Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının iclasında “Yaşıl dünya naminə həmrəylik ili” və “COP29” tədbirlərindən irəli gələn elmi məsələlər müzakirə olunub


Mayın 29-da AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Elmi şurasının növbəti iclası keçirilib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda baş tutan tədbirdə Elmi şuranın üzvləri, FRTEB-in əhatə etdiyi elmi müəssisələrin baş və icraçı direktorları, elmi katiblər və iclasın gündəliyi üzrə məsələlərə aidiyyəti olan şəxslər iştirak ediblər.

Daha sonra AMEA-nın vitse-prezidenti, FRTEB-in Elmi şurasının sədri, akademik Rasim Əliquliyev çıxış edərək, son illərdə ölkəmizdə elmin yeni hüquqi şəraitdə təşkili və inkişafı ilə bağlı həyata keçirilən dövlət siyasətindən, o cümlədən, Azərbaycan Milli Elmlər Akademiyası və AR Elm və Təhsil Nazirliyinin fəaliyyətini tənzimləyən bir sıra normativ-hüquqi sənədlərin qəbul edilməsindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin təsdiq olunmasından danışıb. O həyata keçirilən dövlət siyasətinin, eləcə də AMEA-nın yeni Nizamnaməsinin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi və onun əhatə etdiyi elmi müəssisələrin qarşısına ciddi strateji vəzifələrin qoyduğunu diqqətə çatdırıb. Akademik qeyd edib ki, yeni hüquqi şərait bölmənin əhatə etdiyi elmi müəssisələrin, hər bir alim və tədqiqatçıların, bütövlükdə, intellektual potensialın səfərbər edilməsini, öz fəaliyyətlərini yenidən nəzərdən keçirməsi və qlobal çağırışlara adekvat elmi tədqiqatlarla məşğul olmasını zəruri edir.

Daha sonra AMEA-nın vitse-prezidenti “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında AR Prezidentinin Sərəncamı”nın icrasından irəli gələn vəzifələr və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-da FRTEB-in əhatə etdiyi elmi müəssisələrin iştirakı haqqında məlumat verib. Akademik R.Əliquliyev cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ölkəmizdə müvafiq dövlət qurumları, həmçinin elmi ictimaiyyət qarşısında mühüm vəzifələr qoyduğunu vurğulayıb. Alim Azərbaycanın dünya üzrə ən böyük və mötəbər dövlətlərarası tədbirlərdən biri olan COP29-a ev sahibliyi etməsinin ölkəmizin “yaşıl” texnologiyalar ölkəsinə çevrilməsi istiqamətində, cənab Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrasında əhəmiyyətli rola malik olduğunu qeyd edib. O, COP29 çərçivəsində kompleks tədbirlərin həyata keçirilməsində ölkəmizin alim və mütəxəssislərinin elmi potensialının səfərbər edildiyini diqqətə çatdırıb. Akademik R.Əliquliyev bu məqsədlə aidiyyəti dövlət qurumlarında, o cümlədən AMEA-da bununla bağlı Tədbirlər Planının hazırlandığını, FRTEB-in əhatə etdiyi elmi müəssisələrin alimlərinin də bu prosesdə yaxından iştirak etdiklərini deyib.

Sonra bölmənin əhatə etdiyi müəssisələrin rəhbərləri, eləcə də alim və mütəxəssislər “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən işlər və COP29-da iştirakdan irəli gələn məsələlər barədə təkliflərini təqdim ediblər. AR Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov, Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru AMEA-nın müxbir üzvü Namiq Cəlilov, Radiasiya Problemləri İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev, Biofizika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Oktay Qasımov, AMEA-nın müşaviri akademik Adil Qəribov, FRTEB-in əhatə etdiyi elmi müəssisələrdə yaşıl enerji, qlobal iqlim dəyişmələri, karbon emissiyasının azaldılması, nüvə və hidrogen energetikası və s. istiqamətində aparılan tədqiqatlar, bu sahədə mövcud olan beynəlxalq təcrübənin öyrənilməsi, həmçinin COP29 çərçivəsində AMEA, Elm və Təhsil Nazirliyi, o cümlədən FRTEB-in iştirakı ilə elmi sessiyaların keçirilməsi, bu istiqamətdə müzakirələrin aparılması və təkliflərin toplanılaraq müvafiq dövlət qurumları qarşısında vəsatətin qaldırılması barədə çıxış ediblər.

Akademik Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində aparılan tədqiqatlardan, o cümlədən, elektron qurğuların utilizasiyası, akustik səs siqnallarının idarə olunması, ölkə üzrə akustik çirklənmənin monitorinqi, su hövzələrində suyun keyfiyyətinin ölçülməsi üçün dronlardan istifadə etməklə ekspres-analizlərin aparılması, yaşıl informasiya-kommunikası texnologiyalarının işlənilməsi, eləcə də neft-qaz sənayesində kiberfiziki sistemlərin tətbiqi, rəqəmsal və yaşıl transformasiyanın vəhdəti, yaşıl cəmiyyətin formalaşdırılmasında süni intellekt texnologiyalarının tətbiqi və s. kimi məsələlərdən danışıb.

