10/09/2024
Yer kürəsində iqlim böhranı davam edir. İqlim böhranı səbəbilə planetimizin müxtəlif nöqtələrində artıq istilik dalğaları, quraqlıqlar və ekstremal hava şəraitləri müşahidə edilir. Keçən il alimlər 2023-cü ilin yay fəslini tarix ərzində müşahidə edilmiş ən isti yay fəsli adlandırmışdılar. Lakin görünür, 2024-cü ilin yay fəsli bu mövzuda yeni rekorda imza atıb. Alimlər artıq bildiriblər ki, Yer kürəsi “qlobal istiləşmə dövrü”nü geridə qoyub və “qlobal qaynama dövrü”nə keçid edib.
Bu ilin yay fəsli isə bunun əyani sübutudur. Belə ki, alimlər 2024-cü ilin yay fəslini tarix ərzində müşahidə edilmiş ən isti yay fəsli.adlandırıblar. Avropa Birliyinin Copernicus adlı iqlim xidmətinin məlumatları məhz bunu göstərir. Qeyd etmək lazımdır ki, keçən ilin yay fəslinin müşahidə edilmiş ən isti yay fəsli olmasının əsas səbəbi antropogen iqlim dəyişikliyində idi. Bu dəyişiklik Sakit okeanda cərəyan etmiş El-Ninyo (Sakit okeanın ekvatorial hissəsində su səthinin temperaturunun dəyişməsinə təkan verərək iqlimə təsir göstərən hadisə) hadisəsi hesabına daha da güclənmişdi.
Aparılmış müşahidələrə əsasən bu ilin yay fəslində ortalama temperatur göstəricisi 16.8 dərəcə Selsi təşkil edib. Bu isə 2023-cü ilin yay fəslində müşahidə edilmiş ortalama temperatur göstəricisindən 0.03 dərəcə Selsi yuxarıdır. Qeyd etmək lazımdır ki, Copernicus adlı iqlim xidmətinin mütəxəssisləri 1940-cı ildən iqlimin vəziyyətini müşahidə edirlər. Nəticədə əldə edilmiş məlumatlar əsasında təyin edilib ki, 2024-cü ilin yay fəsli tarix ərzində olmuş müşahidələr arasında ən isti keçmiş yay fəsli olub. Hətta bəziləri hesab edirlər ki, bu ilin yay fəsli son 120 000 ilin ən isti yay fəsli olub.
technote.az