Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, professor Rəşid Əvəzağa oğlu Əliyevi 50 yaşı münasibətilə təbrik edirik


Rəşid Əvəzağa oğlu Əliyev 06 avqust 1974-cü ildə Cəlilabad şəhərində anadan olub. 1990-cı ildə Cəlilabad şəhər 8 saylı orta məktəbi qızıl medalla bitirərək Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1995-ci ildə həmin fakültəni  fərqlənmə diplomu ilə bitirmişdir. 1996-1998-ci illərdə BDU-nun Riyazi analiz kafedrasının aspirantı olmuş və 1998-ci ildə prof. Binəli Musayevin rəhbərliyi altında “Sinqulyar inteqral tənliklərin yeni konstruktiv həll üsulu” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir.

1999-cu ildən BDU-nun Riyazi analiz kafedrasında müəllim kimi fəaliyyətə başlayan prof. R.Əliyev hal-hazırda həmin fafedranın müdiri kimi fəaliyyətini davam etdirir. Prof. R.Əliyev həmçinin 2015-ci ildən indiyə kimi Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsində 0,5 ştat elmi işçi və baş elmi işçi kimi fəaliyyət göstərir.

Prof. R.Əliyevin ilk elmi tədqiqaları sinqulyar inteqral tənliklərin konstruktiv həll üsullarına həsr olunmuşdur. Sinqulyar inteqral operatorları bu operatorların əsas xassələrini özündə saxlayan operatorlar ardıcıllığı ilə approksimasiya edən alim sinqulyar inteqral tənliklərin həlli üçün yeni konstruktiv həll üsulu vermiş, bu üsulu əsaslandırmış və yığılma nöqteyi-nəzərdən effektivliyini göstərmişdir. Sonralar Riyazi analiz kafedrasının dosenti Tofiq Səlimovun tövsiyəsi ilə sinqulyar inteqral operatorları Lebeq inteqrallarının ümumiləşməsi olan inteqral anlayışları vasitəsilə tədqiq edən R.Ə.Əliyev sonlu kompleks ölçünün Koşi tipli inteqrallarının öz sərhəd qiymətləri vasitəsilə ifadə olunması üçün yeni N-inteqral anlayışı daxil edərək göstərmişdir ki, sonlu kompleks ölçünün Koşi tipli inteqralı öz sərhəd qiymətlərinin Koşi inteqralıdır. Bu istiqamətdə aldığı nəticələr əsasında R.Ə.Əliyev 2017-ci ildə “Kompleks ölçülərin Koşi tipli inteqrallarının sərhəd xassələri və analitik funksiyaların yaxınlaşma nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışdır.

Son illərdə prof. R.Əliyevin elmi tədqiqat istiqamətlərinə ridge funksiyalarla təsvir və çoxdəyişənli funksiyalara ridge funksiyalarla yaxınlaşma məsələləri də əlavə olunmuşdur. 2020-ci ildə prof. R.Əliyev “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri, prof. V.İsmayılov ilə birlikdə ridge funksiyaların cəmi ilə təsvirin hamarlığı haqqında prof. A.Pinkus tərəfindən qoyulan problemi çoxdəyişənli polinom dəqiqliyi ilə həll etmişlər.

Prof. R.Əliyev 80-dən artıq elmi məqalənin müəllifidir. Onların 50-dən çoxu beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan elmi jurnallarda dərc olunmuşdur.

Azərbaycan Respublikası  Elm və Təhsil Nazirliyi  Riyaziyyat və Mexanika İnstitutunun kollektivi Rəşid Əliyevi 50 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, xoşbəxtlik, gələcək elmi və pedaqoji fəaliyyətlərində uğurlar arzulayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər