09/07/2024
«Riyaziyyat və Mexanika İnstitutunda qazanılan nailiyyətlər, qarşıda duran vəzifələr, bu elm müəssisəsinin ölkəmizin elmi-intellektual potensialının inkişafına verdiyi töfhələr əvəzsizdir».
Bu sözləri Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini AMEA-nın müxbir üzvü Əminağa Sadıqov “Riyaziyyat və mexanikanın müasir problemləri” mövzusunda keçirilən XI beynəlxalq konfransda söyləyib.
O,konfransın mühüm elmi əhəmiyyətə malik olduğunu bildirib. Əminağa Sadıqov konfransın əsas məqsədinin riyaziyyat və mexanika sahəsində əldə olunan son elmi nailiyyətləri və təcrübələri bölüşmək, gənclərin elmə olan marağını artırmaq olduğunu deyib. O, tədbirin materiallarının toplu halında dərc olunacağını diqqətə çatdırıb, konfransda riyaziyyatın tarixi və inkişafı ilə bağlı ayrıca bölmənin əks olunmasını yüksək dəyərləndirib.
Elm və təhsilin inkişafının, keyfiyyət göstəricilərinin artırılmasının dövlət siyasətinin əsas prioritetlərindən olduğunu söyləyən Əminağa Sadıqov ölkəmizdə riyaziyyat sahəsi üzrə yüksəkixtisaslı kadrların hazırlanmasına böyük ehtiyac olduğunu bildirib.
Natiq bu kimi konfransların gənc tədqiqatçıların elmə marağının artırılması, onların fəaliyyətinin stimullaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Qeyd edək ki,Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə dahi Azərbaycan alimi və mütəfəkkiri Nəsirəddin Tusiyə həsr olunmuş “Riyaziyyat və mexanikanın müasir problemləri” adlı XI beynəlxalq konfransda Türkiyə, Qazaxstan, Rusiya, Özbəkistan, ABŞ, Cənubi Afrika Respublikası, Serbiya, Birləşmiş Ərəb Əmirlikləri, Çex Respublikası, Fransa, Finlandiya, Hindistan, Pakistan, Gürcüstan və s. təmsil edən tanınmış alimlər iştirak edib.Konfransda 200-dən çox məruzə dinlənilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.