Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elm festivalının açılış mərasimi keçirilib


Aprelin 8-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elm festivalının açılışı olub.

Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, UNEC rektoru Ədalət Muradov, dövlət və özəl qurumların rəhbərləri, eləcə də digər qonaqlar iştirak ediblər.

Giriş nitqi ilə çıxış edən rektor Ədalət Muradov tədbirin ölkə başçısının müvafiq sərəncamı ilə hər il keçirilən Elm Gününə həsr olunduğunu bildirib. Rektor elmin təşviqi ilə bağlı UNEC-in start verdiyi iki mühüm təşəbbüsdən – “Məktəbdən elmə: elm gözəldir” və “Elmin populyarlaşdırılması”ndan söz açıb. Layihə çərçivəsində ölkənin aparıcı məktəbləri, eləcə də regionlardakı universitetlərdə şagirdlərin, həmçinin gənclərin elmə marağının artırılması məqsədilə ölkənin tanınmış alimlərinin iştirakı ilə görüşlərin keçirildiyini deyib.

Ədalət Muradov UNEC-də elmin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərin öz bəhrəsini verdiyini diqqətə çatdıraraq son beş ildə universitetin əldə etdiyi uğurlardan söz açıb, beynəlxalq elmi bazalarda dərc olunan məqalələrin sayında ciddi artımın olduğunu deyib. Rektor UNEC-də elmin rəqəmsallaşdırılması ilə bağlı həyata keçirilən layihələr barədə də məlumat verib.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında tədbirin əhəmiyyətini vurğulayaraq ölkədə elmin inkişafının prioritet sahələrdən olduğunu diqqətə çatdırıb. Nazir ölkə elminin qarşısında duran çağırışlardan söz açıb, bu istiqamətdə elm və təhsilin vəhdətinin təmin edilməsinin əsas məqsədlərdən olduğunu bildirib. Emin Əmrullayev elmi nəticələrin insanların rifahına və ölkə iqtisadiyyatına faydalılığının təmin edilməsinin, eləcə də elmin cəmiyyət üçün anlaşıqlı təqdim olunmasının vacib məsələlərdən olduğunu vurğulayıb.

Nazir elmin maliyyələşdirilməsinin səmərəliliyinin artırılması və akademik fəaliyyətin qiymətləndirilməsi ilə bağlı mövcud problemlər, onların həllinə dair qarşıda duran vəzifələrə də toxunub.

Daha sonra çıxış edən AMEA-nın prezidenti İsa Həbibbəyli elmi biliklərin dərinləşdirilməsi və yeni istiqamətlərin inkişafı baxımından elmi müəssisələrin rolundan söz açıb. O, tədbirdə səsləndirilən çağırışların akademiyaların işinin səmərəli qurulması baxımından əhəmiyyətli olduğunu qeyd edib.

AMEA-nın müxbir üzvü Rafiq Əliyev öz növbəsində elmin bəşəriyyətin inkişafındakı rolundan söz açaraq bu inkişafın yalnız elmlə mümkün olduğunu diqqətə çatdırıb. O, süni intellektin elmin bütün sahələrinə tətbiqinin zəruriliyi məsələlərinə də toxunub.Rəsmi hissə Türkiyənin Yıldız Texniki Universitetinin professoru Salim Yücenin “Dünyanın aparıcı universitetlərində elmi fəaliyyətin təşkili” mövzusunda təqdimatı ilə yekunlaşıb.Sonra iştirakçılar UNEC tələbələrinin və region məktəblərinin şagirdlərinin əl işlərindən ibarət olan “Gələcəyin alimləri və mühəndisləri” adlı kreativ sərgi ilə tanış olublar. Həmçinin UNEC Dizayn məktəbinin tələbələrinin əl işlərinə baxış keçiriblər.

Festival çərçivəsində “UNEC Journal of Engineering and Applied Sciences” jurnalının və “Bazarın hüdudları” kitabının təqdimatı keçirilib.

Qeyd edək ki, Elm festivalı aprelin 10-dək davam edəcək.

edu.gov.az