Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Akademik Əşrəf Hüseynovun anadan olmasının 110 ili tamam olur


Eshref_Huseynov_sayt

Sentyabrın 20-də müasir Azərbaycan riyaziyyat məktəbinin yaradıcılarından biri, görkəmli riyaziyyatçı alim, qayğıkeş müəllim, yüksək insani keyfiyyətlərə malik humanist insan, elm və təhsil təşkilatçısı akademik Əşrəf Hüseynovun anadan olmasının 110 ili tamam olur. Akademik Əşrəf Hüseynov Azərbaycanda və Keçmiş Sovetlər birliyində sinqulyar inteqrallar və sinqulyar inteqral tənliklər məktəbinin banisi kimi tanınırdı.
Əşrəf İsgəndər oğlu Hüseynov 1907-ci ildə Cəbrayıl rayonunun Əmirvarlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirdikdən sonra 1931-1933-cü illərdə M.Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantı olmuş, 1932-ci ildə məşhur sovet riyaziyyatçısı akademik Andrey Tixonovun rəhbərliyi altında “Potensial nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda namizədlik, 1948-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Onu da qeyd edək ki, o, Azərbaycanda riyaziyyat üzrə ilk elmlər doktorlarından biri olub.
Əşrəf Hüseynov 1939-1965-ci illərdən Azərbaycan Dövlət Universitetinin (indiki BDU) “Funksiyalar nəzəriyyəsi və cəbr”, sonra isə “Funksiyalar nəzəriyyəsi funksional analiz” kafedrasının professoru, müdiri ,mexanika-riyaziyyat fakültəsinin dekanı vəzifələrində çalışmış və riyazi analiz, diferensial tənliklər, inteqral tənliklər, riyazi fizika tənlikləri, həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi və qeyri-xətti funksional analizin müxtəlif məsələlərinə dair xüsusi kurslar-mühazirələr oxumuşdur.
İstedadlı riyaziyatçı 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının (EA) müxbir üzvü, 1968-ci ildə həqiqi üzvü seçilmişdir. 1965-ci ildə akademik Əşrəf Hüseynov Azərbaycan EA Kibernetika İnstitutunun ilk direktoru təyin edilmişdir. 1970-1980-ci illərdə Elmlər Akademiyasının fizika-riyaziyyat və texnika elmləri bölməsinin akademik katibi seçilmişdir.
Azərbaycan riyazityyatçıları Əşrəf Hüseynovun Azərbaycan Dövlət Universitetində qeyri-xətti funksional analiz mövzusunda oxuduğu müxtəlif kursların təsiri altında qeyri-xətti analizlə məşğul olmuşdur. Onun rəhbərlik etdiyi seminarlar həmin sahənin Azərbaycanda inkişaf etməsində böyük rol oynamışdır. Bu seminarlarda qeyri-xətti tənliklərin həllinin budaqlanması nəzəriyyəsi, onların həlli üsulları, kvazi-xətti, parabolik və hiperbolik tənliklər üçün qarışıq məsələlər, sinqulyar operatorların struktur xassələri, qeyri-xətti sinqulyar inteqral tənliklər və analitik funksiyalar üçün qeyri-xətti sərhəd məsələləri nəzəriyyəsi, sinqulyar-inteqral tənliklərin ədədi həlli kimi elmi istiqamətləri yaranmış və inkişaf etdirilmişdir.
Azərbaycan sinqulyar inteqrallar və sinqulyar inteqral tənliklər məktəbinin banisi Əşrəf Hüseynovun ən böyük kəşfi dünya ədəbiyyatında Hüseynov fəzaları adlanan Banax tipli fəzaların qurulmasıdır.
Akademik Əşrəf Hyseynovun rəhbrliyi ilə 30-dan çox namizədlik dissertasiyası müdafiə olunmuşdur. Azərbaycanın görkəmli riyaziyyatçıları Qoşqar Əhmədov, Yəhya Məmmədov, Xalid Muxtarov və Arif Babayevin doktorluq işlərinin məsləhətçisi olmuşdur.
Akademik Əşrəf Hüseynov elmi konfrans və qurultaylarda fəal iştirak edirdi. O, funksional analiz üsullarının qeyri-xətti məsələlərə tətbiqi, yeraltı neftin hidroqaz dinamik məsələlərinin riyazi həlli metodlarına həsr olunmuş ümumittifaq konfransına sədrlik etmişdir. 1960-1965-ci illərdə keçmiş SSRİ-nin Ali və Orta Təhsil Nazirliyi yanında riyaziyyat sahəsi üzrə Metodik Şuranın üzvü olmuşdur.
Akademik Əşrəf Hüseynov indiki MDB ölkələrinin ali təhsil ocaqlarında, Albaniyanın Tirana Universitetində ümumi və xüsusi kurslarda mühazirələr oxumuşdur.
Əşrəf Hüseynov Hüseynov Azərbaycan dilində “İnteqral tənliklər” və “Çoxluqlar nəzəriyyəsi” dərsliklərinin müəllifidir.
Əşrəf Hüseynov elmi-pedaqoji fəaliyyətinə görə bir çox mükafatlarla təltif olunmuş və 1960-cı ildə “Azərbaycanın Əməkdar Elm Xadimi” adına layiq görülmüşdür.
Akademik Əşrəf Hüseynov 1980-ci il avqustun 26-da dünyasını dəyişmişdir.
AMEA Riyaziyyat və Mexanika İnstitutunun rəhbərliyi və kollektivi dünya şöhrətli riyaziyyatçı alim, akademik Əşrəf Hüseynovun xatirəsini daim dərin hörmətlə anır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər