06/11/2024
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsinin təşkilatçılığı ilə Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirildi.
Öncə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib, eləcə də Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü,professor Misir Mərdanov Vətən müharibəsində qazanılmış Qələbənin 4-cü il dönümünə həsr olunmuş yığıncağın həm də müstəqilliyimizin simvolu olan Dövlət Bayrağı Günü ərəfəsinə təsadüf etdiyini, Azərbaycanın üçrəngli bayrağının azad edilmiş ərazilərimizdə ucaldılaraq qürurla dalğalandığını deyib.
Alim, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində Azərbaycan ordusunun qazandığı tarixi qələbədən söhbət açıb. İkinci Qarabağ müharibəsində əldə olunmuş zəfərin ordumuzun gücünün, xalqımızın birlik və həmrəyliyinin bariz təcəssümü olduğunu vurğulayıb.
Professor Misir Mərdanov Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin tarixin ən şanlı günlərini, yeni inkişaf və dirçəliş dövrünü yaşadığını deyib. Qarabağın azadlığı uğrunda aparılmış, hər günü qəhrəmanlıq salnaməsi olan Vətən müharibəsində xalqımızın Böyük Qələbəni müzəffər xalq, qalib dövlət kimi yüksək qürur hissi ilə qeyd etdiyini söyləyib.
Azərbaycan tarixinin ən parlaq səhifəsi olan Zəfər Gününün Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Ali Baş Komandan İlham Əliyevin uğurlu strategiyasının, qüdrətli Azərbaycan ordusunun, eləcə də ölkənin iqtisadi inkişafının zəfəri olduğunu, milli qürur mənbəyimiz olan bayrağımızın azad edilmiş ərazilərimizdə vüqarla dalğalandığını bildirib.
Sonda professor Misir Mərdanov 8 noyabr – Zəfər Günü və 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir iştirakçılarını tarixi günlər münasibətilə təbrik etdi və gələcək fəaliyyətlərində uğurlar arzuladı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.