25/04/2025
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Cəbr və riyazi məntiq” şöbəsinin müdiri Əli Babayevin Nəsirəddin Tusi haqqında “Nəsirəddin Tusi, ensiklopedist alim, görkəmli şəxsiyyət” adlı monoqrafiyası “Elm” nəşriyyatında çap edilib.
XIII əsrdə yaşamış dahi soydaşımız, ensiklopedist alim Nəsirəddin Tusinin yaradıcılığı öz dövründən başlayaraq bu günə kimi bir çox ölkələrin elm tarixçiləri tərəfindən tədqiq edilir. Onun əsərlərini hələ sağlığında tələbələri Əllamə Hilli, Qütbəddin Şirazi, Nizaməddin Nişapuri, Kəmaləddin Farsi, Nəcməddin əl-Katibi əl-Qəzvini, Kəmaləddin Bağdadi və başqaları araşdırmış və bu əsərlərə geniş şərhlər yazmışlar.
Müasir dövrdə də dünyanın bir çox ölkələrində Nəsirəddin Tusinin zəngin irsi tədqiq edilir.
Azərbaycanda Nəsirəddin Tusinin yaradıcılığı öyrənilməyə keçən əsrin 30-cu illərindən görkəmli Tusişunas, həyatını demək olar ki, Nəsirəddin Tusinin yaradıcılığını öyrənməyə sərf etmiş Həbibulla Məmmədbəylinin rəhbərliyi ilə başlanmışdır. Keçən əsrin ortalarından başlayaraq dahi alimin anadan olmasının 750, 780, 800, 810 illiyi təntənəli surətdə qeyd edilmiş, Bakıda, Ordubadda, Şamaxıda elmi konfranslar keçirilmişdir. 2014 və 2024-cü illərdə Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə dahi mütəfəkkirin xatirəsinə (vəfatının 740 və 750 illiyinə) həsr olunmuş beynəlxalq konfranslar keçirilmişdir. 2003-cü ildə AMEA -nın Rəyasət Heyyətinin qərarı ilə Riyaziyyat və Mexanika İnstitutunda Tusinin yaradıcılığını öyrənmək üçün xüsusi şöbə açıldı. Son 20 ildə şöbənin əməkdaşları N. Tusinin riyaziyyat və məntiq sahəsində yazdığı bir sıra əsərləri ərəb və fars dillərindən azərbaycan və rus dillərinə təcümə etmişlər.
Oxucuya təqdim edilən bu kitab, əsasən, Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşlarının N.Tusinin bu əsərlərdə riyaziyyat və məntiq elminə gətirdiyi yeniliklər haqqında 70-dən artıq beynəlxalq konfranslardakı çıxışları əsasında tərtib edilmişdir. Bu kitabın Tusi və onun yaradıcılığı haqqında yazılmış digər kitablardan fərqi ondadır ki, əvvəla, dahi mütəfəkkirin məntiq sahəsində yazdığı əsərlərin, ələlxüsus, “Əsasül-iqtibas” əsərinin şərhinə xüsusi yer verilmişdir. Bundan əlavə, Tusinin riyaziyyat və məntiq elminə gətirdiyi yeniliklər onun əlyazmalarının surətlərindən götürülmüş şəkillərlə əsaslandırılmışdır.
Kitabın əvvəlində Tusinin həyatı, Marağa rəsədxanası, tanınmış şagirdləri haqqında qısa məlumat verilir.
İkinci fəsil onun riyaziyyat sahəsində azərbaycan dilinə çevrilmiş “Evklidin şərhi”, “Paralel xətlər haqqında şübhənin aradan qaldırılması”, “Tozlu lövhənin köməyi ilə hesab toplusu”, “Tam dördtərəfli haqqında traktat”, “Hesab, cəbr və müqabilədən risalə”, “Sabit ibn Qürrənin “Fərziyyələr kitabı”na şərh”, “Arximedin “Kürə və silindr” kitabına şərh”, “Bəni Musanın “Müstəvi və sferik fiqurların ölçülməsi kitabı”na şərh” əsərlərinə həsr edilmişdir. N.Tusi bu əsərlərində riyaziyyata çoxlu yeni ideyalar gətirmişdir. Qeyd edək ki, N.Tusinin riyaziyyata gətirdiyi yenilikləri avropalılar (Reqimontan (1436-1476), Luka Paçioli (1445-1517), Nikola Şyuke (1445-1488), Uilyam Outred (1574-1660), Con Vallis (1616-1703), İsak Nyuton (1643-1727)) 300-400 il sonra yenidən “kəşf” etmişlər. Çox nadir hallarda N.Tusinin adı sonradan avropalı alimin adına əlavə edilmişdir (Tusi-Paş, Tusi-Lejandr).
