24/10/2024
Oktyabrın 24-də Elm və Təhsil Nazirliyinin və COP29 Sədrliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının açılış mərasimi keçirilib.
Bakı Ekspo Mərkəzində təşkil edilən festivalın açılış mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, COP29 nümayəndələri, ali təhsil və elmi müəssisələrin rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Mərasimdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev festivalın təhsil sahəsində nüfuzlu və əhəmiyyətli bir tədbir olduğunu diqqətə çatdırıb. “STEAM Azərbaycan”ın ölkə təhsilində vacib layihələrdən biri olduğunu qeyd edən nazir STEAM-in tədrisində əsas məqsədin gələcək nəsli yeni çağırışlara hazırlamaq olduğunu vurğulayıb.
BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai bildirib ki, COP29 ərəfəsində keçirilən builki STEAM festivalı çərçivəsində əsas diqqətin yaşıl texnologiyalara yönəldilməsi mühüm əhəmiyyət kəsb edir. Nigar Arpadarai STEAM təhsil metodunun sinergetik potensialı sayəsində iqlim dəyişmələrinin təsirlərini yumşaltmağın mümkünlüyünə də toxunub.
Daha sonra “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov tədbir iştirakçılarına builki festival haqqında məlumat verib. O bildirib ki, festivalın final mərhələsinə ümumilikdə 244 komanda üzrə 900-dən çox iştirakçı qatılıb və onlardan 146-sı Böyük Britaniya, Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Çexiya, Slovakiya və ABŞ da daxil olmaqla 15 ölkəni təmsil edir. Layihə rəhbəri məzmunun hazırlanması və iştirakçıların qiymətləndirilmə prosesində Danimarka, Slovakiya, Kanada və Türkiyə daxil olmaqla, ümumilikdə 10 ölkədən 17 münsifin iştirak etdiyini bildirib. İqrar Nəzərovun sözlərinə görə, festival çərçivəsində 9 kateqoriya üzrə yarış və sərgi-yarışlar təşkil olunacaq ki, onlar da “Yaşıl təşəbbüslər”, “Yaşıl kodlaşdırma”, “Hidrogen maşınların yarışı”, “Dron texnologiyaları”, “Bizim peykimiz”, “Robotların mübarizəsi”, “Gələcəyin mühəndisləri” və digər bu kimi mövzuları əhatə edəcək.
İqrar Nəzərov STEAM layihəsinin hazırda ölkə üzrə 398 məktəb və 252 min 711 şagirdi əhatə etdiyini, 20-dən çox STEAM Mərkəzinin fəaliyyət göstərdiyini vurğulayıb. Qeyd edib ki, layihə üzrə şagird sayının 2026-cı ilədək 300 minə çatdırılması nəzərdə tutulur.
Çıxışlardan sonra festival iştirakçılarının hazırlıq mərhələsini əks etdirən video təqdim edilib.
Daha sonra festivalda iştirak edən yerli və xarici komandaların təqdimatı olub.
Açılış mərasimi bədii hissə ilə yekunlaşıb.
Qeyd edək ki, iki gün davam edəcək festivalda iştirakçılar, həmçinin COP29 Azərbaycan Əməliyyat Şirkətinin mütəxəssisləri tərəfindən təşkil olunacaq iqlim dəyişmələri və dayanıqlılıq mövzularına həsr olunmuş təlimlərdə iştirak edəcəklər.
Builki festivalın əsas məqsədi ənənəvi olaraq STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı şagirdlərin aşkara çıxarılması, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar STEAM əsaslı yanaşmanın tətbiqi ilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll yolları və layihələrin hazırlanmasını təşviq etməkdir.
azertag.az