması mövzusunda institutun əməkdaşları ilə məlumatlandırma xarakterli görüş keçirilib.

Riyaziyyat və Mexanika İnstitututun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov qonaqları salamlayaraq tədbirin əhəmiyyəti haqqında danışdı və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğuladı. Bildirildi ki, narkomaniyaya qarşı müvafiq qurumlar, eyni zamanda cəmiyyətin bütün üzvləri tərəfindən birgə mübarizə aparılmalı, yeniyetmə və gənclər arasında keçirilən maarifləndirmə tədbirləri daimi xarakter almalıdır.

Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Narkoloji Mərkəzin həkim-psixoloqu Babayeva Gunay, Bakı Baş Polis İdarəsinin Cinayət axtarışı idarəsinin polkovnik-leytenantı Elçin Rəhimov və Kiber Məkanda Narkotiklərlə Mübarizə şöbəsinin polis mayoru İbrahimov Tural çıxış edərək, dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrindən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışdılar. Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. Tədbirin keçirilməsində əsas məqsəd gəncləri narkomaniyanın acı nəticələrinə, onun insana, bütövlükdə cəmiyyətə vurduğu faciəvi zərər və ona qarşı mübarizə üsullarına dair maarifləndirməkdən ibarət olduğunu bildiriblər. Qonaqlar Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə qəbul edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” nda maarifləndirmə məsələlərinə xüsusi yer verildiyini qeyd etdilər.

Çıxış edənlər tədbir iştirakçılarını bu bəladan yaxa qurtarmaq üçün narkomaniyaya düçar olmuş insanları doğru yola çəkməyə, onlara kömək etməyə çağırdılar. Diqqətə çatdırıldı ki, bu təhlükəli xəstəliklə mübarizədə maarifləndirmə işlərinə, idmanın kütləviliyinin artırılmasına ehtiyac duyulur. Hər bir gənc çalışmalıdır ki, zərərli vərdişlərdən uzaq dursunlar, özünü və ətrafdakıları qorusunlar .

Sonda iştirakçıları maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.