Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Riyaziyyat və mexanikanın müasir problemləri” adlı XI beynəlxalq konfrans işə başlayıb


AR Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə dahi Azərbaycan alimi və mütəfəkkiri Nəsirəddin Tusiyə həsr olunmuş “Riyaziyyat və mexanikanın müasir problemləri” adlı XI beynəlxalq konfrans öz işinə başlayıb.

Tədbiri giriş sözü ilə Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov açaraq Nəsirəddin Tusi yaradıcılığına nəzər salıb, böyük mütəfəkkirin həyatı və elmi fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, bu elm fədaisi hələ uşaq yaşlarından yüksək əqli keyfiyyətləri və çalışqanlığı ilə fərqlənib, biliklərini daha da dərinləşdirmək üçün dövrünün tanınmış elm mərkəzlərində təhsil alıb. Gənc yaşlarından elmə, biliyə göstərdiyi həvəs Tusinin görkəmli alim, filosof və bacarıqlı dövlət xadimi kimi formalaşmasına səbəb olub.

Misir Mərdanov qeyd edib ki, Nəsirəddin Tusinin XIII əsrdə astronomiya elmində əldə etdiyi elmi nəticələr həmin dövrdə astronomik bilikləri inkişaf etdirməklə yanaşı, bu elmin sonrakı inkişafında da mühüm rol oynayıb. Baş direktorun sözlərinə görə, onun rəhbərliyi ilə yaradılmış Marağa rəsədxanası dövrünün ən qabaqcıl elm ocaqlarından biri olub, burada görkəmli alimin rəhbərliyi ilə astronomiya və riyaziyyat sahəsində aparılan tədqiqatların nəticələri sonralar Şərqdə və Avropada geniş tətbiq edilib. Misir Mərdanov vurğulayıb ki, dünyanın əksər tanınmış rəsədxanalarında istifadə olunan cihazların əksəriyyəti məhz Nəsirəddin Tusinin rəhbərliyi ilə Marağa rəsədxanasında hazırlanmış cihazların prototipidir.

Daha sonra çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, ensiklopedik zəka sahibi, dövlət xadimi, görkəmli alim və mütəfəkkir Nəsirəddin Tusi özünün çoxcəhətli fəaliyyəti ilə təkcə Şərq fəlsəfəsinə deyil, ümumdünya təfəkkür tarixinə təsir edə biləcək yaradıcılıq yolu keçib.

O, Nəsrəddin Tusinin nəsil şəcərəsi, milli mənşəyi haqqında məlumat verərək görkəmli Azərbaycan alimi ilə bağlı daha geniş aspektdə tədqiqatların aparılmasına, onun zəngin irsinin elmi cəhətdən şərh edilməsinə ehtiyac olduğunu söyləyib.

“Nəsrəddin Tusi dünya elm tarixində ən universal zəka sahiblərindən biridir”, – deyən AMEA rəhbəri onun elmin 10-dan artıq sahəsi üzrə tədqiqatların müəllifi olduğunu söyləyib, Tusini “Azərbaycan elminin Aristoteli” adlandırıb.

Akademik İsa Həbibbəyli dahi mütəfəkkirin əsərlərini Azərbaycan dilinə tərcümə olunaraq çap etdirməyin vacibliyini vurğulayıb, AMEA-nın nəşri kimi alimin çoxcildliyinin hazırlanmasının zəruriliyini qeyd edib.

AMEA rəhbəri bildirib ki, böyük Azərbaycan alimi dəqiq və texniki elmlər sahəsində olduqca mühüm əsərlərin müəllifidir, onun tarix, hüquq, fəlsəfə, əxlaq normaları, tibb, riyaziyyat, astronomiya, fizika və digər sahələrdə ərsəyə gətirdiyi əsərlər əhatə etdiyi mövzular və tədqiqatların genişliyi ilə seçilir. O, alimin humanitar sahədəki tədqiqatları ilə də Şərqdə şöhrət qazandığını deyib, əruz vəzni haqqında ilk ədəbiyyat nəzəriyyəsinin məhz XIII əsrdə Tusi tərəfindən yazıldığını diqqətə çatdırıb. Vurğulayıb ki, 20-dən çox rübainin müəllifi olan Nəsirəddin Tusinin arxivlərdə qəzəllərinin də olduğu bildirilir. O, həmçinin böyük alimin bədii əsərlərinin çap etdirilməsinin önəmini qeyd edib.

Nəsirəddin Tusinin dövlət xadimi kimi xidmətlərindən danışan akademik İsa Həbibbəyli dahi mütəfəkkirin dövlətçilik tarixi ilə bağlı ilk fikir söyləyən elm xadimlərindən biri olduğunu deyib. AMEA rəhbəri Tusinin bu sahədəki fəaliyyətini ayrıca tədqiqata cəlb etməyin vacibliyini vurğulayıb.

“Nəsirəddin Tusi dünya elm tarixinin nəhənglərindən biridir. O, Azərbaycan elm tarixinin günəşidir”, – deyən akademik İsa Həbibbəyli alimin ideyalarının indi də yaşadığını və elmimizin inkişafına töhfələr verdiyini söyləyib.

O, çıxışının sonunda AMEA-nın müxbir üzvü Misir Mərdanovun Nəsirəddin Tusi ilə bağlı məruzəsini Rəyasət Heyətində geniş aspektdə dinləməyi təklif edib, konfransın işinə uğurlar arzulayıb.

Sonra Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək konfransın mühüm elmi əhəmiyyətə malik olduğunu bildirib. O, Riyaziyyat və Mexanika İnstitutunda qazanılan nailiyyətlərdən, qarşıda duran vəzifələrdən, bu elm müəssisəsinin ölkəmizin elmi-intellektual potensialının inkişafına verdiyi əvəzsiz töfhələrdən danışıb.

Elm və təhsilin inkişafının, keyfiyyət göstəricilərinin artırılmasının dövlət siyasətinin əsas prioritetlərindən olduğunu söyləyən Əminağa Sadıqov ölkəmizdə riyaziyyat sahəsi üzrə yüksəkixtisaslı kadrların hazırlanmasına böyük ehtiyac olduğunu bildirib.

Agentliyin direktor müavini konfransın əsas məqsədinin riyaziyyat və mexanika sahəsində əldə olunan son elmi nailiyyətləri və təcrübələri bölüşmək, gənclərin elmə olan marağını artırmaq olduğunu deyib. O, tədbirin materiallarının toplu halında dərc olunacağını diqqətə çatdırıb, konfransda riyaziyyatın tarixi və inkişafı ilə bağlı ayrıca bölmənin əks olunmasını yüksək dəyərləndirib.

Tədbirdə dövlət xadimi tarix elmləri doktoru Həsən Həsənov “Nəsirəddin Tusinin dünya elmində rolu” mövzusunda məruzəsini təqdim edib. Məruzəçi Azərbaycanda astronomiya ənənəsindən, Tusinin dünya elmində və xəritəçilik elmində rolundan, eləcə də böyük mütəfəkkirin milli-mənşəyindən danışıb. Bildirib ki, Azərbaycan alimi olan Tusi elm sahəsindəki yüksək nailiyyətləri və uzaqgörənliyi ilə dünya elmini bir neçə əsr qabaqlayan yüksək zəkaya malik elm xəzinəsidir. Onun elmi irsi bir çox tədqiqatçılar tərəfindən öyrənilsə də, alimin zəngin elmi yaradıcılığının daha dərindən öyrənilməsi, bu araşdırmaların davam etdirilməsi vacibdir.

Açılış mərasimində, həmçinin Türkiyənin Uşak Universitetinin rektoru professor Ekrem Savaş və Özbəkistan Milli Universitetinin kafedra müdiri akademik Azimbay Sadullaev çıxış edərək tədbirin yüksək səviyyədə təşkil edildiyini, müzakirə olunan məsələlərin aktual olduğunu qeyd edib, təşkilatçılara təşəkkürlərini bildiriblər.

Daha sonra beynəlxalq konfrans öz işini plenar iclaslarla davam etdirib.

İyunun 6-dək davam edəcək konfransda 200-dən çox məruzə dinləniləcək.

Qeyd edək ki, tədbirdə dünyanın 20-dən artıq ölkəsini – Türkiyə, Qazaxstan, Rusiya, Özbəkistan, ABŞ, Cənubi Afrika Respublikası, Serbiya, Birləşmiş Ərəb Əmirlikləri, Çex Respublikası, Fransa, Finlandiya, Hindistan, Pakistan, Gürcüstan və s. təmsil edən tanınmış alimlər iştirak edir.

science.gov.az