Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Web of Science” elmmetrik bazasından istifadənin daha səmərəli təşkili məqsədilə təlimlər keçirilib


15–16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı  ilə “Clarivate Analytics” şirkətindən Valentin Bogorovun rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən təlimlər keçirilib. Təlimin məqsədi “Web of Science” elmmetrik bazasına giriş və bazadan istifadə ilə bağlı bacarıq və səriştələrin artırılması olub. 

İnformasiya Texnologiyaları İnstitutunda keçirilən  təlimlərdə  60-a yaxın ali  təhsil  müəssisəsi və elmi-tədqiqat institutunun 150-dən çox nümayəndəsi iştirak edib.

Açılış  mərasimində  Elm və Ali  Təhsil  üzrə  Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev iştirak ediblər.   Tədbirdə  çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova  Elm və Təhsil Nazirliyinin 150-yə yaxın təhsil və elmi müəssisənin “Web of Science” və həmçinin “Scopus” elmmetrik bazalarına çıxışının təmin olunması üçün “Clarivate Analytics” və “Elsevier” şirkətləri ilə müqavilələr bağladığını iştirakçıların diqqətinə çatdırıb.

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli elmin inkişafı üçün elmmetriyanın  rolundan və bu sahədə “Web of Science” bazasının əhəmiyyətdən danışıb.

Daha sonra İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi institut haqqında təqdimatla çıxış edərək bu müəssisənin elmmetriya sahəsinə verdiyi tövhələrdən danışıb.

“Clarivate Analytics” şirkəti tərəfindən 2 gün davam edən təlimlərdə “Effektiv məlumat axtarışı”, “Elmi jurnallarla iş”, “Web of Science” bazasında müəllif və müəssisə profili” mövzuları ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Sonda tədbir çərçivəsində elmi nəaliyyətləri ilə fərqlənən alimlərə Elm və Təhsil Nazirliyi adından fəxri fərmanlar təqdim olunub.

Qeyd edək ki, təlimlərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun əmkdaşları  da iştirak ediblər.

 

edu.gov.az

Faydalı linklər