11/05/2018
Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal T. Bilalov, “Funksional analiz” şöbəsinin baş elmi işçiləri, professorlar Vəli M. Qurbanov və Araz R. Əliyev Rusiyanın Moskva şəhərində 02-06 may 2018-ci il tarixlərində keçirilən Rusiya Elmlər Akademiyasının akademiki V.A. İlyinin 90 illik yubileyinə həsr olunmuş “Sərhəd məsələləri nəzəriyyəsinin müasir üsulları” adlı beynəlxalq konfransda iştirak ediblər.
Konfransın plenar iclasında AMEA-nın müxbir üzvü Bilal Bilalov “Həyəcanlanmış triqonometrik sistemlərin bazislik xassələrinin isbatı üçün sərhəd məsələsi metodu və onun ümumiləşməsi” mövzusunda məruzəsini təqdim edib.
Beynəlxalq tədbirdə professor Vəli Qurbanov “Adi diferensial operatora uyğun biortoqonal sıranın mütləq və müntəzəm yığılması” və professor Araz Əliyev “Təkrarlanan xarakteristikalı bir sinif üçtərtibli operator-diferensial tənliklər üçün sərhəd məsələlərinin tənlik əmsalları ilə ifadə olunan həllolunma şərtləri” mövzusunda məruzə ilə çıxış ediblər.
Alimlər səfər çərçivəsində akademik Yevgeniy İ. Moiseyev, professorlar Kamil B. Sabitov, Anatoliy M. Sedletskiy, Ziqanur Y. Fazullin, Andrey A. Şkalikov, Aleksandr P. Soldatov ilə elmi müzakirələr aparıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.