08/12/2017
Bu gün AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli riyaziyyatçı alim, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, akademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunan “Riyaziyyat və mexanikanın müasir problemləri” mövzusunda beynəlxalq elmi konfransın bağlanış mərasimi keçirilib.
Əvvəlcə iştirakçılar akademik Akif Hacıyevin həyat və yaradıcılığını əks etdirən sərgi ilə tanış olublar.
Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alimin 80 illik yubileyinə həsr olunan beynəlxalq konfransın uğurla başa çatdığını bildirib. Akademik Akif Hacıyevin mənalı ömür yolundan, zəngin elmi fəaliyyətindən danışıb. AMEA rəhbəri onun Azərbaycanda riyaziyyat və mexanika elmlərinin inkişafında, yüksəkixtisaslı riyaziyyatçı alimlərin hazırlanmasında mühüm xidmətlərindən bəhs edib.
Sonra tədbirdə AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədovun akademik Akif Hacıyevin həyat və elmi fəaliyyəti barədə məruzəsi dinlənilib.
Tədbirdə İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, akademik Yusif Məmmədov, AMEA-nın müxbir üzvü Bilal Bilalov, Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev, Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin dekanı, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Nizaməddin İsgəndərov, Milli Aviasiya Akademiyasının Hüquqşünaslıq kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor İbrahim Quliyev çıxış edərək Akif Hacıyevin sadə və təvazökar insan, böyük riyaziyyatçı kimi xarakterizə edib, alimlə bağlı xatirələrini bölüşüblər.
Daha sonra AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov çıxış edib. Bildirib ki, Akif Hacıyevin Azərbaycanda riyaziyyat elminin və təhsilinin inkişafında, onun zənginləşdirilməsində müstəsna xidmətləri olmuşdur. Riyaziyyat elminin tədqiqi, təbliği və tədrisində yorulmadan və fədakarlıqla çalışan, qəlbində vətən sevgisi, əməllərində xeyirxahlıq, təmənnasızlıq, fikirlərində aydınlıq, sözlərində səmimiyyət, hərəkətlərində alicənablıq mücəssəməsi olan Akif müəllim özünün fitri istedadı, gərgin zəhməti və əməksevərliyi, işinə və peşəsinə vurğunluğu sayəsində elmin və kamilliyin ən uca zirvəsinə yüksəlmişdi.
Professor Misir Mərdanov vurğulayıb ki, akademik Akif Hacıyevin rəhbərliyi ilə Azərbaycanda və Türkiyədə riyaziyyat üzrə onlarla fəlsəfə doktoru və fizika-riyaziyyat elmləri doktoru hazırlanmışdır. Heç də təsadüfi deyil ki, Akif Hacıyevin 80 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfransda iştirak etmək üçün təkcə Türkiyədən 25 alim gəlib. Onlar içərisində onun yetirmələri də var.
Sonda akademik Akif Hacıyevin ailəsi adından çıxış edən Aqil Hacıyev qardaşının xatirəsinə göstərilən yüksək hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.