17/07/2024
İtalyan astronomlar tərəfindən edilmiş kəşf Yer kürəsinin təbii peyki olan Ayın mənimsənilməsi planlarını tamamilə dəyişə bilər. Belə ki, Ay orbital aparatı tərəfindən əldə edilmiş məlumatların analizləri Ayda səthaltı mağaranın olduğunu aşkar etməyə imkan veriblər. Bu cür mağara isə Ayda potensial baza üçün ideal yer ola bilər. Leonardo Carrer və Lorenzo Bruzzone-nin rəhbərliyi altında alimlər 2010-cu ildə NASA Lunar Reconnaissance Orbiter adlı aparat vasitəsilə Ay səthinin çəkilmiş radar fotolarını incələyiblər.Mütəxəssislər belə bir nəticəyə gəliblər ki, Ay səthinin sahələrindən birində əks olunmuş siqnal uzunluğu 10-larla metr olan səthaltı boşluğa və ya tunelə işarə edir. Kəşf edilmiş mağara 1969-cu ildə reallaşdırılmış “Apollo-11” missiyasının eniş sahəsinin yaxınlığında 100 metr dərinlikdə yerləşir. Alimlərin fikirlərinə əsasən sözügedən mağara radiasiyadan, meteroitlərdən və Ay səthindəki daimi temperatur dəyişikliklərindən ideal qorunma yeri ola bilər. Daha əvvəllər Ay səthində bu cür tunellər yalnız fərziyyə xarakteri daşıyırdılar. Lakin indi onların mövcudluqları real olaraq təsdiqlənib. Mütəxəssislər bildiriblər ki, bu cür mağara Ayda xüsusi bazanın inşası ideyasını reallığa çevirə bilər.
technote.az