Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AzMİU ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb


Azərbaycan Respublikasının 2022/2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında “Elmi tədqiqatların və innovasiyaların inkişafının, elm və təhsilin inteqrasiyasının təmin edilməsi” fəaliyyət istiqamətinə əsasən ölkəmizdə elmi potensialı yüksək olan tədqiqat universitetlərinin yaradılması hədəflənib. Əlbəttə ki, bunun üçün ali məktəblərdə yeni elmi tədqiqat ənənəsinin formalaşması və qlobal elmi məkana inteqrasiya vacib amildir. Bu da öz növbəsində universitetlərdə elmi potensialın inkişafını dəstəkləyən mexanizmlərin tətbiqini labüd edir.

Elmi potensialın inkişafını dəstəkləyən mexanizmlərin tətbiqi ilə mövcud potensialı inkişaf etdirmək və nəticədə qlobal arenada universitetin reytinqli ali təhsil müəssisəsinə çevrilməsini əhəmiyyətli dərəcədə sürətləndirmək mümkündür. Şübhəsizdir ki, müasir dövrdə universitetlərin beynəlxalq elm arenasında tanınmasını şərtləndirən əsas amil onun “QS”, “THE” və bu kimi digər aparıcı reytinq sistemlərindəki yeridir. Bu reytinq sistemlərində təmsil olunmağın ən vacib kriteriyalarından biri universitetin elmi-tədqiqat fəaliyyətidir.

Qarşıya qoyulan hədəflərə çatmaq üçün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) sistemli işlər həyata keçirilir. Yeni tədqiqat laboratoriyalarının yaradılması, aktiv elmi-tədqiqatla məşğul olan alimlərin sayının artırılması ilə yanaşı, AzMİU-nun elmi-tədqiqat institutları ilə mövcud əlaqələri daha da inkişaf etdirilir, yeni əməkdaşlıqlar qurulur. Bu mənada Riyaziyyat və Mexanika İnstitutu, İdarəetmə İnstitutu və Radiasiya Problemləri İnstitutu ilə əməkdaşlıq digər əlaqələrin qurulub inkişaf etdirilməsi üçün nümunə ola bilər. Məsələn, AzMİU-ya son illər ən çox elmi kadr Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutundan cəlb olunub. Qeyd edək ki, hazırda universitetin Riyaziyyat kafedrasında 6 elmlər doktoru, professor fəaliyyət göstərir. Şübhəsizdir ki, bu həm də AzMİU ilə Riyaziyyat və Mexanika İnstitutu arasındaki elmi əlaqələrin nəticəsidir.

AzMİU ilə Riyaziyyat və Mexanika İnstitutu arasındakı əlaqələrin daha da dərinləşdirilməsi, yeni layihələrin işlənilməsi, birgə tədqiqatların aparılması, kadr potensialının gücündən birgə istifadə və AzMİU-nun tədqiqatyönümlü universitetə çevrilməsi prosesinə dəstək məqsədilə əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləni AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və Riyaziyyat və Mexanika İnstitutunun direktoru professor Misir Mərdanov imzalayıblar. İmzalanma mərasimində universitetin və institutun rəhbərliyi, riyaziyyat və mexanika üzrə professor-müəllim heyəti də iştirak edib.

Əməkdaşlıq müqaviləsi imzalandıqdan sonra birgə fəaliyyətlə bağlı fikir mübadiləsi aparılıb.

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova qeyd edib ki, hazırda ölkəmizdə elm və təhsilin inteqrasiyası, universitetlərin tədqiqatyönümlü ali təhsil müəssisəsinə çevrilməsi üçün əlverişli mühit formalaşıb: “Bizim uzun illər AMEA-nın institutları ilə əlaqələrimiz mövcud olub. Hazırda bu əlaqələrin inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulması üçün əlverişli mühit formalaşıb. Əvvəla, AMEA-nın institutlarının bir qisminin Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi bizim üçün bir strukturda fəaliyyət imkanı yaradıb. Bundan əlavə, dövlət tərəfindən göstərilən diqqət və qayğı, həmçinin elm və təhsilin inteqrasiyalı inkişafına dair tələblər də bu prosesi təşviq edir.

Hazırda AzMİU-da elmi potensialın gücləndirilməsi ilə bağlı bir sıra istiqamətdə təşviq mexanizmləri formalaşdırılıb. İmpakt faktorlu jurnallarda çap olunan məqalələrin sayının artırılması ilə bağlı ciddi iş aparılır. Elmi tədqiqatlara və inkişaf layihələrinə ayrılan xərclər ilbəil artırılır və layihələr rəqabətli əsasda maliyyələşdirilir”.

Rektor qeyd edib ki, universitetdə elmi tədqiqatın gücləndirilməsi istiqamətində həyata keçirilən işlər və ölkə səviyyəsində tətbiq olunan təşviq mexanizimləri elmi-tədqiqat müəssisələri, o cümlədən Riyaziyat və Mexanika İnstitutu ilə əməkdaşlığı daha da aktual edib.

Dəvətə və səmimi qarşılanmaya görə təşəkkür edən professor Misir Mərdanov AzMİU ilə mövcud əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edib: “Düşünürəm ki, əməkdaşlığımızı inkişaf etdirmək üçün yaxşı imkanlar mövcuddur. Bu gün həm AzMİU-da, həm də Riyaziyyat Mexanika İnstitutunda çalışan alimlər mövcuddur. Onların sayəsində inteqrasiya prosesini daha da sürətləndirə bilərik. Bundan əlavə, təklif edirəm ki, Riyaziyyat Mexanika İnstitutunun alimləri hansısa şəkildə tədris prosesinə də qoşulsun və biz elm və təhsil müəssisəsinin birgə tədris prosesində iştirakı ilə bağlı bir nümunə yaradaq”.

Professor Misir Mərdanov çıxışında iki müəssisənin professor-müəllim heyətinin birgə elmi məqalələr çap etdirməsi, konfransların, seminarların və ustad dərslərinin keçirilməsi, elmi tədqiqat nəticələrinin mübadiləsi kimi məsələlərə də toxunub.

Qeyd edək ki, AzMİU ilə Riyaziyyat Mexanika İnstitutu arasında görüş universitetin elmi tədqiqat institutları ilə konseptual əməkdaşlıq planına əsasən təşkil olunan silsilə görüşlər çərçivəsində keçirilib.

azmiu.edu.az

Faydalı linklər