Akademik Rasim Əliquliyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının bütün dünya ölkələri qarşısında ciddi vəzifələr qoyacağına, bu vəzifələr arasında elmi istiqamətin mühüm yer tutacağına əminliyini ifadə edib. Akademik R.Əliquliyev FRTEB-in əhatə etdiyi elmi müəssisələrin alim və mütəxəssislərini həm dövlətimizin siyasətinə elmi dəstək vermək, həm də qlobal çağırışlara reaksiya vermək baxımından bu prosesdə yaxından iştirak etməyə çağırıb. Müzakirələrdən sonra FRTEB-in əhatə etdiyi elmi müəssisələrin COP29-da iştirakı ilə bağlı təkliflərin AMEA-nın Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

Daha sonra akademik R.Əliquliyev AR Prezidentinin “Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamına dair AMEA Rəyasət Heyətinin Tədbirlər planına FRTEB-in əhatə etdiyi elmi müəssisələrin təklifləri ilə bağlı çıxış edib. Akademik qeyd edib ki, ötən ilin noyabr ayının 10-da Türkiyənin İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramına 10-cu ev sahibi seçilmişdir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. AMEA-nın vitse-prezidenti sözügedən Sərəncamın icrasını təmin etmək məqsədilə AMEA Rəyasət Heyətinin tədbirlər planına daxil edilmək üçün FRTEB-in əhatə etdiyi elmi müəssisələr tərəfindən təkliflərin hazırlandığını diqqətə çatdırıb. Bölmənin Elmi şurasının qərarı ilə FRTEB-in əhatə etdiyi elmi müəssisələrin təkliflərinin AMEA Rəyasət Heyətinin Tədbirlər planına daxil edilməsi üçün təqdim olunması qərara alınıb.

Sonra akademik R.Əliquliyev 2024-cü il üçün AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin əhatə etdiyi elmi müəssisələrin yarımillik hesabatlarının keçirilməsinə dair çıxış edib. Akademik FRTEB-də aparılan həm fundamental, həm də tətbiqi xarakterli tədqiqatların bir tərəfdən ölkənin milli maraqlarından irəli gələn, digər tərəfdən isə müasir dünyanın tələb və çağırışlarına müvafiq olan məsələləri ehtiva etdiyini bildirib. Vitse-prezident AMEA-da aparılan tədqiqatların monitorinqini həyat keçirmək, elmi-ekspertiza işlərinin səviyyəsini yüksəltmək məqsədilə mütəmadi olaraq hesabatların keçirildiyini vurğulayıb. Alim qısa zaman ərzində hər bir elmi müəssisədə hesabatlara hazırlıq işlərinin görülməsinin vacibliyini qeyd edib.

İclasda “Azərbaycan Milli Elmlər Akademiyası Simalarda” kitabının FRTEB üzrə məlumatlarının yenilənməsi məsələsi müzakirə olunub.

2025-ci ildə AMEA-nın 80 illik yubileyinin qeyd olunacağını deyən akademik R.Əliquliyev yubiley çərçivəsində müxtəlif səpkili tədbirlərin, konfranslar, elmi seminar və sessiyaların keçirilməsinin, çoxsaylı elmi nəşrlərin, bukletlərin hazırlanmasının nəzərdə tutulduğunu söyləyib. AMEA-nın yubileyi çərçivəsində “Azərbaycan Milli Elmlər Akademiyası Simalarda” kitabının da yenidən çapının planlaşdırıldığını qeyd edən alim bu məqsədlə nəşrdə akademiyanın həqiqi və müxbir üzləri ilə bağlı məlumatların yenilənməsi istiqamətində işlərin görüldüyünü diqqətə çatdırıb. AMEA-nın vitse-prezidenti kitabın FRTEB üzrə məlumatlarının yenilənməsinin vəziyyəti haqqında məlumat verərək nəşrdə bölmə üzrə 83 ümumi profil məlumatının yeniləndiyini, eyni zamanda 22 profil məlumatı üzərində işlərin aparıldığını qeyd edib.

Sonra AR Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondunun qrant müsabiqəsində qalib olmuş fizika, riyaziyyat və texnika elmləri üzrə layihələrin 2024-cü ilin birinci rübünün icrasına dair hesabatı dinlənilib.

Məsələ ilə bağlı bölmənin Elmi şurasının üzvləri tərəfindən layihələrin icrası prosesində meydana çıxan bir sıra elmi-nəzəri və elmi-praktiki məsələlərlə bağlı geniş müzakirələr aparılıb, layihə üzvləri tərəfindən görülmüş işlər yekdilliklə məqbul hesab olunaraq, layihələr üzrə tədqiqat işlərinin davam etdirilməsi qərara alınıb.

Elmi şuranın iclasında həmçinin akademik Maqsud Əliyevin 100, akademik Təyyar Cəfərovun və akademik Mirabbas Qasımovun 85, fizika-riyaziyyat elmləri doktoru, professor Ədalət Axundovun 75 və AMEA-nın müxbir üzvü Əyyub Quliyevin 70 illik yubileylərinin keçirilməsinə dair AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması haqqında qərar qəbul olunub.

İclasda İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü, professor Kamil Ayda-zadəyə səmərəli elmi fəaliyyətinə görə və 27 mart “Elm Günü” münasibətilə AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri Fərmanı təqdim olunub.

Sonda bir sıra cari məsələlərə baxılıb.

science.gov.az

Faydalı linklər