13/10/2017
AMEA Riyaziyyat və Mexanika İnstitutunun gənc alimləri “Qeyri harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru, dos.Səbinə Sadıqova və “Hesablama riyaziyyatı və informatika” şöbəsinin elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Aynurə Cəfərova 2-6 oktyabr tarixlərində Almaniyanın Heydelberq Universitetinin Elmi hesablamalar üzrə Beynəlxalq Fənlərarası Mərkəzində (IWR) keçirilən “Kvant kimyasında riyazi metodlar” adlı konfransda iştirak etmişlər. Qeyd edək ki, hər iki alim Heydelberq Universiteti tərəfindən rəsmi dəvət olunmuşlar.
Bu mərkəz 1987-ci ildə Heydelberq Universitetində elmi hesablamaların fənlərarası sahəsində tədqiqatların aparılması məqsədi ilə mərkəzi elmi tədqiqat institutu kimi yaradılmış, nəzəriyyə və təcrübənin ayrılmaz hissəsinə çevrilmişdir.
Konfransda Səbinə Sadıqova “Freymlər, tətbiqlər və Hardi siniflərində abstrakt misallar”, Aynurə Cəfərova isə “Raka çoxhədliləri üçün yeni rekurrent münasibətlər cütlüyünə əsaslanan yaxın qonşu qarşılıqlı təsirinə malik birölçülü fermion spin zəncirlərində yüksək keyfiyyətli kubit ötrülməsi” mövzularında çıxış ediblər.
Bundan əlavə onlar həmçinin Heydelberq Universitetinin professorları Guido Kanschat, Adreas Dreuw, Plazma fizikasının Maks Plank Institutunun doktoru Katharina Kormann və başqaları ilə elmi müzakirələr aparmışlar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.