Kitabda “Evklidin şərhi” və “Tozlu lövhənin köməyi ilə hesab toplusu” əsərlərinə daha çox yer verilmişdir.
Ötən yüzilliyin əllinci illərində H.Zərinəzadə və H.Məmmədbəyli “Evklidin şərhi” əsərini ərəb dilindən azərbaycan dilinə çevirmişlər, ancaq müxtəlif səbəblərdən redaktə və çap işini sona çatdırmamışlar. Nəhayət, 2001-ci ildə AMEA-nın əməkdaşları Əyyub Quliyev, Elçin Babayev və Əli Babayevin səyləri nəticəsində bu iş başa çatdırıldı – “Təhriri-Öqlidis” (“Evklidin şərhi”) azərbaycan dilində nəşr olundu. “Tozlu lövhənin köməyi ilə hesab toplusu” əsərini 2008-ci ildə Əmirşah Əmirəhmədov və Eminağa Məmmədov ərəb dilindən azərbaycan dilinə, Valeriya Məclumbəyova və Əli Babayev rus dilinə çevirmişlər.
Üçüncü fəsil Tusinin məntiqi əsərləri haqqındadır.
Kitabda tamamilə məntiq elminə həsr edilən əsərlərdən “Əsasül-iqtibas” (Elm öyrənməyin əsasları) və “Təcrid-ül məntiq” şərh edilir. “Əsasül-iqtibas” məntiq sahəsində N.Tusinin ən irihəcmli və qiymətli əsəridir. Ona görə də, kitabda bu əsər haqqında ətraflı məlumat verilmişdir. Əsər 2022-ci ildə, uzun illər Nəsirəddin Tusinin həyat və yaradıcılığını tədqiq edən məşhur iranlı Tusişunas Müdərris Rəzəvinin 1948-ci ildə Tehran Universitetinin mətbəəsində fars dilində nəşr olunmuş “Əsasül-iqtibas” kitabından Şahin Yəhyayev və Əli Babayev tərəfindən azərbaycan dilinə tərcümə edilmişdir. “Əsasül-iqtibas”ı Nəsirəddin Tusidən əvvəl yaşamış alimlərin məntiqi əsərləri ilə müqayisə etdikdə, ilk növbədə diqqəti cəlb edən “Əsasül-iqtibas”da çoxlu sayda cədvəllərin olmasıdır. Bunların bəziləri müxtəlif növ təkliflərin hansı hallarda doğru, hansı hallarda yalan olmasını göstərən doğruluq cədvəllərinə, bəziləri modal təkliflərin təsnifatına və məntiqin digər sahələrinə aiddir. Bu cədvəllər vasitəsilə Nəsirəddin Tusi məntiq elmini sistemləşdirmiş, müasir formal məntiqə daha da yaxınlaşdırmışdır. Məntiq elminin sistemləşdirilməsi və Tusinin bu sahədə digər uğurları onun dahi riyaziyyatçı olmasından irəli gəlir.
“Təcrid-ül məntiq” əsəri “Əsasül-iqtibas”-ın demək olar ki, qısa, konspekt variantı olduğu üçün kitabda bu əsər haqqında ətraflı məlumat verilməyib.
Bundan əlavə, kitabda Nəsirəddin Tusinin müəyyən bir hissəsi məntiqə aid olan “Təcrid əl-etiqad”, “Əqsamül hikmət”, “Təskirətu fil məntiq, “Risale dər mövcudat və əqsamə an” əsərləri və onun Əbu Əli ibn Sinanın “Əl-işaratu vət-tənbihatu fil-məntiqi vəl-hikməti”, Fəxrəddin ər-Razinin “Muhəssəl əfkar əl-mutəqəddimin vəl-mutəxxirin”, Əsirəddin Əbhərinin “Tənzil əl-əfkar” əsərlərinə yazdığı şərhlər haqqında da qısa məlumat verilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.