Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda 2014-cü ilin seminarlarına start verildi.


Bu gün keçirilmiş “Bəzi qeyri-xətti dördüncü tərtib sərhəd məsələlərinin həllərinin qlobal bifurkasiyası” mövzusunda seminarı  giriş sözü ilə institutun direktoru,  fizika-riyaziyyat elmləri doktoru,  professor Misir Mərdanov açıb. Tədbir iştirakçıları 20 Yanvar şəhidlərinin xatirəsini  bir dəqiqəlik sükutla  yad etdikdən sonra BDU-nun Riyazi analiz şöbəsinin əməkdaşı, fizika-riyaziyyat elmləri doktoru  Ziyadxan Əliyev məruzə ilə çıxış edib. Alim-pedaqoq mövzu üzrə əldə etmiş olduğu yenilikləri həmkarları ilə bölüşüb. O, məruzədə dördüncü tərtib qeyri- xətti tamam requlyar Şturm sisteminin lokal və qlobal bifurkasiyasından, xətti məsələnin məxsusi funksiyalarının osilyasiya xassələrinə malik olan və baxılan məsələnin bifurkasiyasının tədqiqində həlledici rol oynayan funksiyalar sinflərinin qurulmasından bəhs edib.
Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. Professor M.Mərdanov qeyd edib ki, seminarların təşkili yeni təşəbbüsdür və elmin inkişafına dəstək məqsədi daşıyır. Fikir mübadilələrinin aparılması, ortaq nəticəyə gəlinməsi və gənc alimlərə yeni ideyaların verilməsi baxımında seminarların təşkil olunması vacib və təqdirəlayiqdir. Məruzəçi qismində yalnız institut əməkdaşları deyil, kənar müəssisələrdən də elm adamları dəvət olunacaq.

Faydalı linklər