Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


25.01.2017-cı il saat 10:00-da Ümuminstitut seminarında “Tətbiqi Riyaziyyat” şöbəsinin böyük elmi işçisi dos. İradə Hətəmqızı Mirzəzadə “Toksiki Maddələrlə Zəhərlənmələrin Diaqnostika və Monitorinqi Üçün İntellektual-İnformasiya Sisteminin İşlənməsi (dəm qazı timsalında)” mövzusunda məruzə edəcəkdir.
Bu elmi iş toksiki maddələrlə zəhərlənmələrin diaqnostika və monitorinqi üçün intellektual-informasiya sisteminin işlənməsi dəm qazı timsalında mövzusuna həsr olunub. Son zamanlar əhali arasında iş yerlərində, məişətdə dəm qazı ilə zəhərlənməyə daha tez-tez rast gəlinir. Zəhərlənmələr yayılması və tezliklərinə görə ürək-damar, onkoloji xəstəliklərdən sonrakı yeri tutur. İnformasiya texnologiyalarının tibbin bu sahəsinə tətbiqi məsələnin mürəkkəbliyi, qeyri-müəyyənliyi, çox parametrli olması ilə əlaqədardır. Dəm qazından zəhərlənmə zamanı simptomatikalar çoxluğunun digər zəhərlənmələrdə də rast gəlməsi diferensial diaqnostikada ziddiyyətə yol verir.Lakin son zamanlar aparılan tədqiqatlar göstərmişdir ki, prosesin spesifikliyindən biri də dəm qazından zəhərlənmənin törətdiyi nəticələrdir. Aparılan tədqiqatlara görə dəm qazından zəhərlənənlər sonradan ürək-damar, sinir sistemi xəstəliklərindən əziyyət çəkirlər. Buna görə diaqnostika və monitorinq məsələlərinin informasiya texnologiyaları, riyazi metodların köməyilə effektiv, daha dəqiq həll edilməsini əsas tutaraq dəm qazı ilə zəhərlənmənin intellektual-informasiya sisteminin yaradılması aktualdır.
Toksiki maddələrlə zəhərlənmənin diferensial diaqnostikası üçün iki: sadə ehtimal və çox mürəkkəb ehtimal-determinə olunmuş yanaşmalar təklif edilmişdir. Differensial diaqnostikada Bayes üsulu və neyron şəbəkələr tətbiq edilmişdir.
Dəm qazından zəhərlənmənin törətdiyi fəsadlara görə xəstələrin monitorinqinin aparılması əsaslandırılmışdır. Monitorinqin aparılması üçün zaman sıraları üsulu istifadə edilmişdir. Monitorinq aparılarkən zaman intervalları daxilində göstəricilərin dəyişmə dinamikası izlənilmişdir. Göstəricilərin zaman intervalları daxilində qiymətlərində fərq biostatistikanın paramterik və qeyri-parametrik üsullarının köməyilə aşkar edilmişdir. Göstəricilərin zaman sıralarında dəyişmə dinamikasının müəyyən edilməsi onların içərisində yoxlanılması daha vacib olanları seçməyə, müalicəyə pis tabe olanları aşkar etməyə, izafi analizlərin aparılmamasına imkan vermişdir.
Dəm qazı ilə zəhərlənmənin intellektual-informasiya sistemi işlənmiş, uyğun olaraq sistemin proqram paketi hazırlanmış və aparılmış çox saylı eksperimentlər sistemin adekvatlığını təsdiq etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər