AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov “Ümumi çəkiyə malik çəkili Smirnov siniflərində Riman məsələsinin həllolunanlığı haqqında” mövzusunda məruzə edib.
Məruzədə məhdud və qeyri-məhdud oblastlarda ümumi şəkilli çəkiyə malik çəkili Smirnov sinifləri təyin olunub. Bu siniflərdə arqumenti hissə-hissə kəsilməz funksiya olan ölçülən əmsallı bircins və qeyri-bircins Riman məsələlərinə baxılıb. Bircins məsələ halında çəki funksiyası üzərinə kafi şərtlər tapılıb (Makenhoupt sinfindən olan çəkilər bu şərtləri ödəyir) və bu halda ümumi həll qurulub.
Qeyri-bircins məsələ halında çəki funksiyası üzərinə Makenhaupt tip şərt qoyulub və çəkili Smirnov siniflərində qeyri-bircins məsələnin həll olunanlığı üçün ortoqonallıq şərtləri tapılıb, məsələnin indeksi üçün düstur verilib. Qüvvət şəkilli çəki funksiyasına nəzərən ayrı-ayrı hallara baxılıb və cırlaşma tərtibi üçün konkret şərtlər tapılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.