Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Wikipedia-da süni zəka tərəfindən tərtib edilmiş saxta məlumatların sayı artıb


İstifadəçilərin ChatGPT və ona bənzər digər süni zəka sistemlərindən istifadə edərək mənasız və yoxlanılmamış məlumatları tərtib edib onları Wikipedia-da paylaşmaları səbəbilə bu rəqəmsal ensiklopediya sözün əsl mənasında böhran yaşayır. Lakin süni zəka texnologiyalarının günü-gündən daha da məşhurlaşmalarını nəzərə alsaq, bu, gözlənilən bir hal idi. Məlumata əsasən bu problemin aradan qaldırılması istiqamətində WikiProject AI Cleanup adlı layihə ərsəyə gətirildi.

Bu, generativ süni zəka tərəfindən tərtib edilmiş saxta məlumatları axtaran, redaktə edən və onları silən könüllü şəxslərdən ibarət qrupdur. Bu qrupun təsisçilərindən biri olan Ilyas Lebleu-nun sözlərinə əsasən mövcud problem Wikipedia redaktorları və istifadəçilərinin müəyyən məqalələrdə süni zəka tərəfindən tərtib edilmiş mətnlərin olduqlarını aşkar etdikdən sonra məlum olub. Aşkar edilmiş həmin mətnlərdən bəzilərinin ChatGPT vasitəsilə təkrar tərtib edilməsinin mümkün olmasından sonra bu problem öz təsdiqini tapdı.

“Biz, mətnlərin qeyri-adi tərzə sahib olduqlarına nəzər yetirdik. Adi insan adətən yazıları belə tərzdə yazmır. Daha sonra biz həmin mətnləri təkrar şəkildə ChatGPT vasitəsilə tərtib edə bildik. Nəticədə məlum olub ki, Wikipedia süni zəka tərəfindən tərtib edilmiş mətnlərə sahibdir. Məhz bundan sonra biz bu problemi aradan qaldırmağa istiqamətlənmiş qrupu yaratdıq” – deyə Ilyas Lebleu qeyd edib.

Lakin problem təkcə yeni məqalələrdə deyil. Belə ki, elə istifadəçilər var ki, artıq mövcud olan məqalələrə süni zəka tərəfindən tərtib edilmiş mətnləri əlavə edirlər. Təbii ki, burda əsas problem Wikipedia-nın özündədir. Belə ki, bu rəqəmsal ensiklopediya istənilən istifadəçiyə redaktor olma imkanını təqdim edir. Məhz bu səbəbdən bir çox universitet öz tələbələrinə Wikipedia-nı rəsmi mənbə kimi qeyd etməyi qadağan edir.

technote.az

Faydalı linklər