Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunun hesabat iclası keçirilib.


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun hesabat iclası keçirilib.

Tədbiri Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru  AMEA-nın  müxbir  üzvü,  professor Misir Mərdanov açaraq iştirakçıları salamlayıb. Sonra institutun 2024-cü il üçün elmi və elmi-təşkilati fəaliyyətinə dair yekun hesabat məruzəsi ilə çıxış edib.

Professor M.Mərdanov bildirib ki, Riyaziyyat və Mexanika İnstitutu hesabat dövründə öz işini müəyyən edilmiş prioritet istiqamətlər çərçivəsində həyata keçirmişdir. Cari ildə institutda Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar və sərəncamlarının, habelə Dövlət proqramlarının icrası uğurla həyata keçirilib.

Misir Mərdanovun sözlərinə əsasən, hesabat müddətində Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşlarının 294 elmi işi, onlardan 128 məqalə, o cümlədən, 72 xaricdə, impakt faktorlu olan jurnallarda 90 məqaləsi və 149 tezisi (onlardan 34-ü xaricdə) 1 monoqrafiya və 1 dərs vəsaiti çap olunub.2024-cü ildə institut əməkdaşlarının elmi əsərlərinə 2200-dən çox istinad edildiyini bildirib.

İnstitut direktoru qeyd edib ki, Riyaziyyat və Mexanika İnstitutunda 12 doktorant, onlardan 7-si əyani 5-i qiyabi, 8 dissertant, onlardan 3 elmlər doktoru və 5 fəlsəfə doktoru hazırlığı üzrə elmi-tədqiqat işləri aparır.

Daha sonra alim 2024-cü ildə institutda keçirilən beynəlxalq və yerli konfranslardan danışıb. Qeyd edib ki, Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə dahi Azərbaycan alimi və mütəfəkkiri Nəsirəddin Tusiyə həsr olunmuş “Riyaziyyat və mexanikanın müasir problemləri” adlı XI beynəlxalqbeynəlxalq konfrans keçirilmişdir. Konfransda dünyanın müxtəlif ölkələrinin – Rusiya, Ukrayna, Türkiyə, Qazaxstan,BƏƏ, Gürcüstanın tanınmış alimləri iştirak ediblər. Konfransa təqdim olunmuş tezislər toplusu çap edilmişdir.

M.Mərdanov 2024-cü ildə təşkil edilmiş bir sıra ictimai tədbirlərdən də danışıb.O qeyd edib ki, cari ildə Riyaziyyat və Mexanika İnstitutunda 27 Sentyabr – Anım Günü, Görkəmli alim Arif Babayevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş elmi sessiya, Narkomaniya əleyhinə maarifləndirmə tədbiri, Görkəmli alim Yusif Əmən oğlu Əmənzadənin 110 illik yubileyinə həsr olunmuş elmi sessiya, Görkəmli alim Zahid Xəlilovun xatirəsi anılıb adlı tədbirlər yüksək səviyyədə təşkil edilib.

Çıxışının sonunda professor Misir Mərdanov cari ildə əldə edilmiş nailiyyətləri institutunun əməkdaşlarının birgə fəaliyyətinin uğurlu nəticəsi kimi dəyərləndirərək, kollektivə öz təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.