14/08/2024
Tədqiqatçılar tərəfindən hazırlanmış yeni biomaterial, oynaqlarda zədələnmiş qığırdaqları müalicə edə bilər.
Uzun illərdir ki, hialin qığırdaqlarının bərpası üzərində işləyən ABŞ-ın Şimal Qərb Universitetinin rəhbərlik etdiyi bir qrup, nəhayət ki, irəliləyiş əldə etməyi bacarıb. Belə ki, tədqiqatçılar, diri qoyunların zədələnmiş qığırdaqlarına yeridilən və aktiv oynaqlarda qığırdaqların yenidən böyüməsini stimullaşdıran biomaterial hazırlayıblar. Bu biomaterial, zədələnmiş sahəyə yeridilir, iskele rolunu oynayır və qığırdaqların bərpasına şərait yaradır. Qığırdaq toxumasının pozulması, bütün dünyada böyük bir sağlamlıq probleminə çevrilmişdir. Tədqiqatlar onu göstərir ki, hər il dünyada milyonlarla diz dəyişdirmə əməliyyatı həyata keçirilir. Bu əməliyyatların əksəriyyəti qığırdaq problemlərinə görə edilir. Hal-hazırda istifadə edilən müalicə üsulları, səhv tip qığırdaq əmələ gətirmə, sərt və lifli fibro qığırdaq yaratmaq kimi problemlərə səbəb ola bilər.
Kimyaçı Samuel Stupp və onun Şimal-Qərb Universitetindən olan komandası, bu problemləri həll edə biləcək biomaterial hazırlayıb. 2 komponentdən ibarət olan bu biomaterial, qığırdaq hüceyrələrinin çoxalmasını təmin edir. Bu komponentlərdən birincisi sümük və qığırdaq böyüməsini tənzimləyən TGF-beta-1 zülalına bağlanan peptid molekulu, ikinci komponenti isə oynaqlarda və qığırdaqda olan hialuron turşusu adlı maddədir. Tədqiqatçılar, bu hibrid materialı mayeyə çevirərək qoyunların arxa diz oynaqlarındakı qüsurlu qığırdaqlara yeridiblər. Nəticələr isə onu göstərib ki, yeni biomaterial, qığırdaq regenerasiyasında əhəmiyyətli potensiala malikdir.
technote.az