Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Görkəmli alim Arif Babayevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib


Azərbaycan Respublikası Elm və Təhsil Nairliyi Riyaziyyat və Mexanika İnstitutunda Azərbaycanın görkəmli riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Arif Babayevin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirildi.

İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov qonaqları salamlayaraq bu mötəbər tədbirlərin keçirilməsinin önəmini qeyd edib. Professor Misir Mərdanov görkəmli alimin həyat yolu və zəngin elmi fəaliyyəti barədə məlumat verib. Diqqətə çatdırıb ki, Babayev Arif Əliheydər oğlu 1934-cü il noyabırın 11-də anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini riyaziyyat ixtisası üzrə bitirmişdır.1960-cı ildə fəlsəfə doktorluğu, 1966-cı ildə elmlər doktorluğu dissertasiyasını müdafiə etmişdir. 1976-cı ildə AEA-nın müxbir üzvü seçilmişdir. Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində müəllim, dosent, professor, kafedra müdiri, dekan (1979-1994) vəzifələrində çalışmışdır.

Qeyd edib ki, Arif Babayevin  elmi əsərləri bütün dövrlərdə aktuallığı itirməyən məxsusi inteqral və sinqulyar tənliklərin həllinə həsr olunmuşdur. O, ilk dəfə inteqrallanma əyrisi hamar olmadıqda məxsusi inteqrallar üçün Ziqmund qiymətləndirilməsi almış, həmin qiymətləndirmənin köməyi ilə normal fəzalar quraraq sinqulyar inteqral tənliklərin həllini vermişdir. Qeyri-xətti sinqulyar tənliklər üçün varlıq və yeganəlik məsələlərini tədqiq etmiş, onların təqribi həllinə üsullar tapmışdır.

Görkəmli alimin yüksək insani keyfiyyətləri barədə danışan professor Misir Mərdanov onun gənclərin elmə cəlb olunması, istedadlı kadr kimi yetişdirilməsində misilsiz xidmətlərindən və zəngin elmi məktəbindən bəhs edib.Arif Babayev apardığı elmi-tədqiqat işlərini həmişə uğurla yerinə yetirirdi. Fitri istedadı nəticəsində dünyanın məşhur riyaziyyatçılarının araşdırdığı problemlərin həllinə qısa müddətdə nail olurdu. Arif müəllimin gözəl nitqi, güclü riyazi məntiqi, yüksək mədəniyyəti vardı. Çox iti yaddaşlı, xeyirxah, ədalətli, yeri gələndə sözünü deyən, yalnız riyaziyyat sahəsində deyil, tarix və ədəbiyyat sahələrində də dərin biliyi olan böyük şəxsiyyət idi-. deyərək Misir Mərdanov vurğuladı.

A.Babayev “Şərəf nişanı” ordeni (1976), Əməkdar elm xadimi (1992) fəxri adı ilə təltif olunmuşdur.

Tədbirdə Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasının müdiri, dosent Rəşid Əliyev alimin elmi və təşkilati fəaliyyəti haqqında geniş məruzə iə çıxış edib.Qeyd edib ki, alimin rəhbərliyi altında 50-dən çox namizədlik və doktorluq dissertasiyası müdafiə edilmişdir.

Sonra Bakı Dövlət Universitetinin Riyazi-fizika tənlikləri kafedrasının müdiri, akademik Yusif Məmmədov, İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasının müdiri, professor Hamlet Quliyev,Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər”şöbəsinin baş elmi işçisi, professor Məmməd Bayramoğlu, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Ümumi və tətbiqi riyaziyyat kafedrasının müdiri,professor Araz Əliyev çıxış edərək alimin Azərbaycan elminin inkişafındakı xidmətlərindən və onunla bağlı xatirələrindən danışıblar.

Tədbirin sonunda professor M.Mərdanov çıxış edərək dəyərli alim Arif Babayevin daim qəlblərdə yaşayacağına inamını ifadə edib, alimin elmi irsinin təbliği istiqamətində təkliflərini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.