30/07/2024
Ağıllı cib telefonlarının və elektrikli avtomobillərin süni intellekt vasitəsilə davamlı olaraq insanların səsini yazmaq və kameradan gələn görüntünü emal etmək imkanına malik olduğunu bildirən mütəxəssislər, heç bir məlumatın gələcəkdə gizli qalmayacağını xəbərdar ediblər.
Ekspertlər bildiriblər ki, texnoloji cihazlarda, xüsusilə smartfon və elektrik avtomobillərində istifadə edilən məlumat toplama sistemləri şəxsi məxfiliyə böyük risklər gətirir. Onların fikrincə audio və video emal texnologiyaları sayəsində bulud sistemlərində toplanan məlumatlar hərbi, kəşfiyyat və kommersiya məqsədləri üçün istifadə olunur. Bu məlumatlar insanları manipulyasiya, şantaj etmək kimi məqsədilə də istifadə edilə bilər. Bütün bu məlumat axınının disk texnologiyalarının inkişafı ilə mümkün olduğunu qeyd edən mütəxəssislər, böyük şirkətlər tərəfindən virtual olaraq yaradılan bulud adlı sistemlərin müxtəlif məqsədlər üçün istifadə oluna biləcəyini söyləyirlər.
Qeyd edək ki, kompüter və telefonun proqram təminatı, tətbiqləri, sosial media platformaları vasitəsilə şəxsi məlumatlar toplanaraq bulud sistemlərində saxlanılır. Elektrikli avtomobillər də belədir. Onlar müxtəlif sensor və qəbuledicilərə malik fərdi kompüterdir. İnternetə də qoşula bilən bu avtomobillər fərdi kompüterlər kimi sındırılma riski ilə qarşı-qarşıyadır.
respublika-news